AZ

İran su böhranı ilə üz-üzə, ekspertlər İsrailin təcrübəsini çıxış yolu kimi göstərir

İranda hazırda yaşanan su problemi təkcə qıtlıq deyil.  Bu, sistemli və dərinləşən bir böhrandır. Su anbarlarının quruması, su təzyiqinin aşağı düşməsi və sənayenin çökməsi ölkənin bir çox bölgəsini humanitar fəlakət astanasına gətirib.

Şahidlərin bildirdiyinə görə, əvvəllər su ilə dolu olan anbarlar indi dayaz gölməçələrə çevrilib. Şəhərlərdə çoxmərtəbəli binalarda kranlardan saatlarla su gəlmir, insanlar su maşınlarının ardınca qaçır və hər damlanı qoruyur.

Hökumət nümayəndələri və beynəlxalq ekspertlər bu böhranın yalnız iqlim dəyişikliyi ilə bağlı olmadığını, həm də onilliklər boyunca səriştəsiz idarəetmə, korrupsiya və infrastrukturun köhnəlməsi ilə əlaqəli olduğunu bildirirlər.

Böhranın coğrafiyası və miqyası


Mənbələrə əsasən,  Tehranda su anbarlarının doluluğu cəmi 8–14%-dir, bölgədə fasiləli su verilişi tətbiq olunur.

Təbrizdə su ehtiyatları 75 günə kifayət edəcək.

İsfahanda Zayəndərud çayı tamamilə quruyub, 5,2 milyon insan sabit su təchizatından məhrum qalıb.

Cənub vilayətlərində, xüsusilə Xuzistanda temperatur +50°C-yə çatır, Karun çayı sürətlə quruyur, zavodlar fəaliyyətini dayandırıb, bəndlər və anbarlar tamamilə boşdur.

Hazırda ölkə üzrə 334 şəhər “qırmızı zona”ya düşüb, onlardan 107-sinin əhalisi 17,2 milyon nəfərdir.

İqtisadi təsirlər və təhlükələr

İranın sənaye və kənd təsərrüfatı sektoru su çatışmazlığından əziyyət çəkir.  18 vilayətdə müəssisələrin bağlanması nəticəsində aylıq 1–2 milyard dollar zərər qeydə alınıb.

Hidroelektrik stansiyaların gücünün azalması elektrik enerjisinin gündə 12 saata qədər kəsilməsinə səbəb olub.

Əkin sahələrinin 12%-i sıradan çıxıb, məhsuldarlıq azalıb və ərzaq təhlükəsizliyi riski yaranıb.

Ümumilikdə, su böhranı İrana ildə 12–24 milyard dollar iqtisadi zərər vurur. Əgər təcili islahatlar aparılmasa, 2030-cu ilə qədər bu zərərin ÜDM-nin 7–10%-nə bərabər olması gözlənilir.

Struktur problemlər və siyasi iradənin olmaması

İranın su böhranı illərdir göz önündə idi. Problem şah dövründən bu yana mövcuddur, lakin hökumətlər yalnız "narahatlıq ifadə etməklə" və ya ictimaiyyətə "suya qənaət etməyi" tövsiyə etməklə kifayətləniblər. Nəticədə, əhali bu çağırışlara reaksiya verməyib, su isə tədricən yox olub.

Prezident Məsud Pezeşkiyan da etiraf edib ki, “bu böhran keçmişdə verilmiş yanlış qərarların və səmərəsiz idarəçiliyin nəticəsidir.”

Son 30 ildə ölkənin bərpa olunan su ehtiyatları 30% azalıb – 132 milyard kubmetrdən 90 milyarda düşüb.

Ənənəvi kənd təsərrüfatı texnologiyalarının istifadəsi nəticəsində su resursları qeyri-effektiv şəkildə sərf olunur. Borular və bəndlər köhnəldiyindən 40%-ə qədər su itkisi baş verir.
Əlavə olaraq, yeraltı suların həddindən artıq istismarı səbəbilə qrunt sularının səviyyəsi hər il 2–3 metr aşağı düşür.

Əhali axını və fəlakət ssenarisi

Ekspertlər xəbərdarlıq edir ki, mövcud kurs dəyişməzsə, İranda 15–20 milyon daxili miqrant yaranacaq. Bu miqyasda daxili köç humanitar, sosial və siyasi fəsadlara səbəb ola bilər.

Alternativ model: İsrailin təcrübəsi

İranın yaxınlığında yerləşən İsrail oxşar problemləri 20–30 il ərzində sistemli şəkildə həll etməyə nail olub.

İsrail ərazisinin 60%-i səhralıq olmasına baxmayaraq, bu gün ölkə təkcə özünü deyil, həm də İordaniya və Fələstin ərazilərini su ilə təmin edir.

Ölkə dəniz suyunun duzsuzlaşdırılması texnologiyaları ilə içməli suyun 80%-ni əldə edir. 2030-cu ilə qədər bu həcm 900 milyon kubmetrə çatdırılacaq.

İsrail həmçinin suyun təkrar istifadəsi sahəsində dünya lideridir.

Damcı suvarma texnologiyası (1959, Simxa Blass) kənd təsərrüfatında su istehlakını ənənəvi üsullarla müqayisədə 40–60%-dən 5%-ə endirib.

86% çirkab su təmizlənərək kənd təsərrüfatı üçün istifadə olunur.

Şafdan adlı təmizləyici zavod Negev səhrasında kənd təsərrüfatı üçün lazım olan suyun 60%-ni təmin edir.

Yağış sularının biofiltrasiyası isə hər il 260 milyon kubmetr əlavə su ehtiyatı yaradır.

Siyasi baryerlər və fürsət pəncərəsi

2018-ci ildə İsrail rəsmi şəkildə İrana texniki yardım təklif etmişdi. Lakin Tehran bu təşəbbüsü "mənasız xülyalar" adlandıraraq rədd etmişdi. İki ölkə arasındakı diplomatik münasibətlərin olmaması bu əməkdaşlığı mümkünsüz etmişdi.

İndi sual budur: İran bu dəfə ideoloji prinsiplərini bir kənara qoyaraq, öz xalqının rifahını önə çəkəcəkmi?

İsrailin təcrübəsi göstərir ki, texnologiya, düzgün idarəetmə və beynəlxalq əməkdaşlıq vasitəsilə böhran nəinki dayandırıla, hətta su bolluğuna çevrilə bilər.

N.Təbrizli

Seçilən
13
anews.az

1Mənbələr