AZ

Bakı: etimad və güvənc ünvanı...

Yaxın Şərqdə silahlar susacaqmı?

Suriya-İsrail görüşündən gözləntilər...

Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi, son dövrlərdə isə sülhyaratma missiyasını həyata keçirən mühüm aktor kimi çıxış edir. Şübhəsiz ki, bunu təmin edən başlıca strateji faktor həyata keçirilən uğurlu daxili və xarici siyasət kursudur. Xüsusilə də, praqmatik xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirib. Təkziblunmaz faktdır ki, müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutur - etibarlı strateji tərəfdaş kimi tanınmaqla yanaşı, beynəlxalq hüquqa söykənən mövqeyi və məsələlərə konkert qarşılıqlı milli maraqlar çərçivəsində baxışı ilə ədalətli hakim statusu qazanıb.

Strateji münasibətlər sisteminin “sərhədləri” genişlənir...

Ölkəmiz özünün çoxvektorlu xarici siyasət platforması ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir - diqqətdən qaçırmaq olmaz ki, postmüharibə dövründə Azərbaycanın yürütdüyü praqmatik siyasət yeni nizamın iqtisadi sərhədləri daxilinə fərqli coğrafiyaları daxil etməkdədir:

- Mərkəzi Asiya regionu TDT üzərindən, eləcə də Zəngəzur dəhlizi və Orta Dəhliz vasitəsilə, paralel olaraq “Bir kəmər, bir yol” layihəsinin ən mühüm tərəfdaşlarından biri kimi yeni iqtisadi-ticari xəttin strateji tərəfinə çevrilib;

- Türkiyə Azərbaycanın səyi nəticəsində əldə etdiyi Şərqin Qərbə “qapısı” statusuna daha da geniş anlam və mahiyyət qazandırıb;

- Qlobal Cənubun Avropa və Qərb regionu ilə əlqələrində yeni ştrixlər yaranıb;

- Xüsusilə rəb dünyası və körfəz ölkələri, eləcə də Aralıq dənizi hövzəsi regionu yeni münasibətlər sistemi formalaşdırır (buna yeni tarix yazır kimi də yanaşma sərgiləmək olar). Bu münasibətlər sistemi isə 100 ildən artıqdır ki, daşlaşmış köhnə, ənənəvi yanaşmaları bloklayır, özündə mühüm prosesləri cəmləyir.

Beləliklə, Azərbaycan həm regional, həm də yaxın coğrafiyalar üzərindən qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi, strateji və təşəbbüsçü dövlət kimi özünə yeni status əldə edir. Azərbaycan artıq regional aktordan qlobal oyunçuya çevrilir - burada 2020-ci il Vətən müharibəsində əldə edilmiş qələbə mühüm rol oynayır.

Konfrantasiyaların başa çatması üçün...

Bununla yanaşı, ölkəmiz beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Dünyada sivilizasiyalararası qarşıdurmaların, müxtəlif humanitar böhranların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir şəraitdə Azərbaycan həm sivilizasiyalararası dialoqun təşviqi və inkişafına mühüm töhfələr verir, həm də sabitliyi, sülhpərvər və tərəqqipərvər mövqeyi ilə nümunə kimi çıxış edir. Ölkəmizin timsalında “sülhün analoqu yoxdur” tezisi özünün əsl mahiyyətinə qovuşur. Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, Bakı bütün anlaşmazlıqların, hətta tarixi düşmənçiliyin belə danışıqlar, ikitərəfli formata malik təmaslar vasitəsilə həllinin mümkünlüyünü faktoloji şəkildə ortaya qoyur. Konfrantasiyaların dialoqla, düşmənçiliyin uzlaşma ilə, fikir ayrılığının milli maraqlar çərçivəsində əməkdaşlıqla əvəzlənməsi Azərbaycan təcrübəsində olduqca vacib məqam kimi ortaya qoyulur. Bu kimi perspektivə, sabitliyə və sosial rifaha əsaslanan cəmiyyətin qurulmasına hədəflənən siyasi xətt birmənalı şəkildə dünya xalqlarına yeni dəyərlər kimi təqdim olunur.

Bakı Yaxın Şərqi sülhə dəvət edir...

Qeyd edildiyi kimi, Azərbaycan bölgənin əsas sülhyaratma mərkəzi kimi bir çox konfrantasiyaların həlli prosesinin “masa arxasına” transferində vacib rol oynayıb, beynəlxalq ictimaiyyət üçün etimad ünvanı olduğunu sübuta yetirib. İndiyə kimi ölkəmiz dəfələrlə bu tipli görüşlərə ev sahibliyi edib. Bakı hələ 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən gərginliyin aradan qaldırılmasında da fəal vasitəçi rolunu oynamışdı. Bundan əlavə, ölkəmiz fərqli siyasi-hərbi qütblər arasında dialoqun baş tutması üçün ən uyğun məkanlardan biri kimi özünü təsdiqləyib. Belə ki, Azərbaycanın paytaxtı Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin görüşlər keçirməsi ölkəmizin strateji dialoq platforması kimi çıxış etdiyini göstərir. Ölkəmiz 2017-2020-ci illərdə  NATO-Rusiya və ABŞ-Rusiya arasında yüksək vəzifəli hərbçilərin 7 görüşünə ev sahibliyi edib. Belə mötəbər görüşlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi beynəlxalq səviyyədə ölkəmizə olan böyük inamın ifadəsidir.

