AZ

Yaşıl enerjiyə keçid hansı ekoloji təhlükələri önləyəcək?

Ölkəmiz bu sahədə qlobal əhəmiyyətli layihələrə sahibdir

İndi inkişaf etmiş ölkələrin enerji siyasətindəki  strateji hədəfləri  ənənəvi enerji resurslarından (neft, qaz, kömür və s.) asılılığı azaltmaqla, bərpaolunun enerji istehsalını artırmaqdır. Burada əsas məqsəd ekoloji təmizliyi yüksəltmək və insan sağlamlığını qorumaqdır. Əslində, bərpaolunan enerjiyə keçid həm də yaşıl enerjiyə keçiddir. Ölkəmiz uzun illər neft və qaz ehtiyatları ilə tanınıb və bu gün də dünyaya neft və qaz ixractında önəmli yer tutur. Lakin bununla belə, son 15 ildə Azərbaycanda bərpaolunan enerji istiqamətində önəmli layihələr həyata keçirilib. İndi Azərbaycan dövləti gələcək nəsillər üçün dayanıqlı və ekoloji baxımdan təmiz həyatın formalaşdırılmasını özünün strateji vəzifəsi hesab edir.

Bəs ümumilikdə bəşəriyyəti  bərpaolunan enerjiyə keçidə sövq edən  hansı qlobal təhlükədir? Məlumdur ki, iqlim dəyişmələri bu gün dünya dövlətlərinin qarşısında duran ən ciddi təhlükələrdən biridir. Hətta ötən gün qlobal istiləşmənin ilk işarıtıları bir çox ölkələrdə maksimum dərəcədə hiss edildi. Xüsusən İranda, Türktyədə və bəzi ərəb ölkələrində temperatur 50-55 dərəcəyədək yüksəldi. Ən qəribəsi isə odur ki, adətən orta iqlim dərəcəsi 35-i keçməyən Avorpa ölkələrində, xüsusən Fransa və İspaniyada da temperatur 45 dərəcəyə çatdı. Bütün bunların qarşısını almaq üçün bərpaolunan enerjiyə, bir sözlə, yaşıl enerjiyə keçid zərurəti qaçılmazdır. Əks halda, atmosferdəki qaz çirklənməsinin artması daha ciddi təhlükələr vəd edir.  

Yaşıl enerji ilə bağlı ölkəmizin irəli sürdüyü və dəstəklədiyi təşəbbüslər təkcə daxili ekoloji gündəmlə məhdudlaşmır, həm də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Məhz  qlobal hədəflərə hesablanmış bu siyasətin məntiqi nəticəsi olaraq ölkəmiz ötən ilin payızında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)ev sahibiyi etmişdir. Bu, nəhəng beynəlxalq tədbir ölkəmizin yaşıl enerji istiqamətindəki fəaliyyətinə verilən ən yüksək dəyər idi. Bununla da bir daha məlum oldu ki, sözügedən tarixi sessiya ölkəmizin iqlim dəyişmələri ilə mübarizəyə verdiyi töhfələrin, yaşıl enerji sahəsində  atdığı konkret addımların beynəlxalq miqyasda qəbul edilməsi deməkdir. Dünyanın tanınmış ekoloqları və iqtisadçıları hesab edirlər ki, COP29-un Bakıda keçirilməsi ölkəmizin nailiyyətlərinin təqdimatı üçün bir fürsət idi. Bu konfrans Azərbaycanın yalnız enerji təchizatçısı kimi deyil, həm də ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf sahəsində təşəbbüskar, məsuliyyətli tərəfdaş kimi formalaşmasına təkan verəcək.

Xüsusilə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi bu sahədə aparılan siyasətin ardıcıl xarakter daşıdığını göstərir. Sərəncam  yalnız 2024-cü il deyil, sonrakı illər üçün də strateji əhəmiyyət daşıyır. Burada dayanıqlı iqtisadi inkişaf, təmiz ətraf mühitin qorunması, yaşıl artımın təşviqi və rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması kimi əsas prioritetlər müəyyən olunmuşdur. Həmin təşəbbüs, eyni zamanda, beynəlxalq ictimaiyyətə ünvanlanan çağırışdır,  planetin qorunması uğrunda mübarizədə milli səylərlə yanaşı, beynəlxalq həmrəyliyin vacibliyini vurğulayır. Bir sözlə, Azərbaycan yaşıl enerjiyə keçidi sivilizasiya dəyərlərinə əsaslanan humanist hərəkat kimi təqdim edir.

Təbii ki, iqlim böhranının qlobal təhlükəyə çevrildiyi bir dövrdə təkcə çağırışlara qoşulmaq kifayət etmir. Əsas məsələ real təhlükələrə yönəlik çağırışlara cavab verməkdir. Məhz bu kontekstdə Azərbaycan ekoloji sabitlik və iqlim dəyişmələri ilə mübarizə sahəsində konkret təşəbbüslər irəli sürən, praktiki layihələr reallaşdıran önəmli  ölkə qismində çıxış edir. Respublikamızın iqlim diplomatiyası və yaşıl enerjiyə keçid siyasəti ilk növbədə onun daxili bərpa və inkişaf strategiyası ilə uzlaşır. Belə ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları hazırda sadəcə infrastruktur baxımından deyil, eyni zamanda. ekoloji və texnoloji cəhətdən sıfırdan qurulan unikal mənzərədir. Bu ərazilərdə «ağıllı şəhər», «ağıllı kənd», «yaşıl enerji zonası» kimi konsepsiyalar əsasında icra edilən layihələr nəinki region, bütün dünya üçün yeni model ola bilər. Ölkəmiz 2050-ci ilə qədər bu əraziləri sıfır tullantı zonasına çevirməyi hədəfləyir. Bu isə enerji transformasiyası, texnologiya tətbiqi və dayanıqlı inkişaf baxımından irimiqyaslı strateji yanaşmadır.

