Futbol üzrə Şimali Makedoniya çempionu “Şkendiya”nın baş məşqççisi Jeton Beqiri Azərbaycanın “Qarabağ” komandası barədə danışıb.
Arena.az xəbər verir ki, o, bu barədə fikirlərini UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Rumıniyanın “Styaua” komandasına qarşı səfərdə keçirdikləri cavab matçından (2:1, ilk oyun 1:0) sonra bildirib.
“Şkendiya” ilə “Qarabağ” ÇL-in üçüncü təsnifat mərhələsində qarşılaşacaqlar. İlk matç avqustun 5-də Şimali Makedoniyada, cavab görüşü avqustun 12-də Bakıda keçiriləcək.
Keçirdiyi mətbuat konfransında 43 yaşlı mütəxəssis əvvəlcə “Styaua”nı keçmələri haqda danışıb:
“Bu, çox emosional bir oyun idi. Lakin mən bütün həftə futbolçulara deyirdim ki, əgər özümüzə inansaq, cəsarətli olsaq və burada qalib gəlməyin mümkün olduğuna inansaq, yalnız o zaman növbəti mərhələyə keçmək şansımız olacaq. Bilirdim ki, imkanlarımız olacaq və şükürlər olsun ki, biz onlardan istifadə etdik və indi Çempionlar Liqasının növbəti mərhələsindəyik. Bu, bütün klubun – illərdir dayanmadan sərmayə qoyan sahiblərdən tutmuş, rəhbərlik, administrasiya, futbolçular və bu gün Buxarestdə bizi dəstəkləyən azarkeşlərə qədər – ortaq uğurudur və onlara təşəkkür edirəm.”
Jeton Beqiri Rumıniya tərəfindən olan təxribatçı fikirlərə də reaksiya verib:
“Mən elə bir insanam ki, hər komandaya hörmət edirəm – təkcə Rumıniya İkinci Liqasının yox, Üçüncü Liqasının klublarına da. Futbol meydanda oynanılır, bəyanatlarla yox. Futbolda fərqi milyonlar və ya avrolar deyil, bəzən həmin an oyuna hansı ürəklə və hansı ehtirasla yanaşdığın yaradır”.
Jeton Beqiri “Qarabağ” haqda isə bunları deyib: “Növbəti rəqibimiz olan “Qarabağ” komandasına mütləq hörmətlə yanaşmalıyıq. Bu, “Styaua” kimi ciddi və yaxşı təşkilatlanmış bir komandadır. Mənim və futbolçularım üçün əsas məsələ formamıza hörmətlə yanaşıb maksimum gücümüzü sərf etməkdir. Sonrasını meydandakı oyun göstərəcək”.