Bu gün ölkədə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Ümummilli Lider Heydər Əliyev 2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzalayıb. Fərmanın imzalanmasından sonra hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu tarixi gün ölkəmizdə dilə göstərilən yüksək dövlət qayğısının, milli mənsubiyyətə verilən önəmin rəmzidir.
Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə "Report"a müsahibə verən Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova dilimizin müasir vəziyyəti, termin yaradıcılığı, dilin qorunması və normativliyi istiqamətində görülən işlər, eləcə də qarşıda duran vəzifələr barədə danışıb.
- Sayalı xanım, hər il avqustun 1-i respublikada Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu günün təsis edilməsi Azərbaycan dilinin tətbiqinə təsir edirmi?
- Ölkəmizdə dövlət dili olaraq Azərbaycan dilinin inkişaf etdirilməsində, onun saflığının qorunmasında, ictimai həyatın bütün sahələrində işlək dilə çevrilməsi istiqamətində dövlət səviyyəsində mühüm işlər aparılır. Ulu Öndər tərəfindən imzalanan Fərman dilimizin tətbiqi işinə stimul verib, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, ədəbi-mədəni irsimizə ehtiramı rəsmiləşdirib. Beynəlxalq aləmə daha yaxın olan yeni latın qrafikasının qəbulu milli dəyərlərimizin daha geniş dairədə tanınmasına şərait yaradıb.
Zamanında qəbul edilmiş bu qərarda Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya - latın qrafikalı Azərbaycan əlifbasına keçidi təmin edib. Dillə bağlı dövlət siyasətinin mühüm mərhələsi latın qrafikalı Azərbaycan əlifbasına keçidlə səciyyələnib. Yeni əlifba layihəsinin hazırlanması və Azərbaycan dili haqqında qanun layihəsinin tərtib olunması işi ilə yanaşı, latın qrafikalı yeni əlifbaya keçidin, Azərbaycan dilinin daha fəal işlədilməsinin, habelə onun ictimai və başqa funksiyalarının genişləndirilməsinin təmin edilməsi istiqamətində mühüm işlər görülüb.
Latın qrafikalı müasir Azərbaycan əlifbaya keçildin, Azərbaycan dilinin fonetik xüsusiyyətlərinə uyğun gəlməsi üçün çalışmış AMEA-nin müxbir üzvü Afad Qurbanovun təşəbbüsünü xüsusilə vurğulamaq lazımdır. A.Qurbanov əlifbanın müxtəlif variantlarını hazırlayıb və onları hazırlayarkən beynəlxalq təcrübəni əsas götürüb.
- Hazırda Komissiya hazırda hansı yeni terminlərin işlənməsi və ya təsdiqlənməsi üzərində işləyir?
- İctimai-siyasi həyatda, sosial cəmiyyətdə baş verən dəyişikliklər, diplomatik əlaqələrin genişlənməsi, yeni elm sahələrinin yaranması və inkişafı milli dillərdə terminologiyanı zənginləşdirir. Bu zənginləşmə müasir dövrdə ayrı-ayrı elmlər arasında qarşılıqlı əlaqələrin və təsirlərin tendensiyasını gücləndirir. Baş verən dəyişikliklər yeni terminlərin yaranmasını şərtləndirir, nəzəri biliklər yeni anlayış və terminlərlə ifadə olunur və əsas təfəkkür forması terminlər vasitəsi ilə reallaşır. Bu nəzərə alınaraq Terminologiya Komissiyasında elm sahələrində yeni yaranan terminlər müzakirə edilir. Xüsusilə, son dövrlərdə informatika, aviasiya, logistika, hüquq sahəsi ilə bağlı terminlər müzakirə olunub. Qəbul edilmiş yeni terminlər “Terminologiya məsələləri” jurnalında nəşr olunur. Yeni terminlərin yaranması və müzakirəsi Terminologiya Komissiyasında müxtəlif elm sahələri ilə bağlı bölmələrdə mütəmadi olaraq davam etdirilir.
- Bəzi sahələrdə (texnologiya, hüquq, tibb, idman) beynəlxalq terminlərin tərcüməsində qeyri-dəqiqliklər ictimai narazılıq doğurur. Bu sahədə nə kimi işlər görülür?
