AZ

“Qərbi Azərbaycan folkloru”

AMEA-nın Folklor İnstitutu Elmi Şurasının qərarı ilə “Qərbi Azərbaycan folkloru” seriyasının IV cildi çap olunub.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabdakı materialları müxtəlif illərdə filologiya elmləri doktoru Hikmət Quliyev, filologiya elmləri doktoru Səfa Qarayev və fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı (Süleymanova) toplayıblar. Kitabın elmi redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlidir.

Topludakı materiallar Bakı və Naftalan şəhərlərində, Şəki və Goranboy rayonlarında və Türkiyə Cümhuriyyətinin İğdır bölgəsində məskunlaşmış Qərbi Azərbaycan sakinlərindən əldə edilib. Kitab “Mifoloji mətnlər, əfsanə və rəvayətlər”, “İnanclar”, “Türkəçarələr və bitkilər haqqında məlumat”, “Yuxuyozmalar”, “Etnoqrafik mətnlər”, “Xatirələr”, “Nağıllar”, “Lətifələr”, “Bayatı, nanay və mahnılar”, “Ağılar”, “Atalar sözləri və deyimlər”, “Alqışlar”, “Oyun və tamaşalar”, “Adlar” bölmələrindən ibarətdir.

Toplanan materiallar zəngin Azərbaycan folklorunun əsas janrlarını əhatə etməklə yanaşı, bölgəyə məxsus yerli variantları, dil və üslub xüsusiyyətlərini, eləcə də spesifik folklor çalarlarını özündə birləşdirir. 20-dən artıq nağıl nümunəsi – “Şahzadə Saleh”, “Qəşəmin nağılı”, “Atı üç qıçlı Göygöz Kosa”, “İlan oğlan Mirzəbəy və şah qızının nağılı” və digərləri həm süjet və motiv baxımından, həm də söyləyicilərinin qoruduğu ənənəvi təhkiyə üslubu ilə diqqət çəkir. Həmin mətnlərin söyləyicilərinə nəzər yetirəndə onların əksəriyyətinin ötən əsrin əvvəllərində Göyçə və Dərələyəz mahalları, Zəngibasar, Qarakilsə və Basarkeçər rayonlarında doğul¬du¬ğu məlum olur. Bu isə tədqiqatçılara əvvəlki dövrün folklor söyləyiciliyi ilə onların xələfləri arasındakı fərqləri görməyə imkan verəcəkdir. Yerli koloritin canlı şəkildə əks olunduğu mətnlər, Azərbaycanın şifahi ənənəsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

“Qərbi Azərbaycan folkloru” seriyasının növbəti cildi tarixi torpaqlarımızın əzəli sakinlərinin – Qərbi Azərbaycanlıların mənəvi dünyasının, qan yaddaşının və dil-üslub xüsusiyyətlərinin qorunub gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

XQ

Seçilən
26
3
xalqqazeti.az

4Mənbələr