AZ

RUSİYA GÜMRÜDƏKİ HƏRBİ BAZASINI NƏYƏ HAZIRYAIR?– Ermənistan hərbi əməliyyatlara mane ola bilər, amma...

Son həftələrdə Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı hərbi bazasına şəxsi heyət və texnika göndərməsi barədə xəbərlər yayılır. Moskva-Bakı münasibətlərinin "çətin dövründə" bu məlumat Azərbaycan cəmiyyətinin diqqətini cəlb edir.

Məsələyə aydınlıq gətirməyə çalışaq.

Rusiyanın hərbi bazası Ermənistanda müqavilə əsasında fəaliyyət göstərir. Sənədin əvvəlində hərbi bazanın məqsədləri qeyd olunur.

3-cü Protokolda bazada yerləşdirilə biləcək texnika və silahların siyahısı qeyd edilir. Siyahı kifayət qədər sanballıdır və üstəlik, burada aviasiya parkı da var.

Rusiyanın müharibə aparması və silaha ehtiyacını nəzərə alaraq, cari göndərişin iki məqsədi ola bilər:

- 2022-ci ilin fevralından əvvəlki sayın bərpası;

- Texnika və şəsxi heyətin artırılması.

İkinci halda Ermənistan hökuməti texnika və şəxsi heyətin sayının müqavilədə müəyyən edilmiş limitlərə uyğunluğunu yoxlaya bilər (Maddə 13: "Şəxsi heyətin ümumi sayı, silah və texnikanın miqdarı tərəflərin razılaşması ilə müəyyən edilir").

Ermənistan bu göndərişə mane ola bilərmi?

Maddə 18: "Ermənistan tərəfi Rusiya hərbi bazasının hərbi qüvvələrinin Ermənistan Respublikasının dövlət sərhədindən keçməsini təmin edir.

Ermənistan tərəfi Rusiya hərbi bazasına və əks istiqamətə göndərilən yüklərin keçidinə hər cür kömək göstərir və onların öz ərazisində qorunmasını təmin edir. Rusiya hərbi bazasının say tərkibinə daxil olmayan hərbi qüvvələrin Ermənistan Respublikasının ərazisinə daxil edilməsi qərarı tərəflərin birgə razılaşması ilə qəbul edilir".

Yəni, limitləri aşan hər şey ayrıca müzakirə olunur!

Belə çıxır ki, İrəvan bazadakı şəxsi heyət və texnikanın əvvəlki sayının bərpası üçün olan göndərişlərə mane ola bilməz!

Lakin Ermənistan XİN 6 iyulda qısa və çoxmənalı bir bəyanat yayıb: "Ermənistan Respublikası öz prinsipial mövqeyini təsdiq edir: Ermənistanın ərazisi üçüncü ölkələr tərəfindən hər hansı bir qonşu dövlətə qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə edilə bilməz".

Bu nəyə işarədir?

Potensial təhlükə Azərbaycan və Türkiyədən gələ bilər. Amma hal-hazırda de-fakto sülh şəraitində Azərbaycan və Türkiyə tərəfindən heç bir təhdid yoxdur!

Rusiya hərbi bazası yalnız Ermənistan hökumətinin sorğusu əsasında aktivləşdirilə bilər. Bu cür sorğu 2021-ci ildə olub və Rusiya hərbçiləri Azərbaycanla sərhədə yerləşdirilib, lakin sonra sorğu geri çəkilib. Hal-hazırda Paşinyan hökumətindən belə bir sorğu yoxdur.

Bəs Rusiya hərbi bazası Ermənistan rəsmiləri ilə razılaşdırmadan öz resurslarından kiməsə qarşı istifadə edə bilərmi?

Məsələn, Rusiya hərbi əməliyyat aparır və Ermənistandakı hərbi bazanın resurslarından istifadə etmək qərarına gəlir...

Belə halda quru əməliyyatları məhdudlaşacaq, çünki hərbi texnika və şəxsi heyətin bazadan kənara çıxması Ermənistan hökuməti ilə razılaşdırma tələb edir.

Bəs hava hücumları? Bax bu maraqlıdır...

Maddə 17: "Ermənistan tərəfi, Rusiya hərbi bazasının maraqları üçün ərazisi üzərindən uçuşların həyata keçirilməsinə əvvəlcədən təqdim olunmuş müraciətlər əsasında maneə törətmir. Uçuşlar razılaşdırılmış marşrutlar və zonalar üzrə həyata keçirilə bilər ki, bunlar Rusiya hərbi bazasının komandanlığı və Ermənistan Müdafiə Nazirliyi tərəfindən razılaşdırılır".

Razılaşdırma elementi olsa da, müraciətdə nəyin necə yazılacağı ilə Rusiya qırıcılarının faktiki olaraq hara uçacağı arasında fərq ola bilər. Üstəlik, Ermənistan və Rusiyanın HHM sistemi də birgədir.

Belə nəticəyə gəlmək olar ki, Ermənistan hökuməti Rusiyanın Ermənistandakı hərbi bazasına texnika və şəxsi heyət göndərilməsi prosesinə yalnız o halda məhdudiyyət qoya bilər ki, bazadakı faktiki sayın sənədlərdə göstərilən limitlərə uyğunluğunu yoxlamaq təşəbbüsü göstərsin.

Rusiya hərbi bazasının razılaşdırılmamış aktivliyi halında isə Ermənistan hökuməti, əgər iradəsi çatarsa, yalnız quru əməliyyatlarını dayandıra bilər, hava hücumlarını isə yox.

(Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi)

Seçilən
12
2
hurriyyet.az

3Mənbələr