Azərbaycan İsrail ilə Türkiyə arasında yaranmış problemin həllində ölkəmiz vasitəçilik edib. Nəzərə alsaq ki, hər iki ölkə Azərbaycanın yaxın dostu və əməkdaşlıq etdiyi ölkələrdir, Bakı bu danışıqlar masasının qurulması üçün ən uyğun məkan sayılıb. Azərbaycan hələ 2010-cu ildə də İsrail ilə Türkiyə arasında yaranmış gərginliyin aradan qalxmasında vasitəçilik edib və bu vasitəçilik kifayət qədər uğurlu olub. Biz bir daha bütün dünyaya dostlarımızın arasında hansısa gərginliyin olmasını istəmədiyimizi əyani şəkildə göstərərək barışdırıcı siyasət həyata keçirmişik.

Eyni fikirləri Suriya-İsrail arasında təmasların formalaşmasına verilən töhfə barədə də demək olar. Bu mənada, Bakıda İsrail və Suriya nazirlərinin görüşü də təsadüf sayıla bilməz. Xatırladaq ki, bir neçə gün öncə iki tərəf arasında Bakıda görüşün keçirləcəyi haqda məlumatlar yayılmışdı  - bildirilmişdi ki, görüşdə İsrail tərəfini strateji məsələlər naziri Ron Dermer, Suriya tərəfini isə xarici işlər naziri Əsəd əl-Şeybani təmsil edəcək və görüş  Suriyada təhlükəsizliklə bağlı vəziyyətin müzakirəsinə həsr olunacaq.

Həm Təl-Əviv, həm də Dəməşqlə...

Bəli, Bakının bu kimi məsələlərdə ortaya qoyduğu mövqe alqışlanasıdır - Azərbaycan İsrail və Suriya nümayəndələrinin ölkəmizdə görüşünə imkan yaratmaqla iki ölkə arasında gərginliyin aradan qaldırılmasına töhfə verə bilər. Vurğulandığı kimi, İsrail Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biridir. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. Bu gün Azərbaycan və İsrail arasında dostluq və əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsində İsrail Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Ölkələrimiz arasında hərbi sahədə də yaxşı əlaqələr var. İki dövlətin dostluq və əməkdaşlığı yüksələn xətlə inkişaf edir.

Bakının Dəməşq ilə ikitərəfli əlaqələrinə gəldikdə isə, 2024-cü ilin 8 dekabrında baş verən hakimiyyət dəyişikliyindən sonra münasibətlərimiz yeni bir mərhələyə qədəm qoyub. Iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaranıb. On iki illik fasilədən sonra Azərbaycanın Dəməşqdəki səfirliyi fəaliyyətini bərpa edib.

Bir neçə gün öncə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd l-Şaraa ölkəmizdə səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyevlə Suriya Prezidenti arasında geniş tərkibdə görüş olub. Prezident İlham Əliyev Əhməd l-Şaraanın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb edəcəyinə ümidvarlığını bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb. Azərbaycanın Suriyaya qaz ixracı məsələsi yeni, aktual bir mövzu kimi gündəmə daxil olub. Eləcə də, Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olması, Azərbaycanla Suriya arasında humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, ölkəmizin Suriyanın postmünaqişə dövründə bərpa və quruculuq prosesinə öz töhfəsini verməsi kimi mümkün addımlar da proqnozlaşdırılır. Beləliklə, həm İsrail, həm də Suriya ilə əlaqələrin dinamik inkişaf mərhələsində olması Azərbaycanın növbəti sülhyaratma missiyasının da uğurla yekunlaşacağına inamı ifadə edir.

Yeni iqtisadi nizamın təhlükəsizlik “kodu”...

Beləliklə, bütün konturlar Bakının əhəmiyyətini, əməkdaşlıq üçün tam etimad edilən dövlət kimi qəbul olunduğunu göstərir. Müasir çağırışlar çoxtərəfliliyi təbliğ edir - xüsusilə, ticari-iqtisadi münasibətlərin diversifikasiya edilməsi ölkələrarası əlaqələrə rəngarənglik qatır. Azərbaycanın bütün qlobal mühit üçün alternativ enerji və nəqliyyat marşrutu təklif etməklə yanaşı, bu xəttlər üzərində təhlükəsizlik arxitekturasının qurulmasına verdiyi töhfələr də diqqətdən yayınmır -  Bakının siyasi praqmatizmə əsaslanan mövqeyi və regional sülh təşəbbüsləri bütün mənalarda təqdir edilir. Çünki Yaxın Şərqdə silahların susması bütövlükdə dünya miqyasında yeni nizam, yeni çağırışlar, yeni əməkdaşlıq platformaları yaradacaq...

Pərviz SADAYOĞLU

Seçilən
24
yeniazerbaycan.com

1Mənbələr