Prezident İlham Əliyevin bu il ərzində Ağdama səfərləri çərçivəsində kəndlərin birinci mərhələsinin, müxtəlif müəssisə və obyektlərin açılışlarında iştirakı, eyni zamanda görülən işlərlə yerində tanış olması, həmçinin təməlqoyma mərasimləri Ağdamda quruculuq işlərinin vüsət aldığını göstərir.
Dövlət başçısının iyulun 18-də Ağdama səfərində Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin, Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının, körpələr evi-uşaq bağçasının, rayonun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışlarını etməsi də davamlı tikinti və quruculuqdan xəbər verir.
İşğal illərində ən çox zərərçəkmiş rayonlardan biri də Ağdam olub. Erməni barbarları tərəfindən yerlə yeksan edilən, "Qafqazın Xirosiması" adlandırılan Ağdam bugün yenidən qurularaq artıq sakinlərini qarşılayır. Bu günədək Ağdamın Kəngərli kəndinə 1176 nəfər (277 ailə), Sarıcalı kəndinə 779 nəfər (187 ailə), Xıdırlı kəndinə 737 nəfər (188 ailə) olmaqla, ümumilikdə 2600-dən çox sakin qayıdıb.
Ötən gün də Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı. Bu mərhələdə Bakı şəhərindən - 20 ailə (76 nəfər), Bərdə rayonundan - 17 ailə (68 nəfər), Ağdam rayonundan - 8 ailə (36 nəfər), Mingəçevir şəhərindən - 5 ailə (16 nəfər), Yevlax rayonundan - 3 ailə (10 nəfər), Qəbələ rayonundan - 1 ailə (5 nəfər), Oğuz rayonundan - 1 ailə (5 nəfər), Ağcabədi rayonundan - 1 ailə (4 nəfər), Abşeron rayonundan - 1 ailə (3 nəfər), Ağdaş rayonundan - 1 ailə (2 nəfər) olmaqla, cəmi 58 ailə (225 nəfər) Xıdırlıya köçürülüb. İllərlə həsrətini çəkdikləri əzəli torpaqlarına qayıdanlar isə yaradılan şəraitə, hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Hazırda Ağdamın üç kəndinə Böyük qayıdış prosesi gerçəkləşdirilib. Yaxın gələcəkdə digər şəhər və kəndlər, həmçinin Ağdam şəhəri də sakinlərini qarşılayacaq. Prezident İlham Əliyev mayın 10-da Kəngərli kəndinin ilk sakinlərinə evlərinin açarlarını təqdim edəndə Xıdırlının da artıq açılışa hazır olduğu xəbərini vermişdi. İyulun 3-də isə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Æaparov ilə Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdilər.
2022-ci ilin oktyabrında təməli qoyulan kəndə birinci mərhələdə 719 ailənin - ümumilikdə 2951 nəfərin köçürülməsi planlaşdırılır. Kəndə qayıdış prosesinin artıq ilk mərhələsi başlayıb. Dünən üçüncü köç karvanı Xıdırlıya çatıb. Ümumilikdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Ağdamda 2022-2026-cı illər ərzində 12 kənd yaşayış məntəqəsinin, həmçinin beş yaşayış massivinin layihələndirilməsi, eləcə də dörd kənd yaşayış məntəqəsinin və iki şəhər massivinin tikintisi nəzərdə tutulub.
Qeyd edək ki, bu gün Qarabağ və Şərqi Zəngəzura köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, səhiyyə, təhsil, mədəniyyət, turizm və digər sektorlarda çalışan 50 mindən çox insan yaşayır. Deməli, 50 mindən çox insan bu gün bu torpaqlara həyat bəxş edir, dolayısı ilə onlar da bərpa və quruculuğun bir hissəsinə çevrilirlər.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"