AZ

Azərbaycanda qadınların idmanına dəstək: Balans necədir? 

İdman fiziki güc, əzm və rəqabət deməkdir. Ancaq bu sahə, bütün potensialına baxmayaraq, hələ də cinsi ayrı-seçkilikdən tam azad ola bilməyib. 

Qadınlar və kişilər idmanla məşğul olmaq üçün eyni hüquqlara malik olsalar da, reallıqda onlar üçün yaradılan imkanlar, tanınma səviyyəsi, maliyyələşmə, təmsilçilik və sosial dəstək arasında ciddi fərqlər qalmaqdadır. 

Bu bərabərsizlik təkcə idmanda deyil, eyni zamanda cəmiyyətin qadınlara və onların ictimai rollarına yanaşmasının da göstəricisidir. pizza

Tarixi baxımdan idman sahəsi əsasən kişi üstünlüyünə əsaslanan bir müstəvidə inkişaf edib. Uzun illər ərzində qadınların idman yarışlarında iştirakı ya qadağan olunub, ya da ciddi məhdudiyyətlərlə üzləşib. Bu gün isə, bir çox beynəlxalq arenalarda qadın idmançılar uğur qazansa da, onların sayı, dəstəklənmə səviyyəsi və ictimai dəyərləndirilməsi kişilərdən geri qalır. 

Problem yalnız idman meydanlarında deyil, həm də onun ətrafında – media əhatəsi, sponsorluq, təlim şəraiti və rəhbər vəzifələrdə təmsilçilik kimi sahələrdə də özünü göstərir.

Azərbaycanda da vəziyyət fərqli deyil. Son illər qadınların idmana marağı artsa da, bir çox hallarda bu maraq ailə, cəmiyyət və iqtisadi faktorlarla qarşılaşaraq yarımçıq qalır. 

Xüsusilə də ənənəvi düşüncə tərzi və "zərif cins" anlayışı, qadınların sərt və rəqabətli idman növlərinə yönəlməsinə əngəl yaradır. Hələ də bir çox ailələrdə “qadın üçün idman uyğun deyil” kimi düşüncələr hökm sürür. Halbuki qadınların da kişi idmançıları kimi uğur qazanmaq potensialı var və bu potensialı reallaşdırmaq üçün bərabər şərtlər yaradılmalıdır.

Dövlətin idman siyasətində müəyyən dəstəklər olsa da, qadınların sayının aşağı olması, onların karyera qurmaqda və beynəlxalq yarışlarda iştirak etməkdə çətinlik çəkməsi, gender balansının təmin olunmadığını göstərir. 

Gender bərabərliyi yalnız hüquqi sənədlərdə deyil, real həyatda – məşq zallarında, yarış meydanlarında və federasiyaların qərar otaqlarında da əksini tapmalıdır.

Bu kontekstdə təkcə qadınların deyil, cəmiyyətin bütün təbəqələrinin, o cümlədən idman mütəxəssislərinin, medianın və dövlət qurumlarının məsuliyyəti var.

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən Avropa çempionu, idmançı və aktyor Şükran Sultanov bildirib ki, son illərdə qadınların idmana marağı artsa da, hələ də kişilərlə müqayisədə ciddi say fərqi qalmaqdadır:

“Hazırkı vəziyyətə nəzər salsaq, ümumən idman sahəsində qızların sayı ildən-ilə artır. Bu artımı adi fitnes zallarında da müşahidə etmək mümkündür. 

Hətta son vaxtlar qadınların boks kimi sərt idman növlərinə marağı da artsa da, beynəlxalq yarışlarda iştirak edən qadın idmançıların sayı çox azdır. Çünki peşəkar idman böyük fədakarlıq tələb edir və xanımlar üçün bu imkanı yaradan faktorlar azdır”.

O, qadınların idmana tam şəkildə yönələ bilməməsinin əsas səbəblərindən birini cəmiyyətin mentalitet yanaşmasında görür:

“Bizim cəmiyyətdə qadınlar “zərif cins” kimi qəbul olunur. Bu isə onların idmanda tam təmsil olunmalarına mane olur. Keçmiş düşüncələr hələ də yaşayır. Halbuki 21-ci əsrdə bu kimi məsələlərin artıq arxada qalmalı olduğunu düşünürük. Hələ də elə ailələr var ki, qızlarının idmanla məşğul olmasına qarşı çıxır. 

Əgər bir qadın sırf idmana yönəlmək istəyirsə, gərək digər bütün məsuliyyətlərini, qayğılarını bir kənara qoyub, bu işə tam fokuslansın. Amma bizim qadınlarımız həm ev, həm uşaq, həm də ailə qayğılarını çəkməli olur. O qədər qadın var ki, əgər idmana başlasaydı, bəlkə də bu gün ölkəmizi beynəlxalq arenalarda təmsil edəcəkdi”.

Onun fikrincə, dövlət idmançılara dəstək göstərir və bu dəstəyin qadın-kişi fərqi yoxdur:

“Mən öz təcrübəmdən deyə bilərəm ki, beynəlxalq yarışlara qatıldığım zaman dövlət tərəfindən dəstəksiz qalmamışam. Düşünürəm ki, xanım idmançılara da eyni qayğı göstərilir. Sadəcə olaraq bu sahəyə yönələn qadınların sayı azdır. 

Əgər sayı çox olsaydı, biz də yarışlarda digər ölkələr kimi geniş qadın komandaları ilə çıxış edərdik. Baxırsan ki, xarici ölkələrdən gələn komandanın yarısı xanımlardan ibarətdir. Bizdə isə bu say olduqca azdır. Bu isə həm idman, həm də cəmiyyət baxımından çox üzücü bir haldır”. 

Aydan Hacı 

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.   


Telegram kanalımız
Seçilən
14
yenisabah.az

1Mənbələr