- Dünya dillərinin qarşılıqlı əlaqədə inkişafı beynəlmiləl terminlərdə daha qabarıq müşahidə olunur. Tələbata uyğun olaraq terminlərin alınıb işlədilməsi dillərin lüğət tərkibinin zənginləşməsində mühüm rol oynayır. Hazırda ingilis dilindən alınan beynəlmiləl terminlər inkişaf etmiş dilləri zənginləşdirir. Elmlərin, xüsusilə ictimai-siyasi elmlərin qərbdə inkişafı yeni yaranan terminlərin ilkin olaraq bu dildə yaranmasına səbəb olur. Bu terminlər dünya dillərinin elmi terminologiyasına daxil olduğuna görə beynəlmiləl terminlərin əsas hissəsini Avropa mənbəli terminlər təşkil edir. Avropa mənbəli terminlər Azərbaycan dilinə ingilis dilindən alınır. İngilis dilindən alınan beynəlmiləl terminlər Azərbaycan dilinin qaydalarına uyğun olaraq yazılır.
- Mediada terminoloji normaların pozulması hallarına rast gəlinirmi?
- Bəli, mediada alınma terminlərdən daha çox istifadə olunur. Azərbaycan dilində qarşılığı olan terminlər əvəzinə alınma terminlər işlənsə də, işləklik qazanmır. Terminlərin düzgün yazılmaması halları da müşahidə olunur.
- Reklamlarda dilimizlə bağlı hansı səhvlər müşahidə olunur?
- Reklamların dili sadə, gündəlik danışıq dilimizdə olmalıdır. Təəssüf ki, alınma terminlərə daha çox üstünlük verilir. Orfoqrafik qaydaların pozulması, eləcə də üslub səhvləri ilə bağlı qüsurlar narazılığa səbəb olur.
- Tədbirlərin birində qeyd etmişiniz ki, Nəsimi adına Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb. Sizcə, buna səbəb Azərbaycan dilində tədqiqat işlərinə marağın az olmasıdır?
- Qeyd etdiyim kimi Nəsimi adına Dilçilik İnstitutunda "Azərbaycan dili və Türk dilləri” ixtisası üzrə yerlər boş qalır. Buna səbəb doktoranturaya qəbul zamanı ingilis dilindən tələb olunan keçid balının toplanmamasıdır. Bu dili mənimsəyən tələbələr keçid balını toplayaraq dil nəzəriyyəsi ixtisasına qəbul olurlar. Filologiya, şərqşünaslıq, eləcə də digər ixtisasları bitirənlər keçid balını toplaya bilmədiyinə görə doktoranturaya qəbul ola bilmirlər və həmin yerlər boş qalır. Ona görə də Azərbaycan ədəbi dilinin tarixini, mənşəyini, formalaşmasını, inkişafını tədqiq edən kadrlarımız demək olar ki, çox azdır.
Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Bu dili ilə bağlı tədqiqatlara daha çox üstünlük verilməlidir. Bu sahə ilə bağlı tədqiqatların aparılmasına gənclərin marağı böyükdür. Təəssüf ki, doktoranturaya qəbul və minimum imtahanlarından keçə bilməyənlər tədqiqatlarını davam etdirə bilmirlər. Deməli, ingilis dilində tərtib edilən testlərin səviyyəsi bu ixtisası bitirənlərin bilikləri səviyyəsindədir. İngilis dilindən imtahan verilməsi vacibdir. Lakin sualların səviyyəsi narazılıq doğurur. Nəzərə almaq lazımdır ki, ingilis dili ixtisas fənn olmadığına görə bütün ali məktəblərdə eyni səviyyədə tədris edilmir.
- Cəmiyyəti maraqlandıran məsələ həm də adlarla bağlıdır. Son illər hansı yeni adların qoyulmasına icazə verilib?
- Yeni adların yaranması dildə davam edən prosesdir. Bu prosesi daima izləmək, onları toplamaq zəruri vəzifələrdəndir. Xüsusilə lüğətlərdə adların orfoqrafiyası nəzərə alınmalı və müxtəlif variantlarda tələffüz olunan adlar vahid qaydada yazılmalıdır. Qanunvericiliyə əsasən, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın qoyulmasına yol verilmir. Ona görə də adların qoyulması ictimai bir hadisə kimi nəzarətdə saxlanılır. Hər bir kəsə ad verilərkən qanunvericilik əsas götürülməlidir.
