AZ

Ermənistan dəqiq mina xəritələrini Azərbaycana təqdim etməlidir

"…Ermənistan keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirmişdir ki, bu da mina qurbanlarının gündən-günə artmasına səbəb olur. Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər".

26 may 2023-cü ildə ölkəmizdə keçirilən "Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində Prezident İlham Əliyevin diqqətə çatdırdığı kimi, Ermənistanın 30 il ərzində torpaqlarımızı mina tarlasına çevirməsi vətəndaşlarımızın həyatlarını təhlükə altında saxlayır. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda Ermənistan tərəfindən basdırılmış kütləvi minalar Böyük qayıdışın sürətlə həyata keçirilməsinə maneə yaradır. Sözügedən konfransda dövlətimizin başçısı beynəlxalq ictimaiyyətin diqqətinə məhz bu məqamı da çatdırmışdır: "Torpaqlarımızın kütləvi şəkildə minalarla çirklənməsi hazırda burada apardığımız bərpa və yenidənqurma işlərini ləngitməklə yanaşı, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır, uzun illər doğma torpaqlarına dönmək arzusu ilə yaşayan yüz minlərlə məcburi köçkünün hüquqlarının reallaşdırılmasına əngəl törədir".

Erməni terrorçuları üçün müqəddəs heç nə yoxdur

Düz üç onillikdən çoxdur ki, Azərbaycan xalqı Ermənistanın mina terroru ilə  üz-üzədir. Ötən müddət ərzində erməni terrorçuları həm də müxtəlif xain üsullardan istifadə edərək vətəndaşlarımızı mina partlayışlarının qurbanına çeviriblər. 2011-ci ildə ermənilərin partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağını Ermənistan tərəfindən Tovuz rayonunun Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxmaları nəticəsində 13 yaşlı yeniyetmə faciəvi şəkildə həyatını itirmişdir. 1994-cü ildə də həmin ərazidə analoji hadisə törədilmiş, Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdır. Ermənistanın mina terrorunu sübuta yetirəcək xeyli sayda bu cür nümunə göstərmək olar. 

Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 4 minə yaxın vətəndaşımız minalardan zərər çəkib. Mina basdırılmış ərazilərdə vaxtaşırı insanlarımızın partlayış qurbanına çevrilməsi - həyatlarını itirməsi, əlil olmaları bu günədək Ermənistanın mina terrorunu sürdürdüyünü göstərir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iyulun 30-da öz "X" hesabında "Minalar təkcə keçmişin qalıqları deyil, həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir" yazması da bunu bir daha təsdiq edir. 

Hikmət Hacıyev bildirib ki, Kəlbəcərin dağlarında Ermənistanın işğal dövründə yerləşdirdiyi piyada əleyhinə minaların qurbanı bu dəfə it olub: "Şükürlər olsun ki, Azərbaycan hərbi həkim briqadasının çevik müdaxiləsi ona təcili tibbi yardım göstərilməsini təmin edib. Onun həyatı artıq təhlükə altında deyil".

Prezidentin köməkçisi məlumat verib ki, 2020-ci ildən bəri 400-dən çox Azərbaycan vətəndaşı və hərbçisi Ermənistanın yerləşdirdiyi minaların qurbanı olub. O qeyd edib ki, yerin altında basdırılan minalar torpağın erroziyasına səbəb olur və yerli bitki örtüyünü də məhv edir.

Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır

Bu gün dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasında Azərbaycanın da adının olması işğal zamanı Ermənistan tərəfindən ərazilərimizin təxminən 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilməsinə görədir. Bu azmış kimi, İkinci Qarabağ müharibəsindən sonra - 2023-cü il antiterror tədbirləri həyata keçirilənə qədər Laçın yolundan istifadə edərək ermənilər torpaqlarımıza minalar döşəməyə davam etmişlər. Müharibədən sonra Laçında 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minalar aşkarlanmışdır. Halbuki beynəlxalq humanitar hüquq, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.

