AZ

TASS ın dil sürüşməsi, yoxsa siyasət fəndi? Xankəndi söz savaşında

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Bəzən bir kəlmə bütöv bir niyyəti, gizli mesajı və ya siyasi mövqeni ələ verir. Rusiya Federasiyasının TASS informasiya agentliyinin “Xankəndi” əvəzinə “Stepanakert” ifadəsini işlətməsi də məhz belə hallardan biridir.

Bu addım siyasi riyakarliq, tarixi həqiqətləri pozmaq cəhdi və Azərbaycanın suveren ərazilərinə qarşı informasiya müstəvisində aparılan təxribatdır.

Azərbaycan torpaqlarında - Xankəndidə baş verən hər bir hadisə, beynəlxalq hüquqa görə, Azərbaycanın daxili işi hesab olunur. Belə bir reallıq fonunda TASS kimi bir dövlət agentliyinin qərəzli terminologiyaya əl atması həm informasiya etikasına, həm də diplomatik davranışa ziddir. Bu addım, açıq-aşkar Ermənistanın illərlə qurmağa çalışdığı saxta tarixi və coğrafi rəyin davamı kimi görünür: "Stepanakert" deyərək, keçmiş separatçı rejimin kölgəsini bu günə daşımaq cəhdidir.

Amma informasiya meydanı da səngərdir. Və bu səngərdə susmaq məğlubiyyət deməkdir. Sevindirici haldır ki, Azərbaycanın rəsmi qurumları dərhal və prinsipial şəkildə bu məsələyə reaksiya verdi. Azərbaycanın Dövlət İnformasiya Agentliyi və Xarici İşlər Nazirliyi mövqeyini qətiyyətlə ortaya qoydu, nəticədə TASS geri addım atmaq məcburiyyətində qaldı və “Stepanakert” ifadəsini dəyişərək “Dağlıq Qarabağ” yazdı.

Bütün bu proseslərə Bakıvaxtı.az-ın vasitəsilə münasibət bildirən Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcidin fikirləri isə məsələnin yalnız terminoloji yox, həm də siyasi-psixoloji tərəflərinə işıq salır.

Onun sözlərinə görə, termin seçimi təsadüfi deyil və TASS agentliyinin son illər Azərbaycana qarşı informasiya manipulyasiyalarına meylli davranışını bir daha ortaya qoyur:

“Rusiyanın TASS agentliyinin ‘Stepanakert’ ifadəsini işlətməsi məncə, cığallıq və acizliyin göstəricisidir. Bu mənada, AZƏRTAC-ın verdiyi operativ reaksiyanı çox yüksək qiymətləndirirəm. Yer adları ilə bağlı həmin xəbərdə istifadə olunan terminlərə dair edilən düzəlişlər də göstərir ki, məsələ agentliyin diqqətinə çatdırılıb və bu, onları düşünməyə məcbur edəcək".

Rəşad Məcid: TASS-da Azərbaycanın əleyhinə olan qüvvələr cığal və primitiv bir yanaşma sərgiləyirlər

Rəşad Məcid vurğulayıb ki, rəsmi qurumların qəti mövqeyi nəticəsində agentlik geri addım ataraq “Dağlıq Qarabağ” ifadəsini işlədib:

“Azərbaycanın rəsmi etirazından sonra TASS agentliyi geri addım ataraq "Stepanakert" yerinə "Dağlıq Qarabağ" ifadəsini işlətməyə başlayıb. Məncə, bu da göstərir ki, orada müəyyən dairələr xüsusilə Qusmanın təqaüdə çıxmasından sonra agentlikdə Azərbaycanın əleyhinə olan qüvvələr cığal və primitiv bir yanaşma sərgiləyirlər.”

Müsahibimiz əlavə edib ki, bu cür hallara qarşı daim ayıq olmaq və prinsipial mövqe nümayiş etdirmək vacibdir:

“Belə proseslərin operativ və prinsipial şəkildə cavablandırılması olduqca müsbət haldır. Hesab edirəm ki, gələcəkdə də bu kimi hallarda rəsmi qurumlarımız indiki kimi vaxtında və qətiyyətlə reaksiya verməlidirlər".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
93
bakivaxti.az

1Mənbələr