Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 1 avqust, Xatirə Cəfərova, AZƏRTAC
Müasir təhsil sistemi elmi nailiyyətlərin tədrisə inteqrasiyasını tələb edir. Universitetlərdə elmi-tədqiqatların inkişaf etdirilməsi müəllim hazırlığının səviyyəsini yüksəldir. Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) də bu sahədə uğurlar əldə edib. Universitetin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov AZƏRTAC-a müsahibəsində ADPU-nun elmi fəaliyyəti, beynəlxalq əlaqələri və kitabxana resursları barədə danışıb.
Prorektor qeyd edib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində alimlərin elmi fəaliyyəti son illər nəzərəçarpacaq dərəcədə yüksəlib: “Xüsusilə yüksək impakt faktorlu jurnallarda azərbaycanlı alimlərin məqalələrinin sayı artıb. Əgər 9-10 il əvvəl bu cür jurnallarda yayımlanan məqalələrin sayı 5-8 arasında dəyişirdisə, hazırda hər il 50-dən çox məqalə beynəlxalq reytinqli jurnallarda dərc olunur. Bu jurnallar “Scopus” və “Web of Science” bazalarında indeksləşdirilən nəşrlərdir. Universitetdə dissertasiya şuraları fəaliyyət göstərir, bu da doktorantların və tədqiqatçıların müdafiə proseslərini asanlaşdırır. Magistrantlara elmi fəaliyyət sahəsində dəstək göstərilir və onların elmi nəşrlərdə çıxış etmələri üçün şərait yaradılır. ADPU-da 7 adda dövri-elmi jurnal nəşr olunur. Mənim rəhbərliyim ilə dərc olunan “Magistrant” jurnalı respublikada bu formatda ilk elmi nəşr olmaqla, ADPU-da fəaliyyətə başlayıb. 2021-ci ildən nəşr olunan “Magistrant” jurnalının artıq 26-cı buraxılışı işıq üzü görüb. Jurnalda yalnız ADPU-nun deyil, ölkənin digər ali məktəblərində təhsil alan magistrantların da məqalələri dərc olunur”.
ADPU-nun fəaliyyətində beynəlxalq əlaqələrin genişləndirilməsi əsas istiqamətlərdən biridir. Türk dünyasının ali təhsil müəssisələri ilə yanaşı, Avropa və ABŞ universitetləri ilə əməkdaşlıq uğurla davam etdirilir. A.Zamanovun sözlərinə görə, xüsusilə ABŞ-ın Corc Vaşinqton Universiteti ilə həyata keçirilən ikili diplom proqramı universitetin beynəlxalq statusunu artırır. Bu proqramda təhsil ingilis dilində aparılır və dərslərin əksəriyyəti həmin universitetin professor və müəllim heyəti tərəfindən tədris olunur.
Magistratura pilləsində ixtisaslaşmaların sayı və keyfiyyəti artır. Təhsil menecerlərinin, monitorinq və qiymətləndirmə, eləcə də marketinq ixtisasları üzrə magistrlərin hazırlanmasında ciddi irəliləyişlər əldə olunub. Professor Asəf Zamanov vurğulayıb ki, ADPU yalnız pedaqoji kadrlar deyil, eyni zamanda təhsil müəssisələrinin rəhbərlərini də hazırlayır: “Əvvəllər yaxşı müəllimlər məktəb direktorları təyin olunurdu, lakin bu yanaşma bəzən məktəbin özünün yaxşı müəllimdən məhrum qalmasına gətirib çıxarırdı. İndi isə təhsilin təşkili və idarə olunması üzrə mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilir”.
Prorektor universitetin qəbul göstəricilərinin də müsbət istiqamətdə dəyişdiyini diqqətə çatdırıb: “Əvvəllər bəzi tələbələr ADPU-ya hətta 150–200 bal nəticə ilə qəbul olunurdular. Bu gün isə universitetə 500-600-dən yuxarı balla qəbul olunan abituriyentlərin sayı artmaqdadır. Bu tendensiya daha hazırlıqlı və motivasiyalı tələbələrin universitetə cəlb olunmasına zəmin yaradır. Bu uğurlar ölkədə müəllim peşəsinə verilən yüksək qiymətin, əməkhaqlarının artırılmasının və ümumi təhsil siyasətinin nəticəsidir”.
