Moody’s Ratings beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikasının suveren kredit reytinqini “Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə yüksəldib və proqnozunu “müsbət” kimi dəyərləndirib. Bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.
Hesabat iyulun 4-də dərc olunub və ölkənin uzunmüddətli borc sabitliyini, valyuta ehtiyatlarını və borc yükünün idarəolunan səviyyədə olmasını əsas götürür.
İyunun 13-də isə digər beynəlxalq reytinq agentliyi Fitch Ratings Azərbaycanın kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib, proqnozu isə “sabit” kimi saxlayıb.
S&P Global Ratings isə iyunun 6-da verdiyi qiymətləndirmədə Azərbaycanın reytinqini “BB+/B” səviyyəsində müəyyən edib və proqnozu da “sabit” olaraq dəyərləndirib.
Azərbaycanın kredit reytinqi beynəlxalq bazarlardan borclanma imkanlarına və investor etimadına birbaşa təsir göstərir.
Ölkə hazırda üç əsas reytinq agentliyi – Fitch Ratings (2000-ci ildən), Moody’s (2006-cı ildən) və S&P Global Ratings (2008-ci ildən) ilə əməkdaşlıq edir.
Gülnar Nazimqızı