AZ

 Onlar erməni lobbisinin əlaltılarıdır - RƏY

Fransız və isveçrəli deputatlar Cənubi Qafqazda sülhün düşmənidir

Əbu-Dabi görüşü Azərbaycan-Ermənistan normallaşma prosesində müsbət mənada böyük dönüş nöqtəsi sayılır. Lakin görünən odur ki, bu dönüş nöqtəsinin sorağı və Bakı ilə İrəvanın real sülh mesajları Avropanın bəzi ölkələrinin, xüsusən də Fransa və İsveçrənin siyasi elitasının ciddi narahatlığına yol açıb. Azərbaycan Ermənistana həm dayanıqlı sülh, həm də geniş regional əməkdaşlıq təklif edir. 

Ermənistan tərəfi də artıq bu təkliflərə konstruktiv yanaşmağa başlayıb. Lakin Fransa Milli Assambleyasının bəzi üzvləri, xüsusən də Ermənistanla dostluq qrupuna daxil olan şəxslər və eləcə də erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən deputatlar razılaşmaları pozmağa, regionda sülh prosesinə mane olmağa hesablanmış təxribatçı təşəbbüslərlə çıxış edirlər. İsveçrə parlamentindəki Xristian Demokratik Xalq Partiyasından olan 19 nəfərlik qrup isə “ermənilərin Qarabağa qayıtmasına dəstək komitəsi” yaradaraq onu “İsveçrə Sülh Təşəbbüsü” adlandırıblar. Eyni zamanda, onlar dini təəssübkeşlik hissləri üzərindən ermənilərə dəstək məqsədilə müxtəlif xristian təşkilatları ilə geniş əlaqələr qurublar. Bu təşkilatların arasında Beynəlxalq Xristian Həmrəyliyi (BXH) adlı avantürist-təxribatçı təşkilat da var.  


Politoloq Əlisahib Hüseynov "Şərq"ə deyib ki, fransız və isveçrəli deputatları, ictimai fəalları Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması maraqlandırmır. Ekspert vurğulayıb ki, bu, sadəcə kamuflyaj və siyasi manipulyasiyadır: 

"Onlar saxta "sülhpərvər"lik görüntüsü yaradırlar. Əsl həqiqətdə isə qətnamənin mətnindəki təxribatçı ifadələr və çağırışlar fransız parlamentarilərin gerçək niyyətlərini üzə çıxarır. Onların məqsədi regionda yaranmış yeni reallıqları pozmaq, Ermənistanı sülhdən çəkindirmək, Azərbaycanı isə beynəlxalq aləmdə təcrid etməyə nail olmaqdır. Eyni sözləri İsveçrə parlamentarilərinin "sülh təşəbbüsü" haqqında da demək mümkündür. Həmin "sülh təşəbbüsü"nün birbaşa erməni lobbisinin diktəsi ilə hazırlandığı qətiyyən şübhə doğurmur. Bu gün Cənubi Qafqaza sülhün gəlişi erməni lobbisinə sərf etmir. Ona görə də isveçrəli parlamentarilər bilavasitə erməni lobbisinin sifarişi ilə "sülh təşəbbüsü" kimi aldadıcı bir ad altında anti-sülh layihəsi ilə çıxış ediblər. Bu, açıq-aşkar manipulyasiyadır və həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti aldatmağa hesablanıb". 

Siyasi şərhçi qeyd edib ki, fransalı və isveçrəli deputatlar erməni lobbisinin əlaltılarına çevriliblər: 

"Onların bir çoxu xəritədə Cənubi Qafqazın harada yerləşdiyini düz-əməlli bilmirlər. Bu cür siyasi dəllallar üçün xalqların taleyi və sülh perspektivləri yox, yalnız öz şəxsi mənafeləri, keçici siyasi maraqları önəmlidir. Məhz bunun nəticəsidir ki, belə təşəbbüslər və qətnamələrin reallıqla heç bir əlaqəsi yoxdur. Fransa və İsveçrə parlamentariləri sülh prosesini təşviq etmək yox, sülhü pozmaq tapşırığını yerinə yetirirlər. Erməni lobbisi Qərb siyasətçilərini sülhün düşməni rolunda çıxış etməyə məcbur edir".

Seçilən
0
2
sherg.az

3Mənbələr