2024-2025-ci tədris ilində Neftçala məktəblərinin 14 məzunu müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərib.
Həmin şagirdlərdən 2 nəfəri - Neftçala rayonu S.Kərimov adına Qədimkənd kənd tam orta ümumtəhsil məktəbinin məzunu Aqil Əlili və Neftçala rayonu S.Vurğun adına Bankə qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Mirağa Əliyev blok imtahanında maksimum (400 bal) nəticə göstəriblər. Eyni zamanda Müşfiq Əlili qəbul imtahanlarında I ixtisas qrupunda ölkə üzrə 698,3 balla ən yüksək bal toplayıb.
XI sinfi bitirən şagirdlərdən 3 nəfəri - Neftçala şəhəri Samid İmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Nurlanə Məmmədzadə, Neftçala rayonu Xıllı qəsəbəsi Faruq Quliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Ramilə İmanlı və Neftçala rayonu Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Nəzrin Quluzadə təhsilini xüsusi nailiyyətlərlə başa vurduqları üçün qızıl medalla təltif olunublar.
Bu günlər Neftçala RİH-də yüksək bal toplayan məzunlar, müəllimlər və valideynlərlə görüş keçirilmişdir. Görüşdə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər rayon icra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunmuş və onlara xatirə hədiyyələri təqdim edilmişdir.
"Azərbaycan"