AZ

“İmişli”nin yeni transferi: “Baş məşqçimiz haqda yazılanlar bizi maraqlandırmır”

“İmişli”nin yeni transferi Hüseynəli Quliyevin Futbolinfo.az-a müsahibəsi

– Söhbətə ötən mövsümdən başlayaq. Hansı səbəblər sabiq klubunuz “Səbail”in Premyer Liqanı tərk etməsinə gətirib çıxartdı?

– Bir klub yüksək liqanı tərk edirsə, deməli, hər kəsin səhvi var. Yəni sırf hansısa şəxslərlə məhdudlaşdırmaq olmaz, hamı bu mövzuda günahkardır.

– “İmişli”yə keçidinizlə bağlı nə deyə bilərsiniz? Başqa təklifləriniz də var idi? Nəyə görə bu variantı üstün tutdunuz?

– Başqa variantlarım da var idi. Ancaq daha çox oynaya biləcəyim kluba keçmək istədim. “İmişli” ilə müqavilə bağladığım üçün xoşbəxtəm.

– “İmişli” Premyer Liqaya hazırlıq çərçivəsində növbəti yoxlama oyununu “Karvan-Yevlax”a qarşı keçirdi. Həm bu görüş (1:2), həm də hazırlıq prosesi haqda fikirlərinizi bildirərdiniz…

– Düzdür, “Karvan-Yexlax”a məğlub olduq, ancaq bu, hazırlıq prosesinin əvvəlidir. Hələ düzəltməli olduğumuz şeylər var. İnanırıq ki, mövsümün startına qədər çatışmazlıqları aradan qaldıra biləcəyik.

– Premyer Liqaya qayıtdığı ilk ildə “İmişli”nin hədəfi nə olacaq? Komanda neçənci yerlər uğrunda mübarizə aparacaq gücdədir?

– Qarşımıza hər hansı bir yeri tutmaq hədəfi qoyulmayıb. Amma biz özümüz komandanın yaxşı yerlərdə olmağı üçün əlimizdən gələni edəcəyik. Klubun məqsədi isə Azərbaycan futboluna xeyir verməkdir.

– “İmişli” rəhbərliyinin baş məşqçi postuna yerli mütəxəssis deyil, o qədər də tanınmayan Xorxe Kaskilyanı gətirməsi birmənalı qarşılanmadı. Onunla bağlı ilkin təəssüratınız necədir? Məşqçi kimi özəlliyi nədir?

– Hər bir futbolçunun bu məsələyə peşəkar yanaşması lazımdır. Yəni Xorxe Kaskilya haqda mediada yazılanlar bizi maraqlandırmır. Hazırda komandamızın məşqçisi odur və onun tapşırıqlarını yerinə yetirməliyik.

– “Səbail”in Premyer Liqadan düşməsinə baxmayaraq, ötən mövsüm çoxlu kritik seyvlərlə yadda qalmışdınız. “İmişli”nin heyətində yeni mövsümdə daha yaxşı performans göstərə biləcəksiniz?

– Ötən mövsümdə meydanda əlimdən gələni etdim. İnşallah, bu mövsüm də iştirak etdiyim hər bir oyunda maksimum gücümü ortaya qoyacağam və fərdi məşqlərlə çatışmayan cəhətlərimi düzəltməyə çalışacağam.

İdman.biz

Seçilən
15
1
idman.biz

2Mənbələr