AZ

Peşə təhsilinə maraq artır - Yeni ixtisas təsnifatı olacaq

Peşə təhsili gənclərin məşğulluq səviyyəsinin yaxşılaşdırılması baxımından çox əhəmiyyətlidir. Bu əhəmiyyətini nəzərə alaraq ölkəmizdə peşə təhsilinin inkişafına xüsusi diqqət göstərilir. 

Ölkə.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bunun nəticəsində peşə təhsili hazırda ölkəmizdə ardıcıl irəliləyişlərin baş verdiyi sahələrdən birinə çevrilib.

2026-cı ilə qədərki dövrün strateji hədəfləri yaxındır

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq peşə təhsilinin inkişafı üçün hədəflər artıq müəyyən edilib. Sənədə uyğun olaraq, peşə təhsilinin əhatə dairəsi və keyfiyyəti ildən-ilə artırılır. Əmək bazarının tələblərinə cavab verən peşə təhsilini inkişaf etdirmək üçün işəgötürənlərlə əməkdaşlıq genişləndirilir. Sahibkarların peşə təhsili sisteminə inteqrasiyası sürətlənir. Peşə təhsili sistemində maliyyələşmə və idarəetmə sistemi təkmilləşdirilir, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsi artırılır.

Dövlət büdcəsindən hər il ayrılan vəsait artır

Peşə sahəsinin inkişafı həm də ölkədə peşə təhsilinə marağın artması ilə bağlıdır. Artan maraq ilk növbədə dövlət səviyyəsində görülən tədbirlərdən qaynaqlanır. Bunun bariz nümunəsidir ki, xüsusi peşə təhsili üzrə həyata keçirilən fəaliyyətlərə 2025-ci ilin büdcəsindən müvafiq olaraq 82.2 milyon manat vəsait nəzərdə tutulub. Qeyd edək ki, peşə təhsili müəssisələrin saxlanılması üçün 2024-cü ildə dövlət büdcəsindən 77.13 milyon manat vəsait ayrılıb.

Hədəf tələbələrin sayının 28 min nəfərə çatdırılmasıdır

Strategiyada qoyulmuş hədəfə görə, peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin sayı əlavə olaraq 11 min nəfər artırılacaq. 
Bu hədəf artıq yaxındır. 2025-2026-cı tədris ili üzrə tələbə qəbulu davam edən peşə təhsili müəssisələrinə ötən il, yəni 2024-2025-ci tədris ilində 136 ixtisas üzrə tələbə qəbulu aparılıb. Peşə təhsili müəssisələrinə 85 faizi dövlət sifarişli, 15 faizi isə ödənişli olmaqla, ümumilikdə 24.8 min nəfər qəbul olub. 2024-cü ilə aid bu rəqəmləri 2020-ci ilin göstəriciləri ilə müqayisə edəndə görürük ki, peşə təhsili müəssisələrinə qəbul 60 faiz artıb. Maraqlıdır ki, bu artım bir az da qadın cinsindən olan tələbələrin hesabınadır. Qadınların peşə təhsilində iştirakını təhlil edən mütəxəssislər 2021-ci illə müqayisədə yüksəlmə müşahidə ediblər. Belə ki, 2021-ci ildə peşə təhsilinə qəbul olanların 29.6 faizi qadın idisə, bu rəqəm 2024-cü ildə 36%-ə faizə çatıb. 

Qəbul planında 5.4 faizlik artım

Peşə təhsili müəssisələrinə də tələbə qəbulu planı getdikcə artır. 2025-2026-ci tədris ili üçün 78 peşə təhsil müəssisəsinin 152 ixtisası üzrə ümumilikdə 32 620 plan yeri ayrılıb. Bu isə son illərin ən yüksək göstəricisidir. Plan yerlərinin 75 faizinin dövlət sifarişli, 25 faizi isə ödənişli əsaslarladır. Ötənilki tədris ilinin rəqəmləri ilə müqayisədə yeni plan yerlərində 5.4 faiz artım var. Hədəf növbəti illərdə peşə təhsilinin əlçatanlığının daha da artırılması, 2026-cı ilə qədər peşə təhsili müəssisələrinə qəbul olunan tələbə sayının 28 min nəfərə çatdırılmasıdır.

Peşə təhsilinə marağı artıran səbəblərdən biri yüksək texniki peşə təhsili alan tələbələrin ali məktəblərə imtahansız qəbul ola bilmə imkanının yaradılmasıdır. 

Hazırda yüksək texniki peşə təhsilinə cəlb edilən tələbələrin sayı 6 min nəfərdir. Gələn ilin sonuna qədər isə bu sayın 9200-ə çatdırılması planlaşdırılır.

Peşə təhsilində hər il dövlət sifarişli yerlərin sayı artır. Belə ki, artıq plan yerlərində dövlət sifarişli yerlərin sayı 24 280-ə çatıb.
Qəbul yerlərinin 60 faizi regionlar, 40 faizi isə Bakı şəhəri üçün nəzərdə tutulub.

