AZ

Allahın evində oğurluq: İnamı sarsıdan əllər... Sadəcə ibadət yox, davranış nəzarəti və tərbiyə də önəmlidir

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Bakı Dövlət Universitetinin tələbə şəhərciyi ərazisində yerləşən İlahiyyat məscidinin ikinci mərtəbəsində gecələyən bir vətəndaşın pulları oğurluq yolu ilə əldən çıxarılıb. Və bu hadisəyə görə artıq məhkəmə hökmü də var. Amma bu hökm sadəcə bir cinayətə verilmiş cəza deyil, bir xalqın mənəviyyatına, dini inancına vurulan zərbənin də səsi kimi eşidilməlidir.

Məscidlər təkcə ibadət üçün deyil, ruhi sığınacaq, insanların bir-birinə güvənlə yanaşdığı məkandır. Orada insanlar özlərini təhlükəsiz hiss etməlidir. Allahın evinə girən bir insan cibini yoxlamaq, əşyasını qorumaq barədə düşünməməlidir. Əks halda, bu yerlər artıq inancdan çox ehtiyatın və qorxunun hökm sürdüyü məkana çevrilər.

Bu hadisə təkcə bir şəxsin əmlakına edilən təcavüz deyil, bir cəmiyyətin mənəvi sütunlarını sarsıdan davranışdır. Bu cür hallarda insanlar deyir: “Əgər məsciddə belə oğurluq baş verirsə, daha hara güvənək?”

Əslində bu cür hadisələr dinə qarşı deyil, o dini təmsil etdiyini iddia edib onun prinsiplərinə zidd hərəkət edənlərə qarşı nifrət doğurur. Unutmaq olmaz ki, din özü heç bir günahkarın yanında deyil, amma din adı altında bu cür hadisələr baş verəndə bütün bir inanc sisteminə kölgə düşür.

Əgər biz öz əməllərimizlə insanları dindən uzaqlaşdırırıqsa, bu günahın ölçüsü təkcə hüquqi yox, mənəvi baxımdan da çox ağırdır.

Din insanın daxilini təmizləyən, onu daha mərhəmətli, dürüst və ədalətli edən dəyərlər sistemidir. Əgər bu dəyərlərin qorunacağı yer olan məscidlərdə oğurluq baş verirsə, bu artıq sadəcə bir cinayət deyil, ictimai etimad böhranıdır.

İmamların, axundların, məscid rəhbərlərinin və ümumən dini təbliğatla məşğul olanların üzərinə böyük məsuliyyət düşür. Sadəcə ibadət yox, davranış nəzarəti, əxlaqi tərbiyə və ümumi təhlükəsizlik də önəmlidir.

Bu hadisə ilə bağlı hökm oxunub, qanun yerini tapıb. Amma bu kifayət deyil. İctimai vicdan da bu məsələyə münasibət bildirməlidir. Hər birimiz ətrafımızda belə halları təkcə qınamamalı, niyə baş verdiyini və necə qarşısını almaq lazım olduğunu da düşünməliyik.

Allahın evində oğurluq edən, təkcə bir adamın cibinə deyil, toplumun inancına əl atmış olur. Belə hallara səssiz qalmaq isə oğurluğun ikinci mərtəbəsi sayılır.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
bizimyol.info

1Mənbələr