AZ

Zəngəzurda son nəfəs: Nüvədi kəndinin tarix və kimlik hekayəsi

Qərbi Azərbaycan mövzusu müasir dövrdə yalnız siyasi aspektdən deyil, eyni zamanda tarixi ədalətin bərpası və milli yaddaşın dirçəldilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra bu məsələ daha da aktuallaşmış, dövlət başçısı cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasına 2022-ci ilin dekabrında etdiyi səfər zamanı irəli sürdüyü konseptual yanaşmalarla ciddi ictimai-siyasi məzmun kəsb etmişdir. Həmin görüşdə Prezident qeyd etmişdi ki, Ermənistandan deportasiya olunmuş azərbaycanlılar arasında Nüvədi kəndi sonuncu məskən olmuş, 1991-ci il avqustunda bu kəndin tamamilə boşaldılması ilə bir tarixi mərhələ başa çatmışdır.

Nüvədi kəndi Azərbaycanın tarixi Zəngəzur bölgəsinin cənub-qərb hissəsində, Araz çayının sol sahilində, İran İslam Respublikası ilə sərhəddə yerləşir. Ən qədim yazılı qaynaqlarda bu kəndin adı 1593-cü ilə aid Osmanlı təhrir dəftərində - İrəvan əyalətinin İsgəndərqalası livasının Masır nahiyəsində 25 azərbaycanlı ailənin yaşadığı yaşayış məntəqəsi kimi qeyd edilir. XIX əsrdən başlayaraq inzibati tabeçilik baxımından dəfələrlə dəyişikliklərə məruz qalan Nüvədi, 1929-cu ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının qərarı ilə Ermənistan SSR-in Meğri (Mığrı) rayonuna verilmiş, bu qərar 1969-cu ildə hüquqi rəsmi sənədlərlə təsdiqlənmişdir.

Nüvədi kəndi bütün dövrlər boyu monoetnik - yalnız azərbaycanlıların yaşadığı bir kənd olmuşdur. 1991-ci ilə qədər burada 300-dən çox ailə (təqribən 1500 nəfər) yaşayırdı. Meğri rayonunun ərazisinin 40 faizini təşkil edən bu kənd Meğridəki azərbaycanlı əhalinin mərkəzi məskəni idi. Kənd əhalisi XX əsrdə üç dəfə - 1905, 1918 və 1988-ci illərdə erməni təcavüzünə və kütləvi zorakılıqlara məruz qalmış, nəhayət, 1991-ci il avqustun 7-də burada sonuncu deportasiya həyata keçirilmişdir.

Ulu Öndər Heydər Əliyev öz çıxışlarının birində bu kəndin tarixi və etnik tərkibi barədə demişdir:

“Meğr rayonunda Nüvədi adlı böyük bir kənd var. Çoxminlik əhalisi olan bu kənd Araz sahilində yerləşir, qədim tarixə malikdir, tamamilə azərbaycanlı kəndidir”.

Bu bəyanat Nüvədinin əsrlər boyu monoetnik Azərbaycan yaşayış məskəni olduğunu və burada azərbaycanlıların dərin mədəni, sosial və tarixi köklərə malik olduqlarını bir daha təsdiqləyir. Eyni zamanda bu çıxış, erməni iddialarının əsassızlığını və Nüvədinin Azərbaycan xalqının milli yaddaşında tutduğu yerin təsbitidir. Heydər Əliyevin bu fikirləri həm tarixi reallığın, həm də torpaqlara qayıdış ideyasının mənəvi-siyasi dəstəyidir.

Nüvədi təkcə ziyalılar, alimlər yetişdirməklə deyil, həm də Vətən uğrunda canından keçmiş igid oğulları ilə tanınır. Bu kəndin övladları XX əsrdən bugünədək müxtəlif dövrlərdə - Qarabağ savaşlarında, sərhəd münaqişələrində və sabitliyin pozulduğu illərdə qəhrəmancasına döyüşmüş, bir çoxu şəhidlik zirvəsinə ucalmışdır. Bu igidlər arasında 1990-cı illərdə şəhid olan Həzrətəli Tairov, Haqani Qurbanov, Orxan Hüseynov və 44 günlük Vətən müharibəsinin gənc qəhrəmanı Rauf İbadov xüsusi ilə yadda qalıb. Raufun timsalında bu kəndin gənclərinin Vətənə bağlılığı, iradəsi və fədakarlığı aydın görünür. O, Polad Həşimovun qisasını almaq üçün könüllü döyüşə yollanmış, Füzuli, Cəbrayıl və Qubadlı uğrunda savaşlarda iştirak edərək şəhid olmuş, bir neçə orden və medalla təltif edilmişdir.

