Bu günlərdə ABŞ prezidenti Donald Trampla Rusiyanın eks-prezidenti Dmitri Medvedyev arasında maraqlı bir söz dueli oldu.
Tramp Medvedyevi “uğursuz prezident” adlandıraraq, dilinə yiyəlik etməsini tövsiyə etdi.
Medvedyev isə ona cavabında son 3 il yarımda dəfələrlə etdiyi kimi, yenə də nüvə zərbəsinə eyham etdi, amma bu dəfə “Qiyamət maşını” adlandırılan “Perimetr” sistemindən danışdı.
Trampın Medvedyevi “uğursuz prezident” adlandırması “onluq”dan dəyən ox kimidir. Gerçəkdən də elədir. Dünyada hamı bilir ki, Mevedyevin prezidentliyi formal bir şey olub, adam, sadəcə, RF-nin baş naziri Vladimir Putinin sərəncamında işləyib, prezident maaşı alıb. Vəssalam.
Bəs Medvedyevin dediyi “Perimetr” sistemi nədir?
Bu sistemi Qərbi Avropa və ABŞ-da “Ölü əl” kimi tanıyırlar. İddia və ehtimallara görə, “Perimetr” sistemi “soyuq müharibə”nin qaynar vaxtında SSRİ-də yaradılıb və hazırda Rusiya tərəfindən istifadə edilən kütləvi cavab nüvə zərbəsinə avtomatlaşdırılmış nəzarət kompleksidir.
Bu, rabitə xətlərinin zədələnə biləcəyi fövqəladə hallar zamanı ali komandanlıq səviyyələrindən komanda postlarına və strateji raketlərin fərdi buraxılış qurğularına döyüş əmrlərinin ötürülməsini təmin etmək üçün nəzərdə tutulub. Başqa sözlə, əgər nüvə müharibəsi zamanı Rusiya tərəfdən raket zərbələrinə cavab vermək üçün ali komandanlığın “nüvə çamadanındakı düymələri basmaq” imkanı olmazsa, sistem avtomatik olaraq işə düşür və düşməni vurur.
Bildirilir ki, “Perimetr” ilkin olaraq tam avtomatik biçimdə dizayn edilib. Kütləvi hücum zamanı o, insanın iştirakı olmadan və ya minimal insan iştirakı ilə adekvat cavab zərbəsi barədə qərar qəbul edə bilər.
Sistemin tərtibatçılardan biri Valeri Yarınıçın sözlərinə görə, sistem həm də ölkənin ali rəhbərliyinin yoxlanılmamış məlumat əsasında tələsik qərar qəbul etməsindən sığorta rolunu oynayır. Raket hücumu xəbərdarlığı sistemindən siqnal alan və cavab hücumu üçün əmr vermək səlahiyyətinə malik olan yüksək vəzifəli şəxslər “Perimetr” sistemini işə salaraq, başqa işlərlə məşğul ola bilərlər. Sistem özü nə lazımsa edəcək.
Bu sistemin mövcudluğunun tərəfdarları hesab edirlər ki, bu, döyüş vəziyyətinə nəzarət edən çoxsaylı rabitə sistemləri və sensorlarla təchiz edilmiş mürəkkəb ekspert sistemdir.
Sistemin işləməsinin başqa bir ehtimal olunan versiyası budur ki, Ali Baş Komandan raket hücumunun ilk əlamətləri barədə məlumat aldıqdan sonra sistem döyüş rejiminə keçir. Bundan sonra sistemin komanda məntəqəsi müəyyən vaxt ərzində döyüş alqoritmini dayandırmaq üçün siqnal almazsa, komanda raketləri buraxılır.
Sistemin tərtibatçılarından biri Valeri Yarıniç “Wired” jurnalına verdiyi müsahibədə “Perimetr” sisteminin iş alqoritmi haqqında aşağıdakı məlumatları təqdim edir:
“Böhran vəziyyətində yüksək rütbəli məmur onu işə salana qədər o hərəkətsiz qalmaq üçün nəzərdə tutulub. Sonra o, nüvə partlayışlarının əlamətləri üçün sensorlar şəbəkəsini - seysmik, radiasiya, atmosfer təzyiqini izləməyə başlayacaq. Cavab zərbəsi endirməzdən əvvəl sistem dörd “əgər”i yoxlamalı olacaq: 1. Əgər sistem işə salınsa, ilk növbədə ölkə ərazisində nüvə silahının istifadə edilib-edilmədiyini müəyyən etməyə çalışacaq; 2. Əgər bu ehtimal doğru olarsa, sistem baş qərargahla əlaqəni yoxlayacaq; 3. Əgər əlaqə alınsa və əks-hücum əmri verə bilən məmurların hələ də sağ olduğu bilinsə, 15 dəqiqə - 1 saat ərzində sistem avtomatik olaraq bağlanacaq; 4. Əgər heç bir əlaqə olmasa, “Perimeter” Qiyamət gününün yetişdiyini güman edəcək və bir çox adi əmr zəncirindən yan keçərək, dərhal təhlükəsiz bir bunkerin dərinliyində olan istənilən şəxsə atış qərarı qəbul etmək imkanı verəcək”.
