AZ

Rusiya və NATO arasında qalan Ermənistan: Geosiyasi balans pozulurmu?

Sfera.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistanın NATO ilə əməkdaşlığını şərh edib. O, hər iki ölkənin alyansla əlaqələrini dərinləşdirməsi durumunda bunun regiondakı vəziyyətə təsirlərini də nəzərə almalı olduğunu bildirib.

Ermənistanın NATO-ya yaxınlaşması Rusiya ilə münasibətlərə necə təsir edə bilər? Azərbaycan bu prosesə necə yanaşmalıdır?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Ermənistan NATO ilə əməkdaşlığı genişləndirməyə çalışır və bu cəhd Rusiya ilə münasibətlərdə əlavə gərginlik yarada bilər. 

Onun sözlərinə görə, Ermənistan hələ də Rusiya ilə siyasi, iqtisadi və hərbi baxımdan dərin şəkildə bağlıdır:

“Eyni zamanda, KTMT üzvü olan Ermənistanın NATO ilə yaxınlaşması Moskva tərəfindən xəyanət kimi qəbul edilə və nəticə etibarilə Rusiyanın bu ölkəyə qarşı təzyiq vasitələrini artırmasına səbəb ola bilər. Son illərdə İrəvanın KTMT-yə etimadsız yanaşması və bu qurumdan məyusluğu fonunda Ermənistanın NATO ilə münasibətləri dərinləşdirməyə çalışması Kremlin narahatlığını daha da gücləndirir”.

Politoloq qeyd edib ki, Azərbaycan uzun illərdir NATO ilə əməkdaşlıq edir, lakin bu əməkdaşlıq balanslı xarici siyasət çərçivəsində və yalnız hərbi texniki və təhlükəsizlik sahələrində təcrübə mübadiləsi formasında həyata keçirilir. Bakı NATO ilə münasibətlərini genişləndirərkən eyni zamanda Rusiya ilə strateji tərəfdaşlığı qoruyur. Bu, Azərbaycanın neytral mövqeyini və regional sabitliyə töhfə vermək istəyini göstərir.

Z.Qarayevanın fikrincə, Azərbaycan bu məsələdə ehtiyatlı və prinsipial mövqe tutmalıdır:

“NATO ilə əməkdaşlıq çərçivəsində təhlükəsizlik sahəsində təcrübə və bacarıqlarını inkişaf etdirməli, eyni zamanda regionda qarşıdurma yaratmamaq üçün Moskva ilə açıq və şəffaf dialoqu davam etdirməlidir. Bakı üçün əsas prioritet öz müstəqilliyini, suverenliyini və regional balansı qorumaqdır. Bu baxımdan, Azərbaycanın NATO ilə əməkdaşlığı heç bir halda başqa bir dövlətə qarşı yönəlmir və bu xəttin qorunması gələcəkdə mümkün gərginliklərin qarşısını almağa kömək edə bilər”.

Firuzə Əliyeva

Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
sfera.az

2Mənbələr