AZ

Yeni etalon – “Sabah”!

Bəlkə də iddia etmək tezdir, ancaq “Sabah”ın yeni etalon yaratdığı görünməkdədir. Son 10 ilə damğasını vuran “Qarabağ”ın dominantlığına alternativ təklif edə biləcək bir-iki ad var, lakin onlarda sistematiklik görünmür. “Sabah” məhz sistemli şəkildə böyüyür və təkhakimiyyətliliyi pozacaq real namizəddir.

Bu yolda “bayquşlar” əsas bir detalda fərqlənir. Əksər klublarımız komandalaşa bilir, lakin klublaşa bilmir. “Sabah” isə tam əksinə – əvvəlcə klublaşdı…

Son üç ildə məxsusi brendinqini yaratmaq, imicini formalaşdırmaq yolunda ən çeşidli addımları məhz bu klub atmışdı. Paralel olaraq, subyektivimcə, Murad Musayevin gəlişiylə yüksək səviyyəli komanda olmaq yolunda da addımlayırdılar. Lakin bu addımlar obyektiv və subyektiv səbəblərdən səndələməli olurdu…

Əsas məsələ o idi ki, bu eniş-yüksəliş trayektoriyası klub rəhbərliyi üçün də təcrübə oldu.

Yunq deyib ki, səhvləri təcrübəyə çevrilən proses müsbət nəticə verəcək.

“Sabah” artıq ikinci ildir ki, avrokubok yolunda inamla irəliləyir…

Musayevlə qoyulan komandalaşma ənənəsi klub üçün də böyük təcrübə formalaşdırdı və Krunoslav Renduliçlə emosional sabit olmayan təcrübə bir də indi – Dambrauskas seçimi ilə yola davam etdi. Bu, “Sabah” üçün emosional qeyri-sabitliyin praqmatikliklə əvəzləndiyinin göstəricisidir.

Dambrauskas dörd avrokubok oyunun hər birində daha da inkişaf etmiş futbol təklif etdi. 40 gün ərzində komandanı fiziki və funksional hazırlamaq və nəticə vermək çətin məsələdir.

“Çelye” ilə yüksək səviyyəli oyunlar, çatışmazlıqları dəf edərək “Petrokub”la səfərdə və evdə dominant futbol sərgiləmək…

“Sabah” Konfrans Liqasının III mərhələsində “Levski”ni ələyəcək – rəylərin, proqnozların əksəri bu yöndədir. Səbəb yuxarıda qeyd olunan arqumentlərdədir.

Onsuz da son illər “futuristlər”in ölkə çempionu olacağını iddia edənlər çox idi, ancaq bu mövsüm hələ başlar-başlamaz “Qarabağ”la çempionluq mübarizəsində ən çox “Sabah”ın adı çəkilir.

Əvvəlki emosional eniş-yoxuşların indi o qədər zərərli ola bilməyəcəyini düşünənlər daha çoxdur.

Hərçənd, komandalaşmaqdan çox, klublaşmanı bərqərar edən “Sabah”ın həssas yerlərindən biri də bu iki məfhum arasında vəhdəti qura bilməsi məsələsidir. Böyümək yolunda həllinə ehtiyac olan ən böyük məsələ budur…

Kamil Əhməd

Seçilən
10
futbolpress.az

1Mənbələr