AZ

Uşaqlar arasında yeni virus yayılıb? - HƏKİM AÇIQLADI

“Son günlər uşaqlar arasında müşahidə olunan səpkilər, qızdırma və halsızlıq halları narahatlığa səbəb olub. Müxtəlif klinikalara və poliklinikalara müraciət edən valideynlərin ən çox verdiyi sual budur: “Uşağımda nə virusudur bu?” Bu virusun əlamətləri parvovirus infeksiyasını (digər adı ilə “beşinci xəstəlik”) xatırladır. Bu infeksiya xüsusilə məktəbəqədər və məktəb yaşlı uşaqlar arasında tez yayılır və valideynlər tərəfindən allergiya ilə qarışdırıla bilər”. Bu sözləri SİA-ya açıqlamasında həkim pediatr Səbinə Məmmədova deyib.

Səbinə Məmmədova sözlərinə belə davam edib: “Əlamətlərə yanaqlarda qızartı (çəhrayı yanaq sindromu), bədən və qarın nahiyəsində səpkilər, az və ya orta dərəcəli hərarət, iştahsızlıq və yüngül halsızlıq daxildir. Bəzi uşaqlarda səpkilər əvvəlcə üzdə başlayır, sonra bədənə yayılır və bu, valideynlər tərəfindən dərman və ya qida allergiyası ilə səhv salına bilər.

Parvovirus hava-damcı yolu ilə asanlıqla yayılır. Uşaq bağçaları, məktəblər və ictimai yerlərdə yoluxma riski daha yüksəkdir. Xəstəliyin inkubasiya dövrü 4–14 gün arasında dəyişə bilər. Bu dövrdə uşaq sağlam görünsə də, virusu başqalarına yoluxdura bilər.

Parvovirus infeksiyası adətən yüngül keçir və spesifik müalicəsi yoxdur. Simptomatik yanaşma tətbiq olunur: qızdırma olduqda qızdırmasalıcı preparatlar, bol maye qəbulu, yataq rejimi və istirahət kifayətdir. Həkim təyinatı olmadan antibiotik istifadəsi qətiyyən məsləhət görülmür.

Uşağın temperaturu 3 gündən çox davam edərsə, səpgilər çoxalarsa, qusma və ya nəfəsalma problemi yaranarsa, həkimə müraciət olunmalıdır. Valideynlər uşaqların şəxsi gigiyenasına diqqət etməli, bağça və məktəblərdə dezinfeksiya tədbirləri gücləndirilməli, uşaqların immunitetini dəstəkləyən sağlam qidalanma və kifayət qədər yuxu təmin olunmalıdır. Bu infeksiya parvovirus ola bilər. Valideynlər səpgili, qızdırmalı hallara qarşı diqqətli olmalı, antibiotiklərə yox, düzgün müşahidə və həkim nəzarətinə üstünlük verməlidirlər”.

Ayşən Vəli

Seçilən
7
sia.az

1Mənbələr