AZ

"Onlar anti-Azərbaycan mövqeləri ilə tanınan şəxslərdir" - Səbinə Salmanova

Yazını böyüt
Yazını kiçilt

“Fransa Milli Assambleyasında Azərbaycana qarşı irəli sürülmüş növbəti qətnamə layihəsi bir daha göstərdi ki, bu ölkədə bəzi siyasi dairələr Cənubi Qafqazda sülhə və sabitliyə qarşı qərəzli və təhlükəli yanaşmalarını davam etdirirlər. Qətnamə müəllifləri isə daim erməni lobbisinin təsiri altında fəaliyyət göstərən və anti-Azərbaycan mövqeləri ilə tanınan şəxslərdir”.

Bu fikirləri hafta.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Deputatın sözlərinə görə, Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının irəlilədiyi bir mərhələdə – xüsusilə Əbu-Dabi görüşündən dərhal sonra belə bir qətnamə təşəbbüsünün ortaya atılması Fransanın sülh prosesindən narahat olduğunu və prosesdən kənarda qalmasını həzm edə bilmədiyini açıq şəkildə sübut edir:

“Fransa Milli Assambleyası tərəfindən irəli sürülən bu kimi qətnamələr beynəlxalq hüquqa zidd olmaqla yanaşı, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlikdir. Bu sənəd reallıqların təhrif edilməsi, yalan məlumatlar üzərindən siyasi nəticələr çıxarılması, rəsmi Parisin hansı maraqlara xidmət etdiyini aydın göstərir. Fransa, bir tərəfdən, Azərbaycanın ünvanına “demokratiya”, “insan haqları” kimi anlayışlardan sui-istifadə edir, digər yandan, öz daxilində – Yeni Kaledoniya, Polineziya, Qvadelupa və digər müstəmləkə ərazilərində yerli xalqların azadlıq çağırışlarını amansızcasına boğur. Bu, Fransa dövlətinin açıq-aşkar ikili standartlara əsaslanan neokolonial siyasətinin göstəricisidir”.

Deputat bildirir ki, Fransanın Azərbaycana qarşı bu cür qərəzli yanaşmalarının bir səbəbi də Bakı Təşəbbüs Qrupu tərəfindən Yeni Kaledoniyaya göstərilən beynəlxalq dəstəkdir:

“Görünən odur ki, Azərbaycanın bu sahədə apardığı ədalətli təşəbbüslər Fransada ciddi narahatlıq doğurur və cavab olaraq ölkəmiz əleyhinə qondarma qətnamə layihələri ilə cavab verməyə çalışırlar. Azərbaycan dövləti və xalqı bu kimi qərəzli və siyasi motivli hücumlara qarşı hər zaman milli maraqlara, beynəlxalq hüquqa və prinsipial mövqeyə əsaslanan qətiyyətli siyasət nümayiş etdirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və milli maraqlara söykənən siyasət Azərbaycanın regional və beynəlxalq miqyasda etibarlı tərəfdaş və real sülh təminatçısı kimi mövqeyini gücləndirib. Fransa və onunla eyni mövqeni bölüşən dairələr anlamalıdırlar ki, Azərbaycanın iradəsinə heç bir təzyiq təsir göstərə bilməz. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və Cənubi Qafqazdakı proseslərə hər hansı xarici müdaxiləyə yol verilməyəcək”.

Seçilən
18
3
hafta.az

4Mənbələr