AZ

UEFA reytinqi: Azərbaycan Rusiyanı geridə qoydu

Avrokuboklarda 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

Arena.az xəbər verir ki, bu həftənin yekunlarına əsasən, Azərbaycan UEFA reytinqində həm əmsallarını artırıb, həm də mövqeyini yaxşılaşdırıb.

Belə ki, ölkəmiz reytinqdə Rusiyanı qabaqlayaraq 28-ci pillədə möhkəmlənib. Hazırda Azərbaycanın əmsalı 18,750-dir.

Cari mövsümdə qazanılan əmsal isə 1,625-ə yüksəlib. Ukrayna (19,225) 27-ci, Rusiya (18,299) 29-cu sıradadır.

Xatırladaq ki, bu həftə Azərbaycan təmsilçilərindən “Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin Bakıdakı cavab oyununda İrlandiyanın “Şelburn” kollektivini minimal hesabla üstələyib – 1:0. Səfərdə rəqibini üç cavabsız qolla yenmiş “köhlən atlar” növbəti raundda Şimali Makedoniya təmsilçisi “Şkendiya” ilə üz-üzə gələcəklər.

“Sabah” Avropa Konfrans Liqasında Moldovanın “Petrokub” komandasına şans verməyib. Səfərdə 2:0 hesablı qalibiyyyət əldə etmiş “bayquşlar” ötən gün evdə 4:1 hesablı qələbəyə seviniblər və 3-cü təsnifat mərhələsinə adlayıblar.

Konfrans Liqasındakı digər təmsilçimiz “Araz-Naxçıvan” Yunanıstanda “Aris”lə bərabərə qalıb – 2:2. Bu, Bakıda qalib gəlmiş (2:1) Naxçıvan təmsilçisinin növbəti raunda vəsiqə qazanmasına kifayət edib.

“Zirə” isə Xorvatiyadakı qarşılaşmanın əlavə vaxtında “Hayduk”a uduzub – 1:2. Bakıda rəqibi ilə bərabərə qalmış (1:1) “qartallar” avrokuboklarda mübarizəni dayandırıblar.

Qeyd edək ki, “Sabah” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Levski” (Sofiya), “Araz-Naxçıvan” isə Kiprin “Omoniya” komandası ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, reytinq cədvəlinə İngiltərə (94,839) başçılıq edir. İtaliya (84,374) ikinci, İspaniya (78,703) üçüncü, Almaniya (74,545) dördüncü, Fransa isə (67,748) beşincidir.

Seçilən
26
6
arena.az

9Mənbələr