Bakı, 31 iyul, AZƏRTAC
Motosiklet, moped, skuter, həmçinin velosiped kimi nəqliyyat vasitələrinin səbəb olduğu yol-nəqliyyat hadisələrində ağır xəsarət və ölüm halları daha çox olur. Sürücülər anlamalıdırlar ki, qəza baş verdikdən sonra zamanı geri qaytarmaq istəyi heç vaxt reallaşmayacaq. Amma baş verən hadisələrdən nəticə çıxarıb, nəqliyyat vasitəsini qaydalar çərçivəsində idarə edərək, ara məsafəsini gözləyərək, sürət həddini aşmayaraq, svetoforun qadağanedici nişanında keçməyərək, təhlükəli manevrlər etməyərək qəzalardan yayınmaq mümkündür.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə etdiyi müraciətdə bildirilib.
Qeyd olunub ki, NİİM bu cür nəqliyyat vasitələrinin sürücüləri ilə bağlı davam etdirilən profilaktik tədbirlər zamanı hər bir qayda pozuntusunun müxtəlif ağır nəticələrə səbəb ola biləcəyini diqqətə çatdırır. Onlara real qəza videoları izlədilməklə hadisələrin baş vermə səbəbləri daha aydın göstərilir.
“İkitəkərli nəqliyyat vasitələrinin sürücülərinə bir daha müraciət edirik ki, ağır faciələrə səbəb olmamaq üçün yola çıxarkən bütün hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaq, qaydalara riayət etmək lazımdır”, - deyə müraciətdə vurğulanıb.