AZ

Dövlət rəmzləri satış obyekti ola bilərmi? Temu nun dəsmalları tənqid hədəfində

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son günlər sosial şəbəkələrdə yayılan görüntülərdə beynəlxalq onlayn satış platforması "Temu"nun Azərbaycan bayrağı və manat motivli dəsmallar satdığı diqqət çəkib. Məsələ dərhal ictimai qınaqla qarşılanıb, bir çox istifadəçi bu addımı “dövlət rəmzlərinə hörmətsizlik” kimi qiymətləndirib. Maraq doğuran sual isə budur: bu satış qanunla qadağandırmı?

Azərbaycan bayrağı yalnız rəmz deyil, hüquqla qorunan dəyərdir. Azərbaycan Respublikasının Konstitusiyası, Cinayət Məcəlləsi, eləcə də “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun bu cür hallara birbaşa hüquqi qiymət verir. Belə ki, dövlət rəmzlərinə hörmətsizlik cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən, "Azərbaycan Respublikasının Dövlət bayrağına, Dövlət gerbinə və ya Dövlət himninə ictimai şəkildə açıq-aşkar hörmətsizlik edilməsi 500 manatdan 1000 manatadək cərimə və ya üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Dəsmallar sanitar-təmizlik məqsədilə istifadə olunan əşyalardır və üzərində bayraq, manat və ya dövlət atributlarının yerləşdirilməsi bu kontekstdə rəmzə təhqir xarakteri verə bilər. “Dövlət Bayrağı haqqında” Qanunun 7-ci maddəsində deyilir: "Azərbaycan Respublikasının Dövlət Bayrağından reklam, ticarət nişanı və digər kommersiya məqsədilə istifadə edilməsinə yol verilmir."

Bu o deməkdir ki, bayraq motivinin satış məqsədilə malların üzərinə yerləşdirilməsi qanuna ziddir, istər yerli, istərsə də xarici platformalarda bu kimi hallara qarşı dövlət hüquqi ölçü götürə bilər.

"Temu" platforması Çin mənşəlidir və fəaliyyət sahəsi beynəlxalq olsa da, onun üzərində yerləşdirilən malların hüquqi qiymətləndirilməsi sifarişçinin yaşadığı ölkənin qanunvericiliyinə uyğun aparılır.

Bu o deməkdir ki, əgər Temu üzərindən Azərbaycan ərazisinə qanunla qadağan olunan simvolları daşıyan məhsullar sifariş olunursa, Gömrük Komitəsi bu malları saxlayaraq ölkəyə buraxmamaq hüququna malikdir. Eyni zamanda aidiyyəti dövlət qurumları məsələn, İqtisadiyyat Nazirliyi və ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, bu məhsulların satışı ilə bağlı Temu rəhbərliyinə rəsmi müraciət göndərə bilər.

Sosial şəbəkələrdəki narazılıqlar hüquqi ölçü götürülməsi üçün zəmin yaradır. Dövlət orqanları bu məsələ ilə bağlı ictimai narahatlığı əsas tutaraq, “dövlət rəmzlərinin təhqir olunması” və ya “qeyri-qanuni kommersiya məqsədilə istifadəsi” halları üzrə rəsmi qiymətləndirmə və tədbir görə bilər.

Bayrağın təmizlənmə vasitələrində, dəsmallarda, ayaqaltılarda istifadəsi yalnız estetik deyil, hüquqi və mənəvi cəhətdən də qəbuledilməzdir. Bu kimi hallar yalnız cəmiyyətin deyil, dövlətin də sərt münasibətini tələb edir.

Dövlət rəmzlərinə hörmət yalnız ictimai duyğularla deyil, həm də qanunla təmin olunmalıdır. İctimai sükut belə hallarda susqunluq deyil, qəbul kimi yozula bilər. Bu səbəbdən də cəmiyyətin reaksiya verməsi, medianın mövzunu gündəmdə saxlaması və müvafiq orqanların ölçü götürməsi milli dəyərin müdafiəsi baxımından vacibdir.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
bizimyol.info

1Mənbələr