“Bakı Uşaq və Gənclər Teatrında bir bilsəniz necə böyük zövqlə oynayıram. İki nəfər var ki, orada övladım yaşındadır, digərləri hamısı nəvəm yaşındadırlar. Onlardan o qədər hörmət, məhəbbət görürəm ki, orada işləmək mənə böyük zövq verir. Ürəyimcə olan obrazlarım da var. Həvəslə, ürəklə oynayıram. 77 yaşım var, mən bu yaşa qədər səhnə eşqi ilə yaşamışam. Yoxsa çoxdan ölüb getmişdim. Sənətdən ayrılmağı heç cür ağlıma gətirmirəm. Heç dayanmaq fikrim də yoxdur”

Bunu Moderator.az-a açıqlamasında Bakı Uşaq və Gənclər Teatrının qocaman aktrisası Sovqat Səmədova deyib. O daha sonra həyatda yaşadığı çətinliklərdən danışıb:
“Mən yenə də dünyaya gəlsəydim aktrisa olardım, çünki aktrisa olmaq üçün çox çətinliklərdən keçmişəm, ölümdən qayıtmışam, döyülmüşəm, söyülmüşəm, başıma gəlməyən faciə qalmayıb, amma sənətimdən dönməmişəm. Aktrisa olduğum üçün anam və qardaşım məni öldürmək istəyirdi. O qədər döyüblər ki, məni.. Hətta öyrədib göndərdikləri insan səhnədə mənə hücum da edib. Onlar aktrisa olmağımı istəmirdilər. Aktrisa olduğuma görə 3 il öz yurdumda, öz yerimdə, Şəki şəhərində mənə salam verən olmayıb. İpək zavodunda işləyirdim. Qəpik-qəpik yığıb iş yoldaşıma verirdim ki, mənim yerimə də işləsin, mən teatrda məşqlərə gedim. Yadımdadır, “Muğana Ceyran” mahnısı yeni populyarlıq qazanmışdı, mən də bu mahnını ansambılla birgə oxuyurdum. Anam hardansa xəbər tutub konsertə gəlmişdi. Birdən gözüm sataşdı anama, gördüm ki, qapının küncündə dayanıb mənə baxır. Nitqim kəsildi! Gəlib səhnəyə çıxdı, o vaxt gözəl hörüklərim var idi, saçımı əlinə dolayıb sürüyə-sürüyə apardı məni. Evə çatana qədər sürüdü. Məni kəndirlə bağlamışdı” deyə sənətkar bildirib.

Aktrisa bildirib ki, teatrla nəfəs alır, səhnədə xoşbəxt olur:
“Mən 40 il Şəki Dövlət Dram Teatrında çalışmışam. Çox utancaq qız idim. Ali savadım, diplomum yoxdur. O qədər qorxurdum ki, birdən səsim çıxar, məni teatrdan çıxararlar, ölərəm. Bakıya gələndən sonra sanki dünyagörüşüm də, teatra olan ərkyanalığım da artdı. İntiqam Soltan da teatrımızın yaradıcısıdır. 20 ildir o saxlayır teatrı. Bütün aktyorlara atalıq, qardaşlıq, rəhbərlik münasibəti o teatrda o qədər səmimiyyət, mehribanlıq yaradır ki.. Mən bilmirəm övladımla işləyirəm, ya rejissorumla, yoxsa rəhbərimlə. Həmişə də deyirəm ki, İntiqam Soltan mənim oğlumdur. O qədər bağlıyam ki, teatra.. Məzuniyyəti evdə otura bilmirəm, Şəkiyə qaçıram. Şəkidə bir az o qohumda, bu qohumda oluram, məzuniyyətimi başa vurmayıb yenidən Bakıya qayıdıram. Fikirləşirəm ki, birdən teatrdan qıymayıb çağırmazlar, qoy gedim orada olum. Mən teatrı çox sevirəm. Gözəl rollarım da var. Canım, ciyərimlə bağlıyam bu teatra. Rollarımdan da, işimdən də razıyam. Bu teatrın səhnəsində ölməyə də hazıram. Mən xoş günü, xoşbəxtliyi ancaq teatrda tapmışam. Səhər teatra işə gedəcəm arzusu ilə yaşamışam. Heç xoş günüm olmayıb. Çox ağır, zülmlü həyatım olub. 3 yetim böyütmüşəm. Bədbəxt bir insanam, məni yaşadan sənətdir. Şükür bu günümə. Səhnədən düşəndən sonra ağır, ehtiyaclı həyatdan başqa bir şey görməmişəm. Mənim həyatım bu olub. Mənim çəkdiyim əziyyətləri Allah bilir. Elə günlər olub ki, kipriyim kipriyimin üstünə düşməyib ki, bircə saat yata bilim. Mən övladlarımın gələcəyi üçün çalışmışam. O zülmlə onları böyütmüşəm, sənət vermişəm. Həyatımı övladlarıma qurban vermişəm. Hamı məzuniyyətə çıxıb gedəndə mən yorğan-döşək sırıyıb satmışam, kiminsə evini yığışdırıb, xalça-palazını yumuşam. Hazırda nəvəmlə qalıram. Məni yaşadan səhnədir, səhnə olmasa 100 oğul-nəvə olsa da bu həyatda sağ qalmaram” deyə aktrisa bildirib.