Bu gün ölkəmizin yaşıl enerji layihəsi qlobal enerji bazarına yönəlmiş kompleks yanaşma ilə müşayiət olunur. Belə ki, Yaşma Elektrik Stansiyası Azərbaycanın bərpaolunan enerji tutumunu artırmaqla yanaşı, texnoloji müstəqilliyini də gücləndirəcək. Cəbrayıl Günəş Elektrik Stansiyası isə BP şirkətinin birbaşa sərmayə qoyduğu 240 MVt-lıq layihədir və Azərbaycanın beynəlxalq investorlar üçün etibarlı tərəfdaş olduğunu təsdiqləyir. SOCAR ölkəmizdəki müəssisələrdə təbii qazdan istifadənin azaldılması üçün elektrik kabellərinin dəniz platformalarına birləşdirilməsini planlaşdırır. Həmçinin Azərbaycandan Avropaya yaşıl enerjinin nəqli üçün Qara dənizin dibi ilə sualtı kabelin tikintisi layihəsi də gündəmdədir.  Bu kabel layihəsi Azərbaycanın istehsal etdiyi yaşıl enerjini beynəlxalq bazarlara çıxarmağı hədəfləyir.  

Bütün bunlara rəğmən söyləmək olar ki,  Azərbaycan «yaşıl enerji» mövzusunu beynəlxalq aləmdə nəinki təbliğ edən, hətta tətbiq edən bir ölkədir. Prezident İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşü zamanı bu barədə demişdir: «Biz ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara vermişik. Beləliklə, yaşıl gündəliyimiz həqiqətən çox genişdir. Eyni zamanda, mənim mesajım, ev sahibi olan Azərbaycanın mesajı ondan ibarət idi ki, biz həmin məsələyə realist və praqmatik yanaşmalıyıq. Hamımız anlayırıq ki, biz planeti qorumalıyıq. Lakin ətraf mühit böhranına ən çox rəvac verənlər, yəqin ki, bu yükü öz üzərinə götürməlidirlər. İqlim dəyişmələri ekzistensional əhəmiyyət daşıyan, inkişaf edən kiçik dövlətlərə gəldikdə, onlara güclü dəstək lazımdır. Biz bunu planlaşdırırdıq və etməyə çalışırdıq. İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə bağlı xüsusi sessiyamız oldu. Azərbaycan ən az inkişaf etmiş ölkələrdə iqlim dəyişmələri məsələlərinin həlli üçün xüsusi fonda 10 milyon ABŞ dolları ayırdı. Lakin düşünürük ki, siz faydalı qazıntıları diqqətdən kənarda qoya bilməzsiniz. Çünki yaxın gələcəkdə onlarsız dünya yaşaya bilməz, iqtisadiyyat işləyə bilməz, təyyarələr uça bilməz və hər bir şey dayanar. Beləliklə, biz reallığın bu tərəfini də görməliyik».

Bundan başqa, respublikmız hidrogen enerji istehsalı və ixracı üzrə aparıcı ölkələrlə - Birləşmiş Ərəb Əmirliklərinin «Masdar», Norveçin «Equinor», Böyük Britaniyanın BP və «KBR» şirkətləri ilə əməkdaşlıq edir. Adıçəkilən əməkdaşlıqlar çərçivəsində iki istiqamət üzrə layihələr müzakirə olunur. Birincisi dənizdə quraşdırılmış külək turbinləri ilə alınan elektrikdən istifadə etməklə dəniz suyunun elektrolizi prosesidir. Digəri isə  mavi hidrogendir ki, burada hasil olunan təbii qazdan emal vasitəsilə hidrogenin ayrılması nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, qaz-hidrogen qarışığının nəqli olduqca çətin, texnoloji və iqtisadi baxımdan mürəkkəbdir. Bu səbəbdən SOCAR həm də birbaşa Avropa ölkələrindəki satış bazarlarında hidrogen layihələrinə sərmayə yatırmağı alternativ layihə  kimi görür. Bu yanaşma Azərbaycanın qlobal enerji transformasiyasında texnologiya və innovasiya tərəfdaşı olmaq iddiasını ortaya qoyur. SOCAR, həmçinin dekarbonlaşmaya nail olmağı qarşısına məqsəd qoyub. Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 1990-cı illə müqayisədə 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmağı planlaşdırır. Bu öhdəliklər BMT-nin Paris Sazişinə sadiqliyin və iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə fəal iştirakın bariz nümunəsidir.

Elçin Zaman, «İki sahil»

Seçilən
8
ikisahil.az

1Mənbələr