102 yaşlı şəhid atası ağır travmadan sonra uğurla əməliyyat olunub.
Bu barədə Modern.az-a Universal Hospitaldan bildirilib.
Məlumata görə, bu ilin 25 iyulunda şəhid atası, 102 yaşlı Hüsü Şəkəralıyev yaşadığl evdə yıxılaraq ciddi xəsarət alıb. Təcili olaraq Bakıda yerləşən Universal Hospitala çatdırılan pasiyentə sağ bud sümüyü başının yerdəyişmiş sınığı diaqnozu qoyulub. Yaşına və yanaşı xəstəliklərinə baxmayaraq, həkimlər onu əməliyyata almaq qərarına gəlib.
Pasiyentin ailəsinə əməliyyatın zəruriliyi və mümkün risklər ətraflı izah olunub. Ailənin razılığı ilə əməliyyat qərarı qəbul edilib. Daha az riskli sayılan spinal anesteziya ilə sağ bud-çanaq oynağının endoprotezləşdirilməsi (bipolyar protez implantasiyası) əməliyyatı həyata keçirilib. Əməliyyatı Uzman travmatoloq-ortoped Şamil Səfərəliyev və uzman travmatoloq-ortoped Elşən Hacıyev edib.
Təxminən 1 saat davam edən müdaxilə texniki cəhətdən uğurla başa çatıb. Əməliyyatdan bir gün sonra pasiyentə erkən reabilitasiya məqsədilə fizioterapiya təyin olunub. Hazırda Hüsü Şəkəralıyev sərbəst şəkildə yeriyir, stasionar müalicəsi isə uğurla davam edir.
Universal Hospitaldan verilən məlumata görə, əməliyyat Ortopediya, Anesteziya və Reanimasiya şöbələrinin əməkdaşlarının birgə səyi ilə həyata keçirilib.
Hospitaldan bildirilib ki, 102 yaşlı şəxsin sağlamlığına qovuşması üçün bütün kollektiv səfərbər olub:
“Yaşından və xəstəliyin mürəkkəbliyindən asılı olmayaraq biz hər bir pasiyentə fərdi yanaşma göstəririk. Məqsədimiz - sağlamlıq yolunda etibarlı dəstək olmaq və pasiyentin gündəlik həyatına qayıtmasını təmin etməkdir”.
Qeyd edək ki, bu hadisə yaşlı pasiyentlərin də düzgün tibbi müdaxilə və peşəkar yanaşma ilə sağlamlıqlarına qovuşa biləcəyini göstərən örnək kimi qiymətləndirilir.