AZ

Kadi Borges: Çempionlar Liqasında daha da irəli getmək istəyirik

Bakı, 31 iyul, AZƏRTAC

Bizim üçün yaxşı oyun keçdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın futbolçusu Kadi Borges UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubunu iki oyunun nəticəsinə əsasən 4:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlmələri barədə danışarkən deyib.

29 yaşlı yarımmüdafiəçi yeni mövsümə uğurlu start vermələrinin komandaya gələcək oyunlarda müsbət təsir edəcəyini bildirib: “Düzdür, hər mövsümün əvvəlində futbolçular müəyyən qədər əziyyət çəkirlər. Çünki yenidən əvvəlki formanı bərpa etməlisən. Lakin biz “Şelburn”la keçirdiyimiz iki matçda yaxşı çıxış etdik. Cavab görüşündə qol şanslarımız oldu. Təəssüf ki, penaltidən yararlana bilmədim. Bu, futboldur, bəzən istəmədiyin hadisələr olur. Penalti zərbəsini Qurban Qurbanovun tapşırığı ilə vurdum”.

Braziliyalı futbolçu Çempionlar Liqasındakı hədəflərindən də danışıb: “Növbəti mərhələ çətin olacaq. Üçüncü raunda yaxşı hazırlaşmalıyıq. Bu turnirdə daha da irəli getmək istəyirik”.

Ağdam klubu növbəti raundda Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq. Tetovo təmsilçisi II təsnifat mərhələsində Rumıniyanın FCSB klubunu mübarizədən kənarlaşdırıb. Şimali Makedoniyadakı ilk matçda rəqibini minimal hesabla üstələyən “Şkendiya” cavab görüşündə də qələbə qazanıb - 2:1.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları avqustun 5-6-da keçiriləcək.

Seçilən
38
1
azertag.az

2Mənbələr