29 iyul – 4 avqust tarixlərində Moldovanın paytaxtı Kişineu şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Qardaşlaşmış Qarabağ Məktəbləri” VI Yay Düşərgəsi keçirilir.
Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutan düşərgənin təşkilatlçıları “CAM” Azərbaycan Moldova Birliyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Moldova Azərbaycanlıları Konqresi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzidir.
Tədbirdə Azərbaycandan olan şəhid övladları ilə yanaşı, Moldovada yaşayan azərbaycanlı ailələrin uşaqları da iştirak edir.
Proqram çərçivəsində iştirakçılar müxtəlif sahələr üzrə peşəkar təlimlərə qatılacaq, tanışlıq və qrup fəaliyyətləri vasitəsilə yeni bilik və bacarıqlara yiyələnəcəklər. Eyni zamanda, onlar Moldovanın tarixi, mədəni və turistik məkanlarını ziyarət etmək imkanı qazanacaqlar.