Qeydiyyat idarələrində şəxs adlarının mənası və orfoqrafiyası ilə bağlı problemlərə Adlar və soyadlar Komissiyası tərəfindən nəzarət edilir. Hazırda qeydiyyat idarələrində adların verilməsi və yazılışı ilə bağlı problemlər öz aktuallığı ilə seçilir. Bu nəzərə alınaraq Terminologiya Komissiyasında “Azərbaycan şəxs adları” lüğəti tərtib edilib. Lüğətdə 12 mindən artıq şəxs adının mənası, mənşəyi və orfoqrafiyası müəyyənləşdirilib. Lüğətin birinci bölməsində kişi, ikinci bölməsində isə qız adlarının mənası, mənşəyi şərh olunub. Belə lüğətlərdə milli şəxs adlarının mənzərəsi daha dolğun, daha aydın əks olunur.
- Son illərdə valideynlərin övladlarına əcnəbi (əsasən ərəb, türk və ingilis) adların verilməsi hallarına da rast gəlinir. Komissiya bu tendensiyanı necə qiymətləndirir?
- Təcrübə göstərir ki, düzgün seçilməyən hər bir ad insana cəmiyyətdə mənfi təsir edir, onu başqalarının yanında utandırır. Ad insana bir dəfə verilməli və bütün ömrü boyu onu müşayiət etməlidir. Ona görə də hər bir ad seçilərkən ciddi düşünülməli və uğurlusu seçilməlidir. Onun səslənməsi, ahəngdarlığı, sadəliyi və mənası diqqət mərkəzində olmalıdır.
- Ad və soyad dəyişdirmə hallarında artım müşahidə olunurmu? İnsanlar daha çox hansı səbəbdən adını dəyişmək istəyir?
- Qeyd olunduğu kimi, şəxs adlarının əsas xüsusiyyətlərindən biri ictimai yerlərdə, iş prosesində, nitqdə başqa sözlərə nisbətən daha çox işlənməsidir. İnsanlar adla bir-birinə müraciət edirlər. Hər bir xüsusi ad milli xüsusiyyətə malik olub, şəxsin hansı millətə aid olduğunu özündə ifadə etməlidir. Lakin valideynlər tərəfindən qoyulan adların dəyişdirilməsi ilə bağlı qeydiyyat idarələrinə daha çox müraciət olunur. Bu il bununla bağlı 300-dən çox müraciətə baxılıb. Gülüş doğuran, mənası aydın olmayan, orfoqrafik cəhətdən səhv yazılan bu adlar qeydiyyat idarələri tərəfindən dəyişdirilib.
- Qəbul olunmayan adlara aid illik statistika aparılırmı? Mümkünsə, son məlumatları verərdiniz.
- Adın seçilməsində əsas məsuliyyət ata və ananın üzərinə düşür. Buna görə də ad seçmə valideynlərin məsuliyyətini daha da artırır. Çünki valideynlər tərəfindən düşünülməmiş qoyulan adlar, sonradan övladlar tərəfindən dəyişdirilməsinə səbəb olur. Bunun mənfi nəticəsi uşaq boya-başa çatandan sonra daha çox diqqəti cəlb edir. Ad seçmə məsələsinə etinasız yanaşmaq uşaqların həyatına mənfi təsir edir. Təəssüf ki, bir sıra valideynlər müqəddəs vəzifələrini, borclarını unudaraq aşağıdakı adları övladlarına verirlər: Stəkan, Şüşəbənd, Türmə, Candərd, Kəniz, Kündə, Külək, Məlumat, Meyxoş, Qaçmaz, Bütöv, Rəzil, Şikayət.
- Azərbaycan və xarici vətəndaşların nikahından doğulan uşaqlara həm Azərbaycan, həm də digər dillərdə - ikili adlar qoymaq istəyi ilə bağlı komissiyaya müraciətlər olurmu?
- İkili adların qoyulması ilə bağlı qeydiyyat idarələrinə müraciət olunur. Azərbaycan dilinin orfoqrafik qaydalarına uyğun olaraq iki şəxs adının birləşməsindən əmələ gəlmiş adlar bitişik yazılır: Balahüsən, Məhəmmədəli, Əbdüləziz, Əliheydər, Həsənəli, Cəfərqulu, Qulamhüseyn, Nurzaman, Nəsibəli, Rzapaşa, İbrahimxəlil, Rzasəməd, Əbdüllətif və s.