AZ

İmtahan şəbəkəsi DİM-in suallarını necə əldə edib? - Ekspert: "Abituriyent sualı pıçıltı ilə səsləndirdikdə..."

  Son zamanlar qəbul imtahanlarında saxtakarlıq və qanunsuz müdaxilə halları ilə bağlı ictimaiyyətə açıqlanan məlumatlar, bu sahədə ciddi nəzarət və qabaqlayıcı tədbirlərin zəruriliyini bir daha gündəmə gətirir.

Referns xəbər verir ki,Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, bu məsələ əslində Dövlət İmtahan Mərkəzinin (DIM) qəbul imtahanlarında imtahan qaydalarını pozan fərdi şəxslərlə bağlı deyil. Onun sözlərinə görə, söhbət daha geniş və təşkilatlanmış bir cinayətkar şəbəkədən gedir:

“Məlum olub ki, əvvəlcədən planlaşdırılmış bu şəbəkə qəbul imtahanlarına müdaxilə məqsədilə fəaliyyət göstərib. Onlar bəzi abituriyentlərin köçürməsinə kömək etmək üçün xüsusi texniki vasitələrdən, o cümlədən dinləyici rabitə sistemlərindən istifadə ediblər. Bu rabitə vasitələri imtahan zallarına gizli şəkildə ötürülür və xaricdən idarə olunaraq abituriyentlərə cavabların çatdırılmasına şərait yaradılırdı. Həmin şəbəkə ilə yanaşı, imtahan nəticələrinin guya dəyişdirilməsi, balların artırılması ilə bağlı sosial şəbəkələrdə yalan məlumatlar yayan və valideynləri, abituriyentləri aldadaraq pullarını mənimsəyən başqa qruplar da fəaliyyət göstərirdi. Bu fırıldaqçılıq halları Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ifşa edilib və bir sıra şəxslər məsuliyyətə cəlb olunub”.

Nurəliyev qeyd etdi ki, DİM bu istiqamətdə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün müvafiq qurumlara müraciət edib və Dövlət Təhlükəsizliyi Xidməti ilə əməkdaşlıq çərçivəsində xüsusi əməliyyatlar həyata keçirilib:

“Bu əməliyyat nəticəsində imtahan prosesinə texniki müdaxilə edən komanda ifşa olunub. Məlum olub ki, bu şəbəkələr tərəfindən istifadə edilən cihazlar arasında qulağın iç hissəsinə yerləşdirilən, xaricdən idarə edilən xüsusi mikroqulaqcıqlar da olub. Abituriyent sualı pıçıltı ilə səsləndirdikdə, xaricdəki şəxs sualı dinləyərək cavabı abituriyentə ötürürdü və o da cavabı kodlaşdıraraq cavab vərəqində qeyd edirdi".

Ekspert həmçinin bildirdi ki, digər bir təhlükə isə sosial şəbəkələrdə yayılan və imtahan nəticələrinin dəyişdirilməsi və ya balların artırılması ilə bağlı vədlər verən saxta reklam və videolardır.

"Bu yalan məlumatlarla valideynlərin psixoloji vəziyyətindən istifadə olunur, onlara ümid verilir və nəticədə pulları mənimsənilir. Halbuki Dövlət İmtahan Mərkəzinin sisteminə kənar müdaxilə texniki cəhətdən mümkün deyil. Mən düşünürəm ki, bu cür halların qarşısının alınması üçün həm hüquq-mühafizə orqanları, həm də ictimaiyyət birgə fəaliyyət göstərməlidir. Ümid edirik ki, yaxın gələcəkdə bu cür şəbəkələrin tam ifşa olunması ilə bağlı daha geniş məlumatlar ictimaiyyətə təqdim ediləcək”,- deyə R.Nurəliyev sonda vurğuladı.

Seçilən
0
1
referans.az

2Mənbələr