İndiyə qədər xeyli ərazimizdə minatəmizləmə əməliyyatları aparılıb. Rəsmi məlumata görə, işğaldan azad olunmuş ərazilərdə icra edilən həmin əməliyyatlar nəticəsində 2020-ci ilin noyabr ayından 2025-ci il iyunun 1-dək humanitar minatəmizləmə fəaliyyətinə cəlb edilən qurumlar tərəfindən ümumilikdə 204 min 763 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib. 37 min 118 ədəd piyada və 21 min 846 ədəd tank əleyhinə mina, 138 min 569 ədəd partlamamış hərbi sursat olmaqla ümumilikdə 197 min 533 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib.

Amma mina təhlükəsindən tamamilə qurtulmaq üçün külli miqdarda maliyyə vəsaiti və vaxt tələb olunur. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard dollar lazımdır. Söz düşmüşkən qeyd edək ki, ötən il avqustun 20-nə olan məlumata görə, Qarabağda minatəmizləmə prosesinə adıçəkilən tarixədək 349,1 milyon dollar vəsait xərclənib. Bu vəsaitin cəmi 16,1 milyonu beynəlxalq mənbələrdən daxil olub. 

İrəvanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyi cəmi 25 faizdir 

Göründüyü kimi, Ermənistanın dəqiq mina xəritələrini Azərbaycana təhvil verməkdən boyun qaçırması səbəbindən mina terroru davam edir. Qeyd edək ki, 2021-ci ildə Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair Ermənistan tərəfindən verilmiş məlumatların dəqiqliyi cəmi 25 faiz idi. 2024-cü ilin fevralında Ermənistanın Azərbaycana təqdim etdiyi növbəti mina sahələrinə dair 8  formulyarda da məlumatların əvvəlkilər kimi qeyri-dəqiq, etibarsız və natamam əks edildiyi məlum olmuşdur. 

"Beynəlxalq təzyiqdən sonra Ermənistan bəzi xəritələri təqdim etsə də, onlar minalanmış ərazilərin yalnız kiçik bir hissəsini əhatə edirdi və yalnız 25 faiz dəqiq idi. Son mina partlayışı hadisələrinin 55 faizdən çoxu bu xəritələrlə əhatə olunmayan ərazilərdə baş verib". Bu məlumat aprel ayında Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə "Envoy" jurnalına müsahibəsində əks olunub. XİN sözçüsünün bildirdiyinə görə, Ermənistanın xəritələri Azərbaycan ərazilərində təxminən 400 min minanın yerləşdirildiyini göstərsə də, faktiki rəqəm 1,5 milyona yaxındır.

Yeri gəlmişkən bildirək ki, çoxsaylı hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin Bakıda keçirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin generalı olmuş Ermənistan vətəndaşı David Manukyan da ölkəsinin Azərbaycan ərazilərində mina basdırmasını etiraf edib. O, "komandir"i olduğu "Ağdərə rayonunun 7-ci müdafiə xətti"nin hərbçilərinin Goranboy rayonunun Gülüstan kəndi istiqamətində mina basdırdıqlarını boynuna alıb: "Səhv eləmirəmsə, PMN-1 minaları idi".

Təəssüf ki, bu məsələ ilə bağlı beynəlxalq birliyin göstərdiyi təzyiq mexanizmi yetərli deyil və cəzasızlıq mühitindən yararlanan İrəvan dəqiq mina xəritələrini Azərbaycana verməkdən yayınır, baxmayaraq ki, bu tərsliyin bölgədə dayanıqlı sülhün əldə edilməsinə, təhlükəsizliyə başlıca əngəllərdən biri olduğunu yaxşı bilir.  O sülh və təhlükəsizlik ki Ermənistana daha çox lazımdır. 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Seçilən
36
azerbaijan-news.az

1Mənbələr