AZ

Azərbaycan XİN-dən Rusiyaya tarix və diplomatik əxlaq dərsi

Rəsmi Bakı bir səhifəlik açıqlama ilə siyasi darmadağına necə nail oldu?

Xəbər verdiyimiz kimi, Xankəndində vaxtiylə Rusiya sülhməramlı qüvvələri tərəfindən qanunsuz şəkildə inşa edilən erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) heykəlinin sökülməsi Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy tərəfindən absurd şəkildə şərh edilib. Mixail Şvıdkoy baş verənləri “abidə müharibəsi”, habelə, “rus mədəniyyətinin ləğvi” kimi dəyərləndirib ki, bu da açıq-aşkar böhtan və qərəz deməkdir. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Rusiya tərəfinin yalanlarına verdiyi cavab bu baxımdan son dərəcə effektiv və arqumentlərlə zəngindir.

Xatırladaq ki, XİN-nin sözüçsü Ayxan Hacızadə məlum məsələ ilə bağlı açıqlamasında Rusiyanın bu məsələdə haqsız və ədalətsiz mövqeyini konkret faktlarla ifşa edib, heykəlin Azərbaycanın razılığı olmadan ucaldılmasının özünü haqlı olaraq respublikamızın suverenliyinə hörmətsizlik kimi dəyərləndirib. XİN sözçüsü Mixail Şvıdkoyun Rusiya mədəniyyətinin Azərbaycan tərəfindən ləğv edilməsi ilə bağlı açıqlamasını isə sözün həqiqi mənasında dəmir məntiqi ilə darmadağın edib.

Azərbaycanda xeyli sayda rus dilində məktəblərin və nəşrlərin fəaliyyət göstərdiyinə diqqət çəkən XİN sözçüsü, Rusiyada Azərbaycan dilində məktəb və nəşrin olmadığını xatırladıb, bunu haqlı olaraq disparitet kimi dəyərləndirib. Və ən əsası, açıqlamada Azərbaycanın bu dispariteti ortadan qaldırmaq üçün gərəkli addımlar ata biləcəyi də xatırlanıb ki, bu da dövlətimizin sözün həqiqi mənasında mütəqil siyasət yürütdüyündən, heç kimdən çəkinmədiyindən, milli maraqları ilə bağlı məsələdə kimsəyə güzəştə getmədiyindən xəbər verir. Açıqlamada deyilir:

“Cənab Şvıdkoyun guya Azərbaycanda Rusiya mədəniyyətinin “ləğv edilməsi” iddiaları növbəti yalandır. Baxmayaraq ki, bu sahədə iki ölkə arasında ciddi disparitet mövcuddur, Rusiya mədəniyyətini Azərbaycanda heç kim ləğv etməyib. Belə ki, Azərbaycanda rus teatrı, rus dilində məktəblər, rus dilində nəşrlər olduğu halda, Rusiyada Azərbaycan dilində teatr, məktəblər, qəzet və jurnallar mövcud deyil. Bu disparitetə baxmayaraq, biz Rusiyada Azərbaycan mədəniyyətinin “ləğv edilməsi” iddiası ilə çıxış etmirik. Amma, Rusiyanın yüksək vəzifəli rəsmiləri bilməlidir ki, əgər onların anti-Azərbaycan tədbirləri və açıqlamaları davam edərsə, Azərbaycanla Rusiya arasında qeyd edilən disparitetə düzəlişlər edilməsi istisna olunmur”. 

Ayxan Hacızadə  açıqlamasında Azərbaycanın tarixi torpaqlarının adının təhrif edilməsinə də sərt reaksiya verib. XİN sözçüsü xatırladıb ki, hələ 1923-cü ildə Xankəndinin terrorçu Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılması Azərbaycana qarşı ədalətsiz və həqarətli davranış olub. Bu davranışın günümüzdə təkrarlanması – TASS İnformasiya Agentliyi tərəfindəndən Xankəndinin “Stepanakert” adlandırılması yolverilməzdir və əgər bu yanlışlıq aradan qaldırımasa Azərbaycan adekvat addımlar atacaq:

“Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik. Bu kimi hallar təkrarlanarsa, qarşılıqlılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfindən də Rusiya ərazisində bir çox yaşayış yerlərinin öz əzəli adları ilə qeyd edilməsi ilə nəticələnə bilər. 

TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq düzəliş edilməsini gözləyirik. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur”.

Sitatdan da göründüyü kimi, Azərbaycan tərəfi bildirir ki, əgər ölkəmizə qarşı hörmətsiz və həqarətli davranış ortadan qaldırılmasa, o zaman Azərbaycan da Rusiya ərazisindəki bir çox məkanları öz əzəli adı ilə adlandıra bilər. Bu isə çətin ki, Rusiya tərəfindən məmnunluqla qarşılansın.

Bəli, Azərbaycan Rusiya tərəfinin ölkəmizlə bağlı təxribatlarını cəsarətlə ifşa etməkdə, bu təxribatlara layiqli cavab verməkdədir. Bununla yanaşı, bu təxribatlar Azərbaycan daxilindəki milli birlik və həmrəyliyin qorunmasının nə qədər vacinb olduğunu göstərir. Bütün bu proseslər onu deməyə əsas verir ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində olduğu kimi, bundan sonra da öz Prezidentinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdə davam etməli, daim ayıq-sayıq olmalıdır. Yalnız bu formul – milli birlik və həmrəylik, dövlətimizin ətrafında yumruq kimi birləşmək bacarığı bizi gələcək təhlükələrdən xilas edə, bu təhlükələrlə mübarizədən qalib çıxara bilər.

Seymur ƏLİYEV

Seçilən
3
moderator.az

1Mənbələr