Coşqun Diniyev klubsuzdu. 29 yaşlı yarımmüdafiəçi bu ilin fevralında keçdiyi “Çorum”dan da ayrıldı.
Türkiyənin 1-ci liqa klubu ilə futbolçu 2026-cı ilin yayına qədər qüvvədə olan müqaviləni qarşılıqlı razılıq əsasında pozub.
Ötən mövsümün qış “transfer pəncərəsi”ndə “Bandırmaspor”dan ayrılan Coşqun sonradan superliqada oynamaq arzusu ilə “Çorum”a transfer olunmuşdu. Lakin 2024/25 mövsümünün sonunda “Bandırmaspor” pley-offda oynasa da, “Çorum” turnir cədvəlinə əsasən bu imkandan məhrum idi. Deməli, həmyerlimiz fevralda iş yerini dəyişərkən doğru qərar verməmişdi.
“Çorum” Coşqunun Türkiyə karyerasında artıq üçüncü 1-ci liqa klubu idi. Qonşu-qardaş ölkəyə qədəmlərini “Ümraniyəspor”da qoyan yarımmüdafiəçi burda bir mövsüm keçirdi, 30 oyuna çıxdı, üç qolla yadda qaldı. “Bandırmaspor”da 14 oyuna çıxsa da, qol vura bilmədi. “Çorum” karyerasında 11 oyuna çıxan Coşqun debüt oyununa iki qol vurdu, daha sonra, sadəcə bir məhsuldar ötürmə verə bildi.
Görünür, klub rəhbərliyi və məşqçi korpusu Coşqunu istəməyib. Ya da Coşquna başqa klubdan təklif var, ona görə ayrılır. Hələ ki dəqiq heç nə yoxdu.
Amma başqa bir reallıq göz önündədi: Coşqun artıq Türkiyədə üç klubda oynayıb, hələ də superliqanın autsayderlərinin belə diqqətini çəkmir. Yığmamızın əsas futbolçularından biri niyə Türkiyənin 1-ci liqa səddini aşa bilmir? Bundan sonra hansı kluba gedəcək? Daha bir Türkiyə 1-ci liqa təmsilçisinə keçəcək, yoxsa Azərbaycana qayıdacaq?
Coşqun, unutma, Qırğızıstan da var, “Abdış-Ata”, “Dordoy” və başqa klublardan da istəyən olar, qətiyyən əldən qaçırma. Superliqa təmsilçisi aşağı maaş təklif etsə, getmə. Salamatı elə Türkiyənin 1-ci liqasıdı.
Zarafat bir yana, Azərbaycan millisinin futbolçusunun Türkiyənin aşağı liqasında bir klubdan başqasına “sürünməsi” çox acınacaqlıdı. Coşqun Türkiyə karyerasına start verəndə arzularımız heç olmasa, superliqa idi. O isə bir mövsümə iki klub dəyişən futbolçu oldu. Karyerası məhsuldarlıq baxımdan o qədər yaxşı keçməsə də, azarkeşlər Coşqunun ayrılmasına görə üzgündü.
Fatihdinder: yanlış qərar.
Ardakerem: Zarqo və Coşqun getməməliydi.
qlidagli: Diniyevdən yaxşısının gəlməsi çətindi.
specialcorumspor: sənin üçün darıxacağıq, baba.
corumsporajans: hər şey üçün çox sağ ol, qardaş.
cemcubukcu1967: yolun açıq olsun, insan kimi insan!
onurerdemir: Diniyevi saxlamalıydız.
Göründüyü kimi, Coşqun oyunu və insanlığı ilə azarkeşlərin qəlbini fəth edə bilib. Təxminən 300 şərh gəlib, əksəri müsbətdi.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta