"Düşmən növbəti dəfə birbaşa nişan almaqla doqquzmərtəbəli yaşayış binasını vurub..."
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloqun qızı Meqan Mobbs bildirib ki, Rusiyanın 2025-ci il iyulun 31-nə keçən gecə Kiyevə kütləvi gecə hücumu Amerika liderinin müəyyən etdiyi müddətə Kremlin birbaşa cavabıdır.
Moderator.az bu haqda "TSN"-ə istinadla xəbər verir.

"Kiyev böyük PUA hücumu ilə üzləşir. Səhv etməyin, bu, Putinin prezident Trampın müəyyən etdiyi müddətə cavabıdır. O, Amerikanın qətiyyətini və gücünü sınayır. Biz zəif olmamalıyıq", - Mobbs vurğulayıb.
Xatırladaq ki, iyulun 31-nə keçən gecə Ukraynanın paytaxtı ən kütləvi raket və dron hücumlarından birinə məruz qalıb. Hava hücumundan müdafiə sistemi bir neçə atış dalğası şəraitində işləyib, Kiyevin müxtəlif ərazilərində partlayışlar və yanğınlar qeydə alınıb.
"NV" kanalının son dəqiqələrdə yaydığı məlumata görə,Kiyev şəhər hərbi administrasiyasının(ŞHA) rəhbəri Timur Tkaçenko iki nəfərin həlak olduğunu, 52 nəfərin isə yaralandığını bildirib. Onlardan 30-a yaxını xəstəxanalardadır. Yaralılar arasında 9 uşaq da var. O qeyd edib ki, yaralıların sayı artacaq.
"Saat 4:47-də(Bakı v. 5:47-S.L) məlumat aldım ki, düşmən növbəti dəfə birbaşa nişan almaqla yaşayış binasını vurub: Svyatoşinski rayonu, doqquzmərtəbəli bina... Adi yaşayış binası...", - Tkaçenko vurğulayıb.
Daha sonra Kiyev meri V.Kliçko yaralıların sayının 53-ə çatdığını bildirib.
Kiyev ŞHA rəhbəri T.Tkaçenkonun 08:42-də verdiyi məlumata görə, Ukrayna paytaxtına hücum nəticəsində ölənlərin sayı 6-ya yüksəlib...
S.Laçın