Yeni ixtisasların sayı artır

Hazırda peşə təhsili üzrə ixtisas təsnifatında 900-ə yaxın peşə təhsili ixtisası var. Gələn ildən yeni ixtisas təsnifatı hazırlanacaq və orada yeni ixtisaslar öz əksini tapacaq. Yeni tədris ili üçün 5-i yüksək texniki, 5-i texniki peşə ixtisası olmaqla, 10 yeni ixtisas yaradılır. “Rəqəmsal məzmun idarəçiliyi”, “İstehsalata rəqəmsal nəzarət sistemləri”, “Satış və marketinq”, “Mexatronika”, “Tədbirlərin təşkili və idarəedilməsi” üzrə yüksək texniki peşə təhsili, “3D oyun dizaynı”, “Avtomobil daşımaları operatoru”, “Rəqəmsal inşaat”, “Qaz kəmərləri çilingəri”, “Elektrik sayğacları texniki” isə yeni yaradılan texniki peşə ixtisaslarıdır.

Növbəti tədris ili üçün peşə təhsili müəssisələrinə ən çox plan yerləri “Aşpaz”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru””, “Əməliyyatçı-mühasib”, “Bərbər-vizajist-manikürçü”, “Dərzi” ixtisasları üzrə ayrılıb.

Qeyd edək ki, artıq peşə təhsili alanlar bəzi ixtisaslar üzrə diplomla yanaşı, onlara əmək bazarında rəqabət üstünlüyü qazandıracaq beynəlxalq sertifikatlar da əldə edəcəklər. Bu il beynəlxalq sertifikat əldə etmək imkanı verən 6 ixtisasa da tələbə qəbulu aparılır.

Niyə dual təhsil modelinə üstünlük verilir?

Peşə təhsili müəssisələrində dual peşə təhsilinə ayrılan yerlərin sayı artırılıb. 2025/2026-cı tədris ili üzrə 2180 tələbənin dual peşə təhsilinə cəlb edilməsi planlaşdırılıb. Ötən il bu rəqəm 1273 nəfər olub. 

Dual təhsil modelinin tətbiq edildiyi peşə təhsili müəssisələrinin sayının bu il 25-dən 28-ə yüksəldilməsi hədəf olaraq müəyyən edilib.
Dual peşə təhsili strateji önəm daşıyır. Bu təhsil modelinin əsas məqsədi təhsilalanların yalnız nəzəri biliklərlə deyil, eyni zamanda real iş şəraitində praktiki bacarıqlara yiyələnməsidir.

Bu məqsədə çatmaq üçün hər bir ixtisas üzrə əmək bazarında fəaliyyət göstərən aparıcı işəgötürənlərlə sıx və məqsədyönlü əməkdaşlıq qurulur. Birgə fəaliyyət, tədris planlarının real tələblərə uyğun formalaşdırılması və praktik təcrübə imkanlarının yaradılması bu əməkdaşlığın əsas sütunlarıdır.

Bu modelin üstünlüyü ondadır ki, işəgötürənin tələblərinə uyğun olaraq təlimin forması, təcrübə şəraiti və təhsil planı çevik şəkildə uyğunlaşdırılır. Bu yanaşma həm məzunların işə hazırlıq səviyyəsini artırır, həm də müəssisələrin bilikli və bacarıqlı kadr ehtiyacını qarşılayır. Məhz bu səbəbdən dual təhsil modelinin əhatə dairəsini daha da genişləndirmək üçün davamlı işlər görülür. Bu model peşə təhsili ilə sənaye sektoru arasında canlı körpü rolunu oynayır və nəticə etibarilə həm tələbə, həm müəssisə, həm də ümumilikdə ölkə iqtisadiyyatına xeyir verir.

9 peşə təhsili müəssisəsində adambaşına maliyyələşmə mexanizmi tətbiq olunur 

Peşə təhsili sistemində maliyyələşmə və idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən mühüm addımlardan biri peşə təhsili üzrə adambaşına maliyyələşmənin tətbiqidir. Ölkə Prezidentinin “Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Fərmanına əsasən, hazırda 9 peşə təhsili müəssisəsində adambaşına maliyyələşmə mexanizmi tətbiq olunur. Onlardan biri – Bərdə Dövlət Peşə Təhsil Mərkəzi 2025-ci ilin yanvarından bu sistemi tətbiq edir.

Peşə təhsilində “Böyük qayıdış” həyəcanı

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə də peşə təhsil müəssisələri qurulur, doğma yurdlarına qayıdanlar qısamüddətli və ixtisasartırma təlimlərinə cəlb olunurlar.

Hazırda Şuşa Dövlət Peşə Təhsil Mərkəzində əsaslı təmir, Füzuli Dövlət Peşə Təhsil Mərkəzində yenidənqurma işləri davam etdirilir. Bu il həm də əlavə peşə təhsili müəssisələrinin layihələndirmə işlərinə başlanılacaq.

Ümumilikdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq təşkil edilən qısamüddətli təlimlər 10 peşə təhsil müəssisəsində 42 ixtisas üzrə keçirilir. İndiyədək ölkədə Dövlət Proqramı çərçivəsində 848 nəfər təlimlərə cəlb olunub.

Seçilən
22
1
olke.az

2Mənbələr