ADPU-da perspektivli gənclər doktoranturaya qəbul olunur və daha sonra xaricdə təhsil almaq üçün göndərilir. Bu proses Elm və Təhsil Nazirliyi, ADPU və iddiaçı arasında imzalanan üçtərəfli müqavilə əsasında həyata keçirilir: “Xaricdə təhsil alan bu gənclər dövlət hesabına maliyyələşdirilir və təhsillərini başa vurduqdan sonra ölkəyə qayıdaraq universitetdə fəaliyyət göstərirlər. Bu yanaşma həm ölkənin elmi potensialının inkişafına, həm də milli kadr ehtiyacının ödənilməsinə xidmət edir. Nəticə etibarilə, Azərbaycan Dövlət Pedaqoji Universiteti elmi, pedaqoji və beynəlxalq sahələrdə böyük nailiyyətlərə imza atır. Universitetin strateji planı çərçivəsində gələcəkdə bu fəaliyyətlərin daha da genişləndirilməsi nəzərdə tutulur”.
Asəf Zamanov ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib: “Kitabxana bp şirkətinin və universitetin dəstəyi ilə əsaslı şəkildə təmir olunub. Burada Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi tətbiq olunub. Sistem “Ruslan Neo” proqramı ilə idarə olunur. Sistemə uyğun olaraq tətbiq olunmuş bu proqram vasitəsilə kitabxananın bütün fonduna nəzarət etmək, qeydiyyata alınmış hər hansı vəsaitlə bağlı bütün məlumatların əldə olunması, elektron kitabxanaya giriş, oxucuların qeydə alınması, komplektləşdirmə, kitab işləmə, elektron kataloq, kitabxana xərclərinin hesablanması tamamilə elektron baza ilə idarə olunur. Kitabxanada Nadir kitablar bölməsi də fəaliyyət göstərir və burada tarixi əhəmiyyət daşıyan unikal nəşrlər qorunur. Kitabxana imtahan sessiyaları zamanı saat 09:00-dan 21:00-dək fəaliyyət göstərir, gələcəkdə isə 24 saat işləməsi planlaşdırılır”.
Məşhur “Tarixi-Nadir” kitabı Kitabxana və İnformasiya Mərkəzində mühafizə olunur
ADPU-nun Kitabxana və İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənovanın məlumatına görə, Mərkəz ölkənin ali təhsil müəssisələri arasında ən zəngin kitab fonduna malikdir. Kitabxana oxuculara geniş çeşidli, müxtəlif dildə və formatda ədəbiyyat təqdim etməklə yanaşı, elmi fəaliyyət və tədqiqat işləri üçün də əlverişli mühit yaradır.
Hazırda kitabxananın ümumi fondu 700 mindən artıq nüsxədən ibarətdir. Kitabxanada fəlsəfə və elmlər doktorluğu üzrə 1242 dissertasiya, 17839 avtoreferat, eləcə də 2 498 adda jurnal saxlanılır. Ədəbiyyatların dil bölgüsünə gəldikdə isə, fondun 32 487 nüsxəsi Azərbaycan dilində, 300188 nüsxəsi rus dilində, 14434 nüsxəsi isə digər xarici dillərdədir. Elektron kataloqa daxil edilmiş ədəbiyyatların sayı da nəzərəçarpacaqdır. Belə ki, elektron kataloqda 14500 adda 86 414 nüsxə ədəbiyyat qeydə alınıb. Bu resurslar arasında latın qrafikası ilə 70058 nüsxə, rus dilində 1918 nüsxə, digər xarici dillərdə isə 14438 nüsxə mövcuddur. Oxucu statistikasına əsasən, Kitabxana və İnformasiya Mərkəzindən hazırda 9646 nəfər istifadəçi faydalanır. Onlardan 3203 nəfəri elektron xidmətlərdən yararlanan oxuculardır. Bu göstəricilər ADPU Kitabxana və İnformasiya Mərkəzinin yalnız ənənəvi kitabxana funksiyasını deyil, həm də müasir informasiya və elmi-tədqiqat platforması rolunu uğurla yerinə yetirdiyini göstərir.