Bununla belə, “Qiyamət maşını” sisteminin mövcud olması ehtimalının əleyhdarları da var və onlar aşağıdakı arqumentləri gətirirlər:
- Bütün mövcud raket buraxılış sistemi təsadüfi və icazəsiz buraxılışların qarşısını almaq üçün nəzərdə tutulub. Başlatma sistemində heç bir kompüter istifadə edilmir; buraxılışlar, demək olar ki, əl ilə həyata keçirilir. “Qiyamət maşını”nın mövcudluğu bu konsepsiyaya ziddir.
- “Çoxlu rabitə sistemləri və sensorları” olan ekspert sisteminin işləmə qabiliyyəti və etibarlılığı rabitə sistemləri və sensorlardan asılıdır. Bununla belə, rabitə sistemlərinin işləkliyi həm də komanda məntəqələri arasında rabitənin olması deməkdir ki, bu da insanlara maşının köməyi olmadan zərbə ilə bağlı qərar qəbul etməyə imkan verir.
- Bəzi məlumatlara görə, zərbə baş verdikdə, rabitə olmadıqda, raketlərin buraxılması əmri ali rəhbərliyin razılığı olmadan mərkəzi, ehtiyat, səyyar və digər komanda məntəqələrində komandanlıq tərəfindən müstəqil şəkildə verilə bilər.
Göründüyü kimi, bu sistem xeyli dərəcədə mübhəmlik haləsinə bürünüb və belə olması təbiidir. Bu potensial düşməni gərginlikdə, qeyri-müəyyənlikdə saxlamaq, onu radikal qərarlardan çəkindirmək, müəyyən qədər də şantaj etmək məqsədi daşıyır. Düşmən bilməlidir ki, nüvə raketləri ilə “vur-vurum” zarafatı etmək, “birinci vur, aşır” variantına ümid etmək olmaz. Çünki düşmənə ilk zərbə nə qədər gözlənilməz və dəhşətli olsa da, bir yerlərdə “Qiyamət maşını” işə düşəcək və cavab verəcək.
2011-ci ilin dekabrında RF-nin Strateji raket qüvvələrinin komandanı general-leytenant Sergey Karakayev “Perimetr” sisteminin mövcudluğunu təsdiqləyib və döyüş növbətçiliyində olduğunu bildirib. 2018-ci ildə Strateji qaket qüvvələrinin baş qərargahının keçmiş rəisi Viktor Yesin bəyan edib ki, ABŞ-ın “Orta mənzilli nüvə qüvvələri müqaviləsi”ndən mümkün çıxacağı təqdirdə “Perimetr” sistemi təsirsiz olacaq. ABŞ öz raketlərini Avropada yerləşdirə və Rusiyanın raket aktivlərinin böyük hissəsini “Ölü əl”in reaksiya göstərməsinə macal vermədən məhv edə bilər. Sistem işləyəcəksə, Rusiyanın adekvat cavab vermək üçün imkanları az olacaq. "Biz yalnız təcavüzkarın ilk zərbəsindən sağ çıxan raketləri buraxa biləcəyik", -deyən general-polkovnik qalan raketlərin ABŞ-nin raketdən müdafiə sistemi tərəfindən tutula biləcəyini qeyd edib.
Beləliklə, indilikdə müəmmalıdır: Rusiyanın əlində gerçəkdən belə bir “Qiyamət maşını” varmı, varsa, nə dərəcədə effektivdir. Ancaq Medvedyevin kimliyini, özünü lətifə qəhrəmanı kimi aparmasını, “hikkəli sincab” ləqəbi qazanmasını nəzərə alanda, onun dedikləini blef hesab etmək olar.
Ya blef deyilsə... Bax, əsas problem budur.(Musavat.com)