ain.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vətəndaş Anar Məmmədov Kapital Bankı vətəndaş hüquqlarını pozmaqda ittiham edərək məhkəməyə müraciət etməyə hazırlaşır.
AzPost xəbər verir ki, vətəndaş 2022-ci ildə anasının vəfatından sonra qanuni vərəsə olaraq yalnız 2 min 200 manat məbləğində – mərhumun əmək haqqının üç misli həcmində vəsait aldığını bildirir. Lakin sonradan mərhumun bank borclarına görə ona qarşı 3 min 200 manatlıq məhkəmə qərarı çıxarılıb.
Anar Məmmədov iddia edir ki, bu məbləğin əlavə min manatı onun əldə etmədiyi vəsaitdir. “Anam dünyasını dəyişdikdən sonra işlədiyi idarə bu vəsaiti Kapital Bankdakı əməkhaqqı kartına köçürüb. Bank isə bu məbləği birbaşa kredit borcuna yönəldib. Halbuki həmin pul mənim əlimə keçməyib və vərəsəlik yolu ilə də mənə çatmayıb”, – deyə vətəndaş bildirir.
O qeyd edir ki, bu faktı sübut etmək və məhkəməyə təqdim etmək üçün Kapital Bankdan mərhum anasına aid əməkhaqqı kartı üzrə çıxarış tələb edib. Lakin bank əməkdaşları dəfələrlə müxtəlif bəhanələrlə bu məlumatı təqdim etməkdən imtina ediblər: “Bir dəfə dedilər ki, gəlib borcu öz adına keçir, sonra verək. Bir dəfə də dedilər ki, məlumat üçüncü şəxsə verilə bilməz. Halbuki mən rəsmi vərəsəyəm və bu hüququm qanunla təsbit olunub”.
Qanunvericiliyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən, vərəsə yalnız əldə etdiyi mirasın dəyəri qədər borca cavabdehdir. Yəni Anar Məmmədov yalnız 2 min 200 manatlıq öhdəlik daşıya bilər. Mülki Məcəllənin 1293-1295-ci maddələri isə vərəsəyə miras qoyanın bank hesablarına dair məlumat almaq hüququ verir.
Anar Məmmədov bildirir ki, Kapital Bank bu müddəaları heçə sayaraq həm hüquqlarını pozur, həm də onu əlavə maddi ziyana salır. “Bütün bu müddət ərzində əsəb sağlamlığım pozulub, iş yerindən dəfələrlə icazə alıb get-gələ məcbur olmuşam. İndi mən həm mənəvi təzminat, həm də artıq ödənilmiş məbləğin geri qaytarılması üçün Kapital Bankı məhkəməyə verirəm”, – deyə o vurğulayıb.
AzPost məsələ ilə bağlı Kapital Bankın da mövqeyini işıqlandırmağa hazırdır.
AzPost.az
Paylaş
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.