Politoloq Yeganə Hacıyeva İranın yarımrəsmi “Mehr” informasiya agentliyinin onu aldadaraq, xəbəri olmadan spiker kimi təqdim etdiyini bildirib.
Hafta.az xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında yazıb. Yeganə Hacıyeva bildirib ki, “Mehr” agentliyi tərəfindən Zəngəzur dəhlizi mövzusunda keçiriləcək konfransla bağlı paylaşılan məlumatlarda onun da spikerlər siyahısında yer aldığı göstərilib.
Politoloqun sözlərinə görə, bu, tamamilə onun xəbəri və razılığı olmadan baş verib:
“Dünən Facebook dostlarımın paylaşdıqları məlumatlardan öyrəndim ki, planlaşdırılan konfransda mənim də iştirakım nəzərdə tutulur və adım spikerlər siyahısında yer alıb. Bu, mənim üçün gözlənilməz idi. Bəyan edirəm ki, adım həmin siyahıya məndən xəbərsiz və şərti şəkildə əlavə olunub”.
Politoloq əlavə edib ki, sadəcə Zəngəzur dəhlizi ilə bağlı “Mehr” agentliyinə video müsahibə verib, lakin həmin video materialın beynəlxalq forum çərçivəsində səsləndiriləcəyi barədə onun məlumatı olmayıb və bu, əvvəlcədən onunla razılaşdırılmayıb.
Yeganə Hacıyeva artıq “Mehr” agentliyinə və müsahibəni götürən jurnalistə yazılı etiraz məktubu göndərdiyini, adının spikerlər siyahısından çıxarılmasını tələb etdiyini bildirib:
“Bütün bunları nəzərə alaraq, bundan sonra “Mehr” informasiya agentliyi ilə müsahibə və şərh vermək kimi mövcud əməkdaşlığımı dayandırıram”.
Qeyd edək ki, “Mehr” agentliyi İranın hakim dairələrinə yaxınlığı ilə tanınır və dəfələrlə Cənubi Qafqaz regionu ilə bağlı təhrif olunmuş məlumatların yayılmasıyla gündəmə gəlib.