Nüvədi kəndi təkcə sosial-mədəni deyil, həm də strateji-iqtisadi baxımdan əhəmiyyətli mövqedə yerləşmişdir. Araz çayı boyunca ticarət və nəqliyyat əlaqələrinin mühüm qovşağı sayılan kənddə geniş meyvə bağları, nar, üzüm, ərik və digər meyvə plantasiyaları mövcud olmuşdur. Bu sahələrin inkişafında kənd rəhbərlərinin - u meyvə plantasiyalarının salınmasında kənd rəhbərlərindən Aslan Məmmədovun, Yadulla Quliyevin, İnşallah Cəfərovun, Əhmədəli Əliyevin, Məhiş Abbasovun, Cəlal Əliyevin, Həzi Musayevin, Həsən Musayevin, Mayil Amanovun, Nadir Cəfərovun, Məmməd Rüstəmovun və başqalarının böyük rolu olmuşdur. Kəndin 19 min hektar ərazisi vardır ki, onun 16 min hektarı yararlı torpaq sahəsidir. Nüvədi kəndi hər il dövlətə min ton nar, 500 ton üzüm, 100 ton əncir, 16 ton yun, 90 ton ət, orta hesabla hər gün 2 ton süd verirdi” (“Nüvədi axıracan vuruşdu”, “Respublika” qəzeti, 12 fevral 1998- ci il).

2006-cı ildə kəndin adı erməni hakimiyyəti tərəfindən dəyişdirilərək “Nrnadzor” adlandırılmış, azərbaycanlılara məxsus evlər, ictimai binalar və tarixi abidələr dağıdılmışdır. Ermənistan hökumətinin rəsmi məlumatına görə, hazırda kənddə cəmi 133 nəfər erməni yaşayır. Lakin bütün bu dağıntı və zorakılıqlara baxmayaraq, nüvədililər doğma torpaqlarına qayıdış inancını itirməmiş, ətənə, doğma torpaqlarına olan sevgilərini qoruyub saxlamışlar. Təsadüfü deyil ki, Nüvədi kəndi Azərbaycan xalqının tarixi yaddaşının, deportasiyaya qarşı müqavimətinin və milli kimliyinin simvolik ifadəsinə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyev nüvədililərin ana torpaqları üçün apardıqları mübarizəyə görə, “Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır” - demişdir.

Deportasiyanın 30 illiyi münasibətilə 2021-ci ildə keçirilmiş “Nüvədi harayı: Pozulmuş hüquqların bərpası” adlı beynəlxalq elmi-praktik konfransda dünyanın müxtəlif ölkələrindən 500-dən çox alim, politoloq və ictimai xadimin iştirakı ilə bu məsələyə qlobal yanaşma formalaşdırılmışdır.

Tarixi, demoqrafik və siyasi baxımından Nüvədinin elmi tədqiqi təkcə bir kəndin deyil, ümumən Qərbi Azərbaycan probleminin dərindən öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Osmanlı təhrir dəftərləri, Qafqaz təqvimləri, sovet siyahıyaalmaları və Azərbaycan SSR-in inzibati sənədləri əsasında bu kəndin tarixi-mədəni irsinin bərpası və gələcək nəsillərə ötürülməsi dövlətçilik və milli yaddaş strategiyasının tərkib hissəsinə çevrilməlidir.

Nüvədi kəndi azərbaycanlıların tarixən yaşadığı sadəcə bir coğrafi məkan deyil, milli kimliyimizin, erməni zülmünə və tarixi ədalətsizliyə qarşı müqavimət ruhunun simvoludur. Biz tezliklə öz torpaqlarımıza qayıdacağımıza və orada əbədi yaşayacağımıza inanır.

Şəbnəm RÜSTƏMOVA,

Qərbi Azərbaycan Nüvədi İcması

Gənclər Şurasının sədri,

AMEA Mərkəzi Elmi Kitabxanasının elmi katibi

Seçilən
24
1
yeniazerbaycan.com

2Mənbələr