AZ

Nəhəng sərmayələr yoldadır: Azərbaycanın qeyri-neft sektoru Çinlə dirçəlir

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;  

Azərbaycan qədim İpək yolu üzərində yerləşən strateji mövqeyi ilə yalnız tarixən deyil, həm də müasir dövrdə dünya iqtisadiyyatında və siyasətində mühüm yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Cənubi Qafqazın lider dövləti olaraq beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib. Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir, qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük önəm daşıyır. Bu mənada, Çin Xalq Respublikası ilə əlaqələrin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. 

Çin öz növbəsində dünyanın fövqəldövləti kimi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir. Azərbaycanla Çin arasında münasibətlər min ildən çox əvvəl qədim İpək yolu vasitəsilə başlayıb və bu əlaqələr bugünədək davamlı inkişaf edir. İki xalq arasında tarixi və mədəni əlaqələrin təməli, qədim dövrlərə gedib çıxsa da, son 32 il ərzində bu münasibətlər daha da möhkəmlənib və hər iki ölkənin rifahı naminə müxtəlif sahələrdə inkişaf edib. Azərbaycan ilə Çin arasındakı diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. Bu illər ərzində əlaqələr güclənərək, müxtəlif sahələrdə müştərək əməkdaşlıq təşəbbüsləri irəliləyib. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi açılıb və 1993-cü ilin sentyabrında isə Azərbaycan Milli Məclisi Pekində səfirliyin açılması haqqında qərar qəbul edib. Azərbaycan-Çin münasibətlərinin inkişafı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha da sürətlənib. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Çinə rəsmi səfəri zamanı iki ölkə arasında səkkiz mühüm müqavilə imzalanıb. 1996-cı ilin aprelində isə Çin Xalq Respublikasının Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub. Bu səfərlər qarşılıqlı əməkdaşlığın və dostluğun möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Azərbaycan Prezidenti İlham Əliyev də Çinlə əlaqələrin inkişafına xüsusi diqqət ayırıb. 2003-cü ildən sonra dövlətimizin başçısı bir neçə dəfə Çinə rəsmi səfər edib. 2015-ci ilin dekabrında həyata keçirilən səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd ölkələrimizin əməkdaşlığında mühüm önəm daşıyır. Son illər ərzində Azərbaycan və Çin arasındakı əlaqələrdə xüsusi canlanma yaşanır. 2022-ci ilin sentyabrında, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən Sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Sədri Si Cinpin arasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən isə yüksəksəviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edib. 2024-cü il iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bu Bəyannamə iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsini təmin edən mühüm bir addım olub. Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. 


Bu Bəyannamə, həmçinin ÇXR ilə Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir. Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin inkişafı, ölkələrimizin strateji tərəfdaşlıq münasibətlərində mühüm yer tutur. Bu əlaqələrin genişləndirilməsi və mövcud problemlərin həlli məqsədilə 2009-cu ilin mayında Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. 2012-ci ildə Pekində, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmçinin Azərbaycan 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olaraq beynəlxalq iqtisadi layihələrə daha sıx inteqrasiya edib. Azərbaycanın “Kəmər və yol” təşəbbüsünə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Bu mühüm layihə həm Azərbaycan, həm də Çin üçün iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və regional ticarət marşrutlarının inkişafına xidmət edir. Çin hökuməti bu dəmir yolunun istifadəyə verilməsini və tikintisində Azərbaycanın oynadığı mühüm rolu yüksək qiymətləndirib. Ölkələrimiz arasındakı ticarət dövriyyəsində də müsbət dinamika müşahidə edilir. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Beləliklə, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Bundan əlavə, Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza prosedurları tətbiq etməklə iki ölkə arasında turizm və mədəni mübadiləni asanlaşdırıb. Bu cür təşəbbüslər, ölkələrimiz arasında iqtisadi, mədəni və sosial əlaqələrin dərinləşməsinə imkan verir. İnformasiya sahəsindəki əməkdaşlıq da iki ölkə arasında sıx əlaqələrdə mühüm yer tutur. AZƏRTAC ilə Sinxua agentlikləri arasında 20 ildən artıq müddətdir ki, qarşılıqlı xəbər mübadiləsi və sosial media sahəsində əməkdaşlıq həyata keçirilir. Bu, hər iki ölkə arasında informasiya mübadiləsinin sürətlənməsinə və daha geniş auditoriyaya çatdırılmasına şərait yaradır. Azərbaycan ilə Çin arasında mədəni əlaqələr uzun illərdir möhkəm dostluq körpüsü qurur. 1995-ci ildə aprelin 12-21-də Pekində keçirilən Səttar Bəhlulzadənin əsərlərinin sərgisi, iki ölkə arasında mədəni əməkdaşlığın başlanğıcını qoyub. Həmçinin 2001-ci ildə Çinin Cizian əyalətinin Çücou şəhəri ilə Sumqayıt şəhəri qardaşlaşıb. Azərbaycan ilə Çin arasında formalaşan strateji tərəfdaşlıq münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional və qlobal səviyyədə sülhə, sabitliyə və inkişafına töhfə verən nümunəvi model kimi çıxış edir.
Siyasi şərhçi Azər Niftiyev "Şərq"ə açıqlamasında bildirib ki, Çin kimi dünyanın aparıcı iqtisadi və texnoloji gücü ilə Azərbaycan arasında əməkdaşlığının dərinləşməsi strateji baxımdan olduqca mühüm və çoxşaxəli əhəmiyyət daşıyır. Onun sözlərinə görə, əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişafı Azərbaycanın geosiyasi mövqeyini gücləndirir, regional və qlobal səviyyədə nüfuzunu artırır: 

"Ölkəmizin yerləşdiyi coğrafi mövqe, Çinlə Avropa arasında mühüm tranzit dövlət olması, Pekinin “Bir Kəmər, Bir Yol” təşəbbüsündə Bakının rolunu artırır. Eyni zamanda viza rejiminin sadələşdirilməsi və ya ləğvi fonunda çinli investorların Azərbaycana marağı çoxalıb. Çin şirkətləri nəinki infrastruktur layihələrində, eləcə də emal, kənd təsərrüfatı və texnologiya sahəsində də Azərbaycana sərmayə qoymağa başlayıblar. Bu, Azərbaycanın qeyri-neft sektorunun inkişafına təkan verən amildir".
Müsahibimiz qeyd edib ki, ölkəmizin rəqəmsallaşma və "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyaları Çin təcrübəsi və texnologiyası ilə zənginləşdirilə bilər: "Çinin nəhəng texnoloji şirkətlərinin Azərbaycanda aktivliyi bunun göstəricisidir. Çin-Azərbaycan münasibətləri təkcə iqtisadi və diplomatik deyil, təhlükəsizlik və müdafiə sferasına da daxil olub. Müdafiə sənayesi, təlimlər, hərbi texnologiyalar üzrə təcrübə mübadiləsi potensialı var. Enerji və nəqliyyat sahələrində də əməkdaşlıq imkanları mövcuddur. Azərbaycan müstəqil və çoxvektorlu xarici siyasət fonunda Çinlə əməkdaşlığa xüsusi önəm verir".



Seçilən
7
1
sherg.az

2Mənbələr