Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Rıza Tamer Bakıda "Bihter" restoranında keçirilməsi planlaşdırılan konsertini ləğv edib. O, buna səbəb kimi Türkiyə lirəsinin Azərbaycanda keçərli olmamasını göstərib.
Turkustan.az xəbər verir ki, bu açıqlamasından sonra müğənni həm Azərbaycanda, həm də Türkiyədə sərt tənqidlərə məruz qalıb. Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan məsələyə Tamer yenidən münasibət bildirib.
Müğənni konsertin ləğvindən sonra təhdid zəngləri aldığını deyib. Onun sözlərinə görə, tədbirin keçirilməli olduğu məkanın Sedat Pekərə məxsus olduğu bildirilib və bu səbəbdən təzyiqlə üzləşib.
“Sedat Pekərə sonsuz sayğımı bildirirəm. Sedat abim, bizim Turana əmək verən hər kəsə sonsuz sayğımız var. Əllərindən öpürəm, abim. Azərbaycanda ləğv etdiyim konsert məkanı sənin məkanınmış. Bizə zəng etdilər, belə dedilər. Təhdidlər etdilər. Sedat abi, mən azərbaycanlılara heç bir hörmətsizlik etməmişəm. Getdik ora. Mənə dedilər ki, 50 min dollar verəcəyik, ad günü var, iki mahnı oxuyarsan? Biz də qəbul etmədik. Əsəblərimiz pozuldu, onların otelindən çıxıb başqa bir otelə keçdik, türk pulunun keçmədiyini görəndə isə ölkəmizə qayıtdıq. Azərbaycan xalqına qarşı heç bir hörmətsizliyim yoxdur. Onlar mənim başımın tacıdır. Mən linç olunuram, bu, önəmli deyil. Əgər Sedat abi, sən bunu etdirmirsənsə, yaxud sənin adından istifadə edib başqaları etdiribsə, mən indi İstanbul Göztəpədəyəm. Burada 4 saat gözləyəcəm. Əgər kim isə Sedat Pekerin adından istifadə edib məni təhdid edirsə, gəlsin”. /bakupost.az/