Müsahibimiz qeyd edir ki, bu kitabların qorunması, saxlanması və elmi-tədqiqata cəlb olunmaları, dissertasiya mövzuları kimi işlənilmələri çox vacib bir məsələdir. Uzun illər ərzində yalnız ümumi fondun tərkibində saxlanılan bu qiymətli mənbələrin ictimailəşdirilməsi və onların xüsusi qaydada ayrıca fond kimi mühafizəsinin təşkili yalnız son illərdə rektor professor Cəfər Cəfərovun diqqəti sayəsində, o cümlədən aparılan təmir və yenidənqurma işləri nəticəsində kitabxananın sahəsinin genişləndirilməsi, maddi-texniki bazasının gücləndirilməsi hesabına mümkün olub: “ADPU 1921-ci ildə yaradılıb. Universitet yarandığı gündən kitabxana da yaranıb. İlk dövrlərdə kitabxana öz fondunu müəllimlərin mühazirə mətnləri hesabına formalaşdırırdı. Hazırda fondun tərkibi kitab, kitabçalar, elmlər doktoru, fəlsəfə doktoru, magistr dissertasiyaları, avtoreferatlar, dövri-elmi nəşrlər, jurnallar və bir çox çap məhsullarından ibarətdir. Mərkəzin fondunda Azərbaycan, rus, ingilis, fransız, alman, ərəb, fars, türk və bir çox başqa dillərdə kitablar mühafizə olunur. Kitabxana fondunun zənginliyinə, oxucu sayına, nadir və qiymətli kitablara görə ali təhsil müəssisələri arasında öncüllərdəndir. Kitabxananın Nadir kitablar fondunda müxtəlif dövrlərə aid 1000 nüsxəyə yaxın nadir kitab və əlyazmalar qorunur ki, onların da 121 nüsxəsi “Azərbaycan Kitab Abidələri” elektron reyestrində qeydiyyata alınıb, digər kitabların da işlənilməsi məqsədi ilə ADPU-nun peşəkar kitabxanaçıları sahə üzrə mütəxəssislərin cəlb edilməsi ilə intensiv iş aparırlar”.
Direktor bildirib ki, kitabxananın fondunda qorunan ən qədim kitab 1741-ci ildə Sankt-Peterburqda nəşr olunan Rikotanın Osmanlı imperiyasından bəhs edən 278 səhifəlik karton üzlü kitabdır: “Əsər 1957-ci ildə ADPU-nun kitabxanasına daxil olunub. İkinci ən qədim kitabımız 1780-cı ildə nəşr olunmuş “İmperatriça Yekaterina Aleksandrovnanın fərmanları”dır. 564 səhifəlik külliyyat 1725-ildən 1780 ilədək olan dövrü əhatə edir. Eyni zamanda böyük Nizami Gəncəvinin “İsgəndərnamə” və “Sirlər xəzinəsi” poemalarının fars dilində XIX əsrə aid daşbasma üsulu ilə çap olunmuş nüsxələri, habelə lüğətlər, ensiklopedik nəşrlər, bədii ədəbiyyat, fars və ərəb dillərində klassik Şərq ədəbiyyatı nümunələri, Hafizin, Sədinin divanları, “Şahnamə”, XX əsrin əvvəllərində xalqımızın milli maarifçilik hərəkatında aparıcı rol oynamış “Molla Nəsrəddin”, “Füyuzat”, “Dəbistan”, “Tuti” kimi jurnal və məcmuələrin orijinal nüsxələri mühafizə olunur”.
“Bundan başqa hər kəsin maraqla qarşıladıgı fars dilində daşbasma üsulu ilə çap olunmuş məşhur “Tarixi-Nadir” kitabının hicri-qəməri 1320, miladi təqvimlə 1902-ci ilə aid nüsxəsi hazırda mərkəzdə mühafizə olunur. Nadir və qiymətli kitablar, təbii ki, geniş oxucu üçün nəzərdə tutulmayıb. Bu əsərlər tədqiqat mövzusu olduğu üçün xüsusi qaydada müraciət olunur və sonra oxucuya istifadə üçün verilir”, -deyə Zinharə Həsənova fikrini yekunlaşdırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.