Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Report" xəbər verir ki, “Paşinyan Rusiya rəhbərliyi ilə Zəngəzur dəhlizini müzakirə edib” adlı süjetdə Zəngəzur dəhlizi ətrafında baş verən proseslər fonunda Ermənistanda “müharibəyə hazırlıq” təbliğatının aparılmasına yer verilir.
Bildirilir ki, rəsmi İrəvan bir tərəfdən danışıqlar masasında əyləşib və hər fürsətdə sülhə hazır olduğunu bəyan edir, digər tərəfdən, Zəngəzurda yeni müharibəyə hazırlıqdan bəhs edirlər. Ermənistan mediası hazırda bu istiqamətdə təbliğatı gücləndirib, xüsusilə hakimiyyətə yaxın informasiya resurslarının fəallığı müşahidə edilir.
Süjetdə diqqətə çatdırılır ki, Ermənistanda Paşinyanın Rusiyaya səfərinin əsas məqsədinin Zəngəzur dəhlizini müzakirə etmək olduğu fikrindədirlər. Erməni politoloq Suren Surenyants qeyd edib ki, Paşinyan Rusiyada “Biz ABŞ-nin yolun icarəyə götürülməsi ilə bağlı təklifini qəbul etmədik” sözünü çatdırıb.
Sonda vurğulanır ki, Ermənistan hakimiyyəti pərdəarxası oyunlar oynamağa çalışır. Ermənistan üçün yeganə çıxış yolu Zəngəzur dəhlizinin açılması - Azərbaycanın Naxçıvana maneəsiz keçidinin təmin edilməsidir. Bunun alternativi yoxdur. Alternativ axtarışları Ermənistan üçün yaxşı perspektivlər vəd etmir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.