AZ

Floridada NASA ilə Rusiyanın kosmik agentliyi arasında danışıqlar aparılıb

Bakı, 1 avqust, AZƏRTAC

Rusiyanın “Roskosmos” agentliyi bildirib ki, NASA-nın yeni müvəqqəti inzibatçısı Şon Daffi Floridada rusiyalı həmkarı ilə Ayda əməkdaşlıq və kosmik güclərin Beynəlxalq Kosmik Stansiyada (BKS) uzunmüddətli əlaqələrinin saxlanması məsələlərini müzakirə edib.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, ABŞ kosmik agentliyinin Kennedi Kosmik Mərkəzində Şon Daffi və Dmitri Bakanov arasında danışıqlar 2018-ci ildən bəri NASA və “Roskosmosun rəhbərləri arasında ilk təkbətək görüş olub.

NASA iyulun 31-də axşam saatlarında iki rəhbərin görüşü barədə əlavə təfərrüat açıqlamadan bəyan edib ki, kosmosda davam edən əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüş hava şəraitinə görə təxirə salınmış Floridadan BKS-ə birgə astronavt heyətinin buraxılması cəhdi ilə üst-üstə düşüb. Bu, Vaşinqtonun Rusiya ilə ikitərəfli kosmos əlaqələri baxımından əlamətdar bir an olub.

“Roskosmos” özünün “Telegram” kanalında Daffi və Bakanovun görüşünün videosunu yayımlayıb.

Rusiya Kosmik Agentliyi bildirib ki, “tərəflər BKS-də gələcək işləri, Ay proqramları üzrə əməkdaşlığı, dərin kosmosun birgə tədqiqini, digər kosmik layihələrdə qarşılıqlı fəaliyyətin davam etdirilməsini müzakirə ediblər”.

“Roskosmos” və NASA Ay proqramının mahiyyəti və ya dərin kosmos müzakirələri ilə bağlı suallara cavab verməyib. Bu cür danışıqlar iki ölkənin mülki kosmos proqramları arasında münasibətlərdə yumşalmanın siqnalı ola bilər və qlobal kosmik əlaqələrə təsir edəcək.

Seçilən
10
1
azertag.az

2Mənbələr