Məşhurlar QHT-nin erkən nikahlarla bağlı çağırışına qoşuldular
“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin “Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” adlı layihə çərçivəsində başlatdığı “erkən nikaha dur” deyək kampaniyasına tanınmış şəxslər qoşulub. 1news.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində artıq 50-yə yaxın tanınmış şəxsdən müsahibə götürülüb. Müsahibələrdə tanınmış şəxslər qızları erkən yaşda ailə qurmağa deyil, təhsilə yönləndirməyi tövsiyə edirlər. Xalq və əməkdar artistlərin, yazçıların, hüquqşünasların, ictimai xadimlərin qoşulduğu kampaniya avqustun sonuna qədər davam edəcək. Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihənin əsas məqsədi maarifləndirmə yolu ilə valideynlərə, həmçinin nikah yaşına çatmayan qız və oğlanlara erkən nikahın fəsadları barədə məlumat vermək, o cümlədən qız uşaqlarının təhsildən uzaqlaşdırılmasının, ailə məsuliyyətini dərk etməyən cütlüyün belə bir yükə məhkum edilməsinin, belə ailələrin uğursuz olmasının, xüsusilə qızların ağır bioloji və psixoloji travma almalarını diqqətə çatdırmaq, həmçinin dövlətin müvafiq strukturlarının bu istiqamətdə apardığı işlərə dəstək göstərməkdir.