Türk Dövlətləri Təşkilatı (TDT) 300 milyondan çox əhalisi, 2 trilyon dollara yaxın iqtisadi potensialı və 4,5 milyon kvadrat kilometr ərazisi ilə dünyada nüfuzunu artırır.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təşkilatın orta hesabla 4,8 faizlik iqtisadi artım tempi qlobal göstəriciləri üstələyir.
TDT və SESRIC-in birgə hazırladığı “Türk İqtisadiyyatları 2024” hesabatına görə, ən yüksək artım 6,1 faizlə Özbəkistanda və 5,1 faizlə Qırğızıstanda qeydə alınıb. Həmçinin, Türkiyə 4,5, Azərbaycan isə 1,1 faiz artım göstərib. Əsas hərəkətverici amillər kimi daxili tələb, ixrac və investisiyalar ön plana çıxır.
2023-cü ildə TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 40 milyard dollara yaxınlaşıb. Ticarətin 64 faizi Türkiyənin payına düşür. Türkiyə-Azərbaycan ticarət dövriyyəsi isə 7,5 milyard dollara çatıb.
Birbaşa xarici investisiya ehtiyatları 1 trilyon dolları keçib. Əsas investisiyalar infrastruktur, enerji və maliyyə sahələrinə yönəlib. Strateji layihələr sırasında Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və Zəngəzur nəqliyyat marşrutları yer alır. Enerji sahəsində yaşıl enerji, elektrik ötürücü xətlərin və qaz kəmərlərinin inteqrasiyası vurğulanır. Rəqəmsal sahədə süni intellekt, e-ticarət və kibertəhlükəsizlik üzrə əməkdaşlıq prioriteti yer alır.