AZ

Asan işin çətin tərəfi və ya N.Paşinyan sülh sazişini imzalamağı niyə uzadır?

İlk baxışdan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına mane olacaq ciddi bir səbəb yoxdur. Ölkəmiz 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmış, ardınca 2023-cü ilin sentyabrında  23 saatlıq antiterror əməliyyatı ilə Qarabağ "düyünü"nü kökündən kəsib atmışdır.

Bu hərbi uğurumuzdan sonra 30 ildən çox məruz qaldığımız işğala və lüzumsuz siyasi danışıqlara son qoyulmuşdur. Üstəlik, Ermənistan Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımışdır. 

Gözlənilən o idi ki, bundan sonra iki ölkə arasında tezliklə sülh sazişi imzalanacaq. Lakin İkinci Qarabağ müharibəsindən 5 ilə yaxın bir vaxt keçsə də, sənəd imzalanmayıb. Sözsüz ki, bu, Ermənistan tərəfinin günahı üzündən baş verir.

"Nikol Paşinyan sülh sazişini bağlamaq istəyirmi?" ritorik suala birmənalı cavab vermək çətindir. Ancaq son vaxtlar Ermənistan siyasətçilərindən fərqli olaraq N.Paşinyanın verdiyi bəyanatlardan görünür ki, o, bunu istəyir. Qonşu ölkədə "böyük Ermənistan", "erməni soyqırımı"nın bu milləti bədbəxt etdiyini anlayan siyasətçi N.Paşinyandır. Bunu açıq şəkildə dilə gətirmək Ermənistanda şok effekti yaratsa da, onun haqlı olduğunu düşünənlər də az deyil, baxmayaraq ki, erməni cəmiyyətində illərlə formalaşmış yanlış siyasətə qarşı söz demək çətindir. Bunu edənlər hətta terror nəticəsində həyatlarını itirə bilərlər. Buna baxmayaraq, N.Paşinyan Ermənistanda yeganə liderdir ki, iqtidarda olduğu halda belə qorxulu bəyanatlar verə bilir. Məsələn, İrəvan Dövlət Universitetində tələbələrlə görüş zamanı o demişdir: "Biz 44 günlük müharibə nəticəsində vətənin (?) bir hissəsini itirdik, lakin daha suveren və daha müstəqil dövlət əldə etdik". Üstəlik "Qarabağ Ermənistandır" dediyinə peşman olduğunu bildirmişdir: "Kaş ki, Azərbaycanın ərazi bütövlüyünü daha başdan tanıyardıq".

Sual oluna bilər ki, bütün bunların yanlış olduğunu bildiyi halda o, niyə sülh sazişindən yayınır? Əsas məsələ budur ki, indiki halda bu addımı atmağa cəsarət etmir. Çünki özü buna hazır olsa da, Ermənistan cəmiyyəti  hazır deyil. Bu yaxınlarda "Gallip" şirkətinin sülh müqaviləsinin bağlanması ilə bağlı keçirdiyi sorğunun nəticələrinə diqqət yetirdikdə görürük ki, eməni cəmiyyəti hələ barışa hazır deyil.  Nikol Paşinyanı da çıxılmaz vəziyyətdə qoyan elə budur.

"İlin sonuna qədər sülh sazişi imzalana bilərmi?" sualına respondentlərin yalnız 8,3 faizi müsbət cavab verib. Rəyi soruşulanların qeyri-müəyyənlik bildirən "bəlkə də" cavabı 17,5, inkar bildirən "xeyr" cavabı isə 23,4 faizdir. Əvəzində "qətiyyən yox" deyənlər 41,2 faiz təşkil edir. Cavab verməkdə çətinlik çəkənlər 9,6 faiz olub.

Göründüyü kimi, qonşu ölkədə hələ də Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına, sülhə qarşı çıxanlar az deyil. Digər yandan, Azərbaycan tərəfinin sülh sazişi ilə bağlı başlıca şərtləri - Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiasının çıxarılmasına və ATƏT-in Minsk qrupunun buraxılmasına cəmiyyətdə çox mənfi münasibət var. Sorğuda bu suala 51,5 faiz "olduqca mənfi" cavabını verib. Bu azmış kimi rəyi soruşulanların 30,1 faizi gələcək seçkidə iştirak etməyəcəyini bildirib. Erməni liderini qorxudan da elə bu kütlədir. Ermənistan Azərbaycanın haqlı tələblərini qəbul edib sülh sazişini imzalasa, həmin seçicilərin sayı arta bilər ki, bu da qarşıdakı seçkilərdə N.Paşinyanın iqtidar hakimiyyəti itirməsi deməkdir. Məhz bu xof N.Paşinyanı qəti addım atmaqdan çəkindirir və o, qarşıdakı seçkilərə qədər vaxt qazanmaq istəyir.

Ermənistanda sülh müqaviləsinin bağlanmasına qarşı çıxan ikinci böyük qüvvə erməni kilsəsidir. Kilsə N.Paşinyanın siyasətindən narazıdır. Elə erməni cəmiyyətini radikallaşdıran, revanşist hissləri qızışdıran da kilsədir. Tarixdən məlum olduğu kimi, ermənilərin dövləti olmadığı üçün bu toplumu kilsə idarə edib. Bu səbəbdən kilsənin kütlələr üzərində təsir imkanları böyükdür. Onu da xüsusi olaraq vurğulayaq ki, bu erməni kilsəsi 200 ildən çoxdur ki, Rusiya tərəfindən idarə olunur. Erməni kilsəsinin erməni cəmiyyətində təsir dairəsi geniş olduğu kimi, Rusiyanın da erməni kilsəsinə təsir etmək imkanı yüksəkdir. O üzdən az-çox müstəqil siyasət yürütməyə çalışan N.Paşinyana qarşı bu iki qüvvə birləşib. Erməni lider bunu anladığı üçün kilsəni hədəfə alıb, onun cəmiyyətdə olan dayaq və nüfuzunu sarsıtmaq istəyir.

N.Paşinyan beləcə növbəti seçkilərdə qalib gəlmək üçün yolunu "təmizləyir". Bu məqsədlə müxalifət liderlərini və kilsənin cəmiyyətə təsirini zəiflətmək üçün təzyiqləri artırmaqdan da çəkinmir. Ermənistan lideri iç güclərə qarşı mübarizə aparmaqla yanaşı, xarici təzyiqləri də azaltmaq istəyir. Ermənistana ən çox siyasi təsir göstərən ölkə isə Rusiyadır. Daxildə müxalifətlə kilsəni zərərsizləşdirməklə Rusiyanın təsirlərini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Buna görə də N.Paşinyan ilk növbədə bu iki daxili gücü sıradan çıxarmaq istəyir. Qərb ölkələrilə isə elə bir problemi yoxdur. Nə qədər ki erməni lider onların dediyi ilə oturub-duracaq, Qərbdən təhlükə olmayacaq. 

Rüstəm KAMAL,

"Azərbaycan"

Seçilən
12
azerbaijan-news.az

1Mənbələr