30 iyul 2025-ci il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan HR İnstitutunun tərəfdaşlığı ilə Azərbaycan İdman Akademiyasında “Gənclərlə iş dünyasına baxış: İnsan resurslarının gözü ilə” adlı forum keçirilib.
Forumun əsas məqsədi gəncləri peşəkar HR-larla bir araya gətirərək əmək bazarına hazırlamaq, onların iş həyatında uğur qazanmaları üçün vacib olan bacarıqları və yanaşmaları aşılamaq həmçinin şəbəkələşmə imkanlarını təmin etmək olub.
Tədbirin açılışında teleaparıcı Kubra Fərəczadə iştirakçıları salamlayıb. Ardınca rəsmi çıxışlarla forumun mahiyyəti və əhəmiyyəti diqqətə çatdırılıb. Açılış mərasimində çıxış edənlər arasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Azərbaycan Respublikasının Gənclər Fondunun Daxili nəzarət və monitorinq şöbəsinin müdiri Pərviz Mirələmli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov yer alıblar.
Forum çərçivəsində “Karyera və XXI əsrin bacarıqları” mövzusunda panel müzakirəsi keçirilib. Moderator qismində çıxış edən Emil Hüseynov əmək bazarının dəyişən tələbləri və gələcək trendlər barədə fikirlərini bölüşüb. Paneldə spiker qismində “PAŞA Bank”ın İstedadların cəlbi və işə qəbul şöbəsinin rəhbəri Fidan Hüseynova, “Demir Cargo”nun İnsan Resursları rəhbəri Günel Binnətli, “AzTelco Group”un İnsan Resursları direktoru Esmira İbrahimova, təhsil və karyera üzrə ekspert Lətifə Nəsibova iştirak edərək öz təcrübələrini bölüşüblər.
Müzakirələrdə gənclərin karyera planlaşdırması, işə qəbul prosesində diqqət yetirilməli məqamlar, əmək bazarında gəncləri gözləyən imkanlar və çətinliklər kimi mövzulara toxunulub. Panel sessiyasının sonunda keçirilən sual-cavab hissəsində iştirakçılar onları maraqlandıran sualları birbaşa mütəxəssislərə ünvanlama imkanı əldə ediblər.
Forumun praktiki hissəsində isə Azərbaycan Dəmir Yolları” QSC-nin İşə qəbul şöbəsinin rəhbəri Samirə Məmmədovanın təqdimatında CV yazılması və müsahibəyə hazırlıq mövzusunda təlim keçirilib. Təlimdən sonra təşkil olunan müsahibə simulyasiyası isə iştirakçılara işə qəbul prosesini real şəkildə təcrübə etmək imkanı yaradıb.
“Gənclərlə iş dünyasına baxış” forumu gənclərin iş dünyasına daha hazırlıqlı olmalarına, HR sahəsindəki peşəkarlarla birbaşa əlaqə quraraq şəbəkələşməsinə və gələcək karyera məqsədlərinə daha peşəkar yanaşmalarına zəmin yaradıb.







