AZ

Göydə görünməyən TƏHLÜKƏ

Son illərdə uçuş zamanı yaşanan sarsıntıların – türbülansların  həm sayı, həm də şiddəti artmaqdadır. Atmosfer alimləri bu təhlükəli tendensiyanın əsas səbəbi kimi iqlim dəyişikliyini göstərir.

News24.az BBC-yə danışan atmosfer alimi Prof. Dr. Paul Williams bildirib ki, 1979-cu ildən bəri açıq hava türbülanslarının sayı 55% artıb. Onun proqnozuna görə, 2050-ci ilə qədər bu göstərici üçqat arta bilər. Türbülansların davametmə müddəti isə 30 dəqiqəyə qədər uzana bilər.

Türbülansların əsas səbəbləri

İqlim dəyişikliyi ilə bağlı olaraq:

temperaturun yüksəlməsi,

külək istiqamətlərinin dəyişməsi

jet axınlarında pozuntulara yol açır və nəticədə uçuş marşrutlarında daha sıx və təhlükəli türbülanslar yaranır.

Təhlükənin ölçüsü

Hər il orta hesabla 35 milyon uçuş həyata keçirilir.

Bu uçuşların 5.000-də şiddətli türbülans yaşanır.

1981-dən bu yana türbülans səbəbilə 4 ölüm hadisəsi baş verib.

2023-cü ildə uçuş zamanı qeydə alınan ağır xəsarətlərin 40%-i türbülansla əlaqəlidir.

Singapur Havayollarına məxsus bir təyyarə 4,6 saniyədə 54 metr hündürlük itirib, nəticədə 1 nəfər həlak olub, 144 nəfər yaralanıb.

Salt Lake City–Amsterdam reysini həyata keçirən Delta Airlines-a məxsus Airbus A330-900 tipli təyyarə güclü türbülansa düşdükdən sonra Minneapolis-St. Paul Hava Limanına təcili eniş edib. Təyyarədəki 275 sərnişin və 13 heyət üzvündən 25 nəfər xəsarət alıb. Yaralananların əksəriyyətinin təhlükəsizlik kəməri taxmadığı bildirilib.

Texnologiya ilə çıxış yolları

Hazırda mütəxəssislər türbülansların qarşısını almaq və təsirlərini azaltmaq üçün müxtəlif texnologiyalar üzərində işləyirlər:

Avstriyalı “Turbulence Solutions” şirkəti, təyyarə qanadlarına əlavə sabitləşdirici sistem hazırlayıb.

İsveçdəki KTH Krallıq Texnologiya İnstitutu süni intellekt vasitəsilə türbülansların əvvəlcədən proqnozlaşdırılması istiqamətində araşdırmalar aparır.

NASA, hava girdablarını aşkar edən xüsusi mikrofonlar sınaqdan keçirir.

Lidar texnologiyası vasitəsilə uçağın ətrafındakı hava axınları 3D şəkildə xəritələnə bilir.

Türbülanslar hər nə qədər görünməz olsa da, artıq aviasiyada real və artan təhlükəyə çevrilib. Təhlükəsizlik kəmərindən istifadə və yeni texnologiyaların tətbiqi sərnişinlərin təhlükəsizliyi üçün əsas vasitə olaraq qalır.

Xeyrənsə  Piriyeva

Seçilən
26
news24.az

1Mənbələr