AZ

Parlamentari: Orta Dəhlizdə ABŞ-nin iştirakı marşrutun əhəmiyyətini artırır

Azərbaycan ilə ABŞ arasında Orta Dəhlizin inkişafı və bu istiqamətdə daşımaların perspektivləri müzakirə edilib.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.
"ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ilə görüş keçirdik. Görüşdə nəqliyyat, Orta Dəhlizin inkişafı və bu istiqamətdə daşımaların perspektivlərini müzakirə etdik. Eyni zamanda telekommunikasiya, kibertəhlükəsizlik, süni intellekt, kadr potensialının artırılması və ABŞ şirkətləri ilə gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.

Milli Məclisin deputatı Vüqar Bayramov Sherg.az-a deyib ki, Rusiyа-Ukrаynа müharibəsindən sonra Orta Dəhlizə marağın artdığı müşahidə olunur:

"Bir tərəfdən, Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcmi artıb. Digər tərəfdən, həm Şərqdən, həm də Qərbdən daha çox yükün bu marşrutla daşınması müşahidə edilir. Əvvəllər Orta Dəhliz əsasən Çin tərəfindən dəstəklənirdisə, bu gün Avropa İttifaqı da həmin marşrutla yüklərin daşınmasında maraqlı tərəf kimi çıxış edir. Bu isə regionun siyasi əhəmiyyətinin artması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, ABŞ-ı təmsil edən şirkətlər də bu istiqamətdə fəallıq göstərir. Orta Dəhliz vasitəsilə Qərbdən, Şərqdən və ümumilikdə Asiyadan Avropaya daha çox yük daşınmasına ehtiyac var".

Deputatın fikrincə, beynəlxalq yükdaşımalarda iştirak edən və ABŞ-ı təmsil edən aparıcı şirkətlərin bu prosesdə fəal rol alması, Vaşinqtonun da Orta Dəhlizin inkişafında maraqlı olduğunu göstərir:
"Eyni zamanda, ABŞ-la Azərbaycan arasında münasibətlərin inkişafı da nəticə etibarilə nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlıq imkanlarını genişləndirir. Bu da həm əlaqələrin dərinləşməsinə, həm qarşılıqlı tələblərin qarşılanmasına, həm də beynəlxalq yükdaşımalar və digər istiqamətlərdə faydaların əldə olunmasına şərait yaradır".
Seçilən
44
1
sherg.az

2Mənbələr