AZ

“Bu səs-küydə evdə oturmaq mümkün deyil” - VİDEO

“İzmir” restoranın yay terrasında musiqi avadanlıqlarını quraşdıraraq, gurultulu tədbirlər keçirirlər. Bu da bizim normal həyatımıza mane olur. Bu səs-küydə evdə oturmaq mümkün deyil”.

Bu şikayətlə “Qafqazinfo”ya Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 33-də yerləşən “İzmir Residence” ünvanında yaşayan sakinlər müraciət edib.

Sakinlər daha öncə dəfələrlə mətbuatda işıqlandırılmasına baxmayaraq problemin öz həllini tapmadığını bildirir, restoran terrasından yüksələn səslərdən gileylənirlər.

Vətəndaşlar eyni zamanda manqal tüstüsünün də onların rahatlığını pozduğunu qeyd ediblər:

“Bu vəziyyət ailələrin və uşaqların, o cümlədən südəmər körpələrin istirahətinə mane olur, təhsil alan şagirdlər fikirini dərsə verə bilmir. Eyni zamanda yaşlı və xəstə insanların səhhətinə mənfi təsir edir”.

Onların sözlərinə görə, restoranla bağlı polisə, prokurorluğa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər icra qurumlarına dəfələrlə şikayətlər edilib:

“Ekoloji ölçmələr nəticəsində səs səviyyəsinin normadan yüksək olduğu sübut edilib. Hətta ötən il Yasamal Rayon Məhkəməsi restoranda saat 23:00-dan sonra musiqi səsləndirilməsini qadağan edib və ümumi səs səviyyəsinin 60 desibeli keçməməsi tələbini qoyub. İddialara görə, indi bu tələb də pozulur.

İyunun 10-da Bakı Apellyasiya Məhkəməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza keçirilməsinə qərar verib. Amma bu günə qədər ekspertiza keçirilməyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168” qaynar xəttinə sakinlər tərəfindən edilən şikayətlər əsasında, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən aparılmış yoxlama nəticəsində insan sağlamlığı üçün təhlükəsiz olan səs-küy səviyyəsinin və atmosferə atılan dəm qazının miqdarının normadan artıq olduğu müəyyən edilib”.

Şikayətlə bağlı İzmir restoranı ilə əlaqə saxladıq. Restorandan bildirildi ki, onlar saat 23:00-a qədər fəaliyyət göstərirlər:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də yoxlama keçirilib. Restoran saat 23:00-a qədər işləyir. Gəlib yoxlaya bilərsiniz”.

İddialarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də sorğu ünvanladıq. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev bildirib ki, “İzmir” restoranından havaya tüstünün və ətrafa səs-küyün yayılması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

O qeyd edib ki, Monitorinq Qrupunun əməkdaşları tərəfindən sözügedən ünvanda keçirilən monitorinq və aparılan ölçmə işləri zamanı atmosfer havasına normadan artıq tullantı atıldığı, eyni zamanda ətrafa yayılan səs-küyün normadan çox olduğu müəyyən edilib:

“Faktlarla bağlı akt, protokol tərtib edilərək obyektin məsul şəxsi Faiq Heydərov 2500 manat məbləğində cərimələnib. Eyni zamanda, nöqsanların qısa müddət ərzində aradan qaldırılması ilə bağlı ona “ekoloji tələb” verilib”.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli saytımıza bildirib ki, qeyd edilən məkanda dəfələrlə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilib vətəndaşları narahat edən hallar aradan qaldırılıb:

“Qeyd edek ki, polis əməkdaşları tərəfindən məişət səs-küyünə qarşı müvafiq mübarizə tədbirləri mütəmadi olaraq həyata keçirilir. Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində, avtomobillərdə və digər ictimai yerlərdə gecə saat 00.00-dan səhər 7-dək səs-küy salan, məişət səs-küyünə qarşı mübarizə tələblərini müxtəlif üsullarla pozan şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur. Nəzərinizə çatdıraq ki, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir”.

"Cebheinfo.az" 

Seçilən
20
3
cebheinfo.az

4Mənbələr