AZ

SURİYALI QAÇQINLAR LİVANDAN QAYIDIR » AzadMedia.az

SURİYALI


BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı – ümid edir ki, bu ilin sonunadək Livandan Suriyaya 200 minə yaxın qaçqın geri dönəcək. Yeni repatriasiya proqramı Suriya hökuməti ilə razılaşdırılıb və maddi dəstək, hüquqi yardım və logistika xidmətləri nəzərdə tutur.

Son 14 ildə Suriyada baş verən vətəndaş müharibəsi ölkənin 23 milyonluq əhalisinin yarısını didərgin salıb. Onlardan təxminən 1,5 milyonu qonşu Livana sığınıb. Livanın iqtisadi böhrana girdiyi 2019-cu ildən sonra qaçqınların ölkəyə təsiri daha da kəskinləşib.

BMT əvvəlcə Suriya şəraitini qayıdış üçün təhlükəli sayırdı. Lakin dekabr ayında Əsəd rejiminin sürətli üsyanla devrilməsi və yeni hakimiyyətin formalaşması ilə bu mövqe dəyişib.

Ali KomissarlığıN Livandakı nümayəndəsi İvo Freysen bildirib ki, artıq 120 minə yaxın suriyalı heç bir beynəlxalq dəstək olmadan geri dönüb. “İndi isə bu prosesi asanlaşdıran və dəstəkləyən rəsmi mexanizmimiz var,” deyə o bildirib.

Yeni plan çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatı ailə üzvlərinə görə 100 ABŞ dolları ödəyəcək, avtobus nəqliyyatı təşkil olunacaq, Livan isə qaçqınların borc və cərimələrini bağışlayacaq. Sərhədi keçdikdən sonra, sənədlərin bərpası, psixoloji və hüquqi dəstək də veriləcək.

Hazırda 17 min nəfər bu sxem üzrə qeydiyyatdan keçib. Əksəriyyəti şəxsi nəqliyyat vasitələri ilə qayıtmağı seçir. Bu həftə 72 nəfərlik ilk test karvanı Masnaa sərhəd-keçid məntəqəsindən keçib.

Freysenə görə, son sorğular göstərir ki, qaçqınların 25%-i yaxın 1 il ərzində qayıtmaq istəyir. Bu, ötən illə müqayisədə əhəmiyyətli artımdır.

Yeni Suriya rəhbərliyi – Prezident Əhməd əl-Şəraa başda olmaqla – region ölkələri ilə diplomatik əlaqələri bərpa edib. ABŞ Prezidenti Donald Tramp da Səudiyyə Ərəbistanında verdiyi açıqlamada Suriyaya tətbiq olunan sanksiyaların qaldırıldığını bəyan edib.

Bu qərar Suriyanın Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı ilə iri iqtisadi razılaşmalar imzalamasına yol açıb. Amma ölkə hələ də tam sabitlikdən uzaqdır və yeni hakimiyyət bütün ərazilərdə nəzarəti bərpa etməyə çalışır.

BMT-nin büdcəsinin azaldılması isə yardımın miqyasını məhdudlaşdırır. Freysen xəbərdarlıq edir ki, iş imkanları zəif olduqca, qayıdan qaçqınların dayanıqlı şəkildə yerləşməsi çətin olacaq.

Bu arada, Əsəd tərəfdarlarının yeni hökumətə qarşı həyata keçirdiyi hücumdan sonra baş verən sektarian zorakılıqlar nəticəsində Livana 100 mindən çox yeni suriyalı, əsasən şiə və əlavi azlıqları sığınıb.

Seçilən
35
1
azadmedia.az

2Mənbələr