Şəmsəddin Əliyev: “Məhkəmə tərəfindən Qabilin ölkəyə gətirilməsi ilə bağlı müvafiq müraciətlər olunacaq”
Məlum olduğu kimi, Almaniyada yaşayan bloqer Qabil Məmmədovun qiyabi baxılan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə tərkibi belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlarla təsdiqini tapıb. Hökmə əsasən, Qabil Məmmədova 16 il müddətə azadlıqdan məhrum etmə cəzası verilib.
Qeyd edək ki, Qabil Məmmədov ayrı-ayrı şəxslərə yalan vəd verməkdə dələduzluq etmə, hədə-qorxu ilə tələb etmə, terrorçuluq, hakimiyyət nümayəndəsinə müqavimət göstərmə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya onlarda fəal iştirak etmə və digər cinayətlərdə ittiham olunur.
Vurğuladığımız kimi, keçirilən məhkəmə prosesində Q.Məmmədov 16 il azadlıqdan məhrum edilib. Maraqlıdır, qiyabihökm nədir? Qiyabi hökmdən sonra Azərbaycan dövlətinin, hüquq-mühafizə orqanlarının Qabil Məmmədov barəsində atacağı addımlar nədən ibarət ola bilər?
“Qabilin yaşadığı ölkə ilə Azərbaycan arasında ekstradisiya ilə bağlı hər hansı bir razılaşma varsa, adıçəkilən şəxsin ölkəyə gətirilməsi mümkündür”
“Polisə Dəstək” İB-nin sədri, hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, Q.Məmmədov haqqında qaldırılan cinayət işi keçmiş zamanları əhatə edir: “2015-2017-ci illər ərzində bu şəxs dələduzluq əməlləri ilə məşğul olub, çox sayda insanı aldadıb. Onun haqqında Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi qaldırılıb. Qanunvericilikdə qeyd edilir ki, tərəflər, zərərçəkənlər məhkəmə prosesinin qiyabi davam etməsinə etiraz etmirsə, hakimin ixtiyarı var ki, qiyabi məhkəmə icraatında qərar qəbul etsin. Qanunvericilikdə bu məsələ qeyd edilib. Sonrakı davranışlara gəlincə, bildirim ki, məhkəmə tərəfindən Qabilin ölkəyə gətirilməsi ilə bağlı müvafiq müraciətlər olunacaq. Qabilin yaşadığı ölkə ilə Azərbaycan arasında ekstradisiya ilə bağlı hər hansı bir razılaşma varsa, adıçəkilən şəxsin ölkəyə gətirilməsi mümkündür. Istənilən halda, Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində çıxarılmış qiyabi hökm Qabil Məmmədovu indən belə müəyyən qədər həm mənəvi-psixoloji, həm də hüquqi cəhətdən təqib edən bir amilə çevrilə bilər”.
Günel